Sevinc Azadi |
Sasunyan, Melkonyan və Karapetyan kimi uşaq qatillərinin Ermənistanda milli qəhrəman elan edilməsi siyasi və ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir
Tarixin acı dərslərindən məlumdur ki, erməni qaniçənləri mübtəla olduqları təcavüzkar niyyətləri naminə ətraf xalqlara qarşı soyqırımı cinayətləri törətməkdən, hətta yer üzünün ən sevimli varlıqları olan uşaqların qatili olmaqdan belə çəkinməyiblər. Xalqımıza qarşı ilk soyqırımı cinayətini həyata keçirdikləri gündən bu yana on minlərlə azərbaycanlının qanına bais olan ermənilər hətta ana bətnindəki körpəyə də aman verməyiblər. Ötən əsrlərdə ermənilər tərəfindən öldürülən uşaqların sayı 100 mindən çoxdur. Ötən əsrin sonlarında bu proses daha böyük vüsət alıb. Daşnakların türklərə qarşı yeritdikləri vandalizmin həqiqətən analoqu yoxdur. Təkcə uşaqlarla bağlı, körpələrlə əlaqədar onların həyata keçirdikləri qətl hadisələrinin xronoloji ardıcıllığını nəzərdən keçirəndə adamın az qala ürəyi dayanır. İnanmaq istəmirsən ki, insan adlı bir varlıq bu dərəcədə qəddarlığın sahibi ola bilsin. Təbiətdə də vəhşilər arasında bu cür münasibətin mövcudluğu müşahidə edilməyib.
1988-ci ildən başlayaraq bədnam qonşularımız tərəfindən başımıza gətirilən fəlakətlərin adı da, ağrısı da, istiqaməti də, vaxtı-vədəsi də müxtəlif oldu. Gah torpaq iddiasına düşdülər, gah soydaşlarımızı dədə-baba ocaqlarından min bir əzabla qovdular, gah qadınları, uşaqları, körpələri, yaşlıları xüsusi qəddarlıqla qətlə yetirdilər. "Ermənilərin anası" adlandırılan Silva Kaputikyan da ötən əsrin sonlarında öz qaragüruhçu kütləsi qarşısında çıxış edərək bir məsələni daha çox qabardırdı: "Sən türk öldürməkdən qürur duymalısan". Daşnak Zori Balayan "Ocaq" kitabında erməniləri türklərə qarşı tükürpədici müharibəyə çağırırdı və bu münaqişə də məhz onlar tərəfindən törədildi. 1988-ci ildə şovinistlərin yaratdıqları qara tufan nəticəsində soydaşlarımızın Ermənistan adlanan, amma əslində türklərin dədə-baba yurdu olan yerlərindən sürətlə, vəhşiliklə qovulması həyata keçirildi. Yüzlərlə insan dağları, dərələri keçərək şaxtalı, qarlı günlərdə uçqunlara düşdü. Körpələr qurd-quşa yem oldu. Bu, azmış kimi, 1988-ci il dekabrın 5-də Hamamlı (Spitak) şəhərində 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etdilər. Borunu hündür uçurumdan tullayaraq bu fidanları ağlagəlməz vəhşiliklə qətlə yetirdilər. Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyata keçirilmişdi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər.
Artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi illərdə xalqımızın 20 minə yaxın övladı həlak oldu, 50 min adam yaralandı, 400-ə yaxın qadın erməni işğalçılarının əsarətinə düşdü. Bu illər ərzində ermənilər azərbaycanlılara qarşı 32 terror aktı həyata keçirdilər. Xocalı soyqırımı əsrin faciəsi adlandırıldı.
Keçən il Qarabağda hərbi əməliyyatların başlanmasından sonra, Ermənistanın məğlub olduğu cəbhəni bir kənara qoyub döyüş zonasından xeyli uzaqda yerləşən Azərbaycanın şəhər və kəndlərini qadağan olunmuş kaset bombaları ilə atəşə tutuması və nəticədə bir hissəsi uşaq olmaqla onlarla dinc sakinin qətlə yetirilməsi ermənilərin iç üzünü bir daha dünyaya nümayiş etdirdi. Dünya fövqəldövlətlərinin sülh çağırışları və atəşkəs danışıqlarından dərhal sonra erməni tərəfin belə vəhşi hərbi cinayət aksiyasını həyata keçirməsi, əslində, onların sülh danışıqlarındakı qeyri-səmimiliyinin, xalqımıza qarşı yüz illərlə davam edən və son 30 ildə daha da şiddətlənən vəhşi nifrətinin və soyqırımı siyasətinin ən bariz nümunəsidir. Bu hadisə erməni terrorçu ordusunun uşaq qatili damğasını bir daha möhkəmləndirdi.
Bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyəti və cəmiyyəti terrorçulara “milli qəhrəman” kimi baxmaqdan, küçələrə, məktəblərə və digər müəssisələrə onların adlarını verməkdən, onların “şərəfinə” abidələr ucaltmaqdan əl çəkmir. Uşaq qatili olan Sasunyan, Melkonyan və Karapetyan kimi terrorçular Ermənistanda milli qəhrəman elan edilib. Hətta onların terror taktikası vəsf edilir, gələcək nəsilləri onların davamçısı olmağa sövq edirlər. Bu yaxınlarda Ermənistanın Masis şəhərində erməni terrorçu Monte Melkonyanın büstü qoyulub. Qeyd edək ki, M.Melkonyan birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğalında iştirak edib və əsir götürdüyü azərbaycanlılara olmazın işgəncələr verib. Sadalananlar Ermənistanda siyasi və ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir.