KÖŞƏ

Sevinc Azadi

Ermənistan revanşist cəhdləri ilə təcavüzkar imicini qoruyub saxlamaqda davam edir

28 avqust 2021 01:56
2431

II Qarabağ savaşı Qələbə ilə başa çatdı. Azərbaycan öz torpaqlarını dünyanın gözü qarşısında əsgərinin gücü, hərbi potensialı ilə işğaldan qurtardı. Məlum üçtərəfli Bəyanat imzalandı və bu addımın davamı indi ortaya sülh müqaviləsinin qoyulmasını tələb edir. Azərbaycan sülh müqaviləsinin imzalanmasına hazırdır və Prezident İlham Əliyev bütün çıxışlarında bu məsələni dəfələrlə vurğulayıb. Bəs, Ermənistan? Ermənistan addımlarını yaranmış yeni vəziyyətə uyğun atırmı? Atmır!

Prezident İlham Əliyevin dediklərinə diqqət edək: “Biz istəyirik, Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir”.

Sülh müqaviləsi nə üçün lazımdır? Sülh müqaviləsinin imzalanması ilk öncə Azərbaycan-Ermənistan arasındakı münasibətləri sağlamlaşdıracaq. Sərhədlərin təhlükəsizliyinə etibarlı zəmanət verəcək. Bölgənin inkişafı üçün əhəmiyyətli addımların atılmasını tezləşdirəcək. Sülh müqaviləsi hər iki xalq arasında münasibətləri yoluna qoyulması baxımından əhəmiyyətlidir, bu həm də ermənilərə öz qonşusu ilə dil tapıb bir coğrafiyada sülh şəraitində yaşamaq şansını yaradır.

Azərbaycanın sülh üçün konkret təklifləri də var. Bunu Prezident İlham Əliyev belə əsaslandırır: “Sülhə nail olmaq üçün ölkəmizin konkret təklifləri masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Bu cür sülh Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq”.

Ermənistanın bu əməkdaşlıqdan qazanacağı aydın şəkildə belə təhlil olunur. Azərbaycanın coğrafi mövqeyi, təbii resursları, regional üstünlüyü, beynəlxalq əməkdaşlıqda əsas rol oynayan dövlətlərdən biri olması qonşu dövlət kimi Ermənistana da qazanc vəd edir. Məlumdur ki, Ermənistan təcavüzkar mövqeyi ilə uzun illər özünü bölgədə təcrid vəziyyətində saxlayıb. Nəticədə aqibəti iqtisadi gerilik, kasıb ölkəyə çevrilmək olub. Əhalisi ayrı-ayrı ölkələrə miqrasiya edib və bu proses davam etməkdədir. Üstəlik, II Qarabağ savaşında uduzdu, böyük əsgər itkisi yaşadı, çox sayda hərbi texnikasını itirdi, başqa sözlə, bütün gücünü əldən verdi. Belə bir dövlətin sülh müqaviləsi məsələsində nümayiş etdirdiyi ləngliyi, qeyri-müəyyənliyi başa düşmək olmur və suallar yaranır: Ermənistan hansı imkanlarına güvənir? Yaxud kimə güvənir?

"Birinci məqsəd Ermənistanı gücləndirməkdir. Ümid edək ki, maraqlarımız yalnız Rusiya ilə üst -üstə düşəcək" - bu açıqlamanı Ermənistanın hərbi-siyasi analitiki Mher Akopyan armenpress-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ermənistanın məqsədi Rusiyadan silahları alaraq güclənib, Azərbaycana qarşı istifadə etməkdir: "Çalışacayıq ki, Azərbaycan sürüşəndə o sürüşmədən istifadə edə bilək. Əlbəttə ki, yaxşı olardı ki, bütün ölkələr öz silahlarını istehsal etməyi bacarsınlar amma o qədər müxtəlif növ silah var ki, həqiqətən istehsal edə bilərik demək çətindir. Ancaq sual budur ki, ordu üçün ehtiyac duyduğumuz silahların neçə faizini əldə etmək mümkün olacaqdır. Bu məsələdə konkretləşdirməyə ehtiyac var"deyə Mher Akopyan bildirib.

Qeyd edək ki, Akopyanın belə dil-dil ötməyinə səbəb avqustun 11-də Moskvada Ermənistan Respublikasının müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə görüş olub. Nazirin erməni həmkarını müdafiə naziri vəzifəsinə gəlməsi münasibətilə təbriki və görüşdə Karapetyana xəncər hədiyyə etməsi böyük rezonansa səbəb olmuşdur. Məhz bu hadisədən sonra Ermənistanın Rusiyadan silah tədarükü prosesi başlaması ilə bağlı xəbərlər yayılmağa başladı.

Bu, o deməkdir ki, Ermənistan siyasiləri nə ölkələrinin, nə də insanlarının taleyini, gələcəyini düşünmür, Rusiyaya güvənərək xam xəyallar qurur və bu xəyallarla özünü sülh imkanlarından uzaqlaşdırır. Azərbaycan sülhpərvər imicini sona kimi qoruyub saxlayan dövlətdir. Ermənistan da sülh müqaviləsinə laqeyd münasibəti və revanşist cəhdləri ilə özünün təcavüzkar, yırtıcı, barış istəməyən imicini qoruyub saxlamaqda davam edir. Amma hara qədər-bunu zaman göstərəcək...