Sevinc Azadi |
Ermənistan rəhbərliyi Xankəndidəki “tədbirlərə” niyə qatılmadı?
Ötən ilin sonunda Azərbaycan 44 günlük müharibədə qalib gələrək ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bütün dövlətlər, ələlxüsus keçmiş SSRİ ölkələri üçün nümunə ortaya qoydu. 30 ilə yaxın davam edən işğala son qoyulması nəticəsində artıq regionda yeni münasibətlər qurulmaqdadır. Lakin onu da bilmək lazımdır ki, istənilən münaqişədə olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsinin postmüharibə dövründə də müxtəlif sualların ortaya çıxması təbiidir və yoluna qoyuması vaxt məsələsidir. Bu suallardan biri də Xankəndindəki separatçılarla bağlıdır. Belə ki, Xankəndi erməniləri və separatçı rejimin tör-töküntüləri 30 il müddətində hər il canfəşanlıqla bayram etdikləri 2 sentyabr tarixini bu dəfə matəm abu-havası ilə qeyd ediblər. İkinci Qarabağ müharibəsində itirdikləri əsgərlərin məzarlarını ziyarət edən Xankəndi erməniləri Qarabağda separatçı rejimin 30 il əvvəl elan etdiyi qanunsuz dırnaqarası müstəqillik günü münasibəti ilə heç bir parad, şənlik və ya tədbir keçirməyiblər. Musiqili yürüş əvəzinə separatçı rejimin başçısı Araik Harutyunyan başda olmaqla ermənilər qəbiristanlığa üz tutublar. Nə baş nazir Nikol Paşinyan, nə də parlament sədri Alen Simonyan gözü yolda qalan Qarabağ ermənilərini ziyarət etməyiblər. Bu isə onları daha da çarəsiz duruma salıb. Paytaxt İrəvanın mesajları isə sadəcə başsağlığından və boş bəyanatlardan ibarət olub. “Ermənistan rəhbərliyi bu il Xankəndində keçiriləcək tədbirlərə qatılmayacağı ilə bağlı qərar qəbul edib. Bunu dramatikləşdirmək və burada başqa problem axtarmaq lazım deyil”, – deyə Ermənistanın yüksək texnologiyalar Sənayesi naziri Vaqan Xaçatryan bildirib.
Ermənistan Prezidenti Armen Sərkisyan ünvanladığı müraciətində bu “əlamətdar” hadisənin 30-cu ildönümünün çox çətin bir dövrdə - 44 günlük müharibədən sonra yaranan ağır vəziyyətdə “qeyd olunduğunu” deyib. Erməni prezident bildirib ki, “arsaxın” “müstəqilliyi”nin və əhalinin toxunulmazlığının təmin edilməsi, Azərbaycandan aramsız yeni müharibə təhdidləri, “arsax”ın statusu, sosial-iqtisadi və humanitar məsələlərin həlli ümummilli gündəmin prioritetləridir: “Tariximizdə erməni dünyası üçün “arsax” və “arsaxlılar”ın hər zaman xüsusi rolu olmuşdur. Artıq ortaq erməni məsələsində səhv etməyə haqqımız yoxdur”.
Ermənistan baş naziri Nikol Paşinyan isə müraciətində, nə qədər qəribə də olsa, 44 günlük müharibə zamanı Azərbaycanın bütün səylərinə baxmayaraq, öz hədəfinə çatmadığını iddia edib. 10 noyabr kapitulyasiyasına imza atan və “müstəqillik günü” şousuna qatılmağa cəsarəti çatmayan, buna görə qısamüddətli məzuniyyətə qaçan Paşinyan deyib: “Bu gün “arsax” yaralıdır, amma israrlıdır və Ermənistan və erməni xalqının tam dəstəyinə malikdir. Ermənilər “arsax”ın “azadlığı” uğrunda mübarizədə ölənləri xatırlayır və qarşılarında baş əyirlər. “Arsax” “xalqı”nın öz müqəddəratını təyin etmək haqqı müqəddəsdir və o, güc tətbiqi yolu ilə dayandırıla bilməz. Buna görə biz bütün beynəlxalq platformalarda deyirik ki, “dağlıq Qarabağ münaqişəsi” həll edilməyib. Bunu hətta həmsədr ölkələrin bəyanatları da təsdiq edir”.
Ermənistan Xarici İşlər Nazirliyi də qondarma “arsax”ın “müstəqillik günü” ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Ermənistan münaqişənin ədalətli həlli və bölgədə sülhün bərqərar olması üçün “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmək, tarixi vətənində yaşamaq və inkişaf etmək hüququnun müdafiəsinə davam edəcək.
Qarabağda separatçı rejimin qalıqları olan “Ədalət” “fraksiyası”ndan isə bildirilib ki, son 30 ildə ilk dəfədir ki, bu “bayram” Ermənistanın yüksək vəzifəli məmurlarının iştirakı olmadan qeyd edilib. Erməni teleqram kanalları isə Qarabağ erməniləri üçün “bu kədərlidir, onurğa sütununun qırılması deməkdir”, – deyə yazıblar. Ünvanlanan ən maraqlı sual isə Nikol Paşinyan və Anna Akopyanın niyə bu gün Qarabağ ermənilərinin yanında olmaması idi. Cavab isə aydındır.. “Dəmir yumruq” Ermənistan rəhbərliyinə öz yerini göstərib. Həm erməni rəhbərliyi, həm də Ermənistan xalqı Dağlıq Qarabağ adlı münaqişənin bitdiyini, “status”un, Azərbaycan Prezidentinin dediyi kimi, gorbagor olduğunu gözəl anlayır. Sadəcə erməni xisləti, hiyləgərliyi bunu həzm etməyə imkan vermir. Bundan sonra onların Azərbaycan ərazisinə daxil olması yalnız icazə ilə mümkün ola bilərdi ki, bu da yaxın zamanlarda real görünmür.