Sevinc Azadi |
Son günlər koronavirusun yayılması ilə bağlı rəqəmlər artan xətt üzrə inkişaf edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən dünyada ötən həftə 2.68 milyondan çox koronavirusa yoluxma və 54 minə yaxın ölüm halı qeydə alınıb. Əvvəlki yeddi günlə müqayisədə yoluxma hallarının sayı 3 faiz artıb, ölüm nisbəti isə 7 faiz azalaraq keçən ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə çatıb. İyunun 26-dan iyulun 4-dək dünyada 2 688 651 yoluxma halı aşkar edilib və 53 958 ölüm halı qeydə alınıb. İyulun 4-nə olan məlumata görə ümumilikdə 183.198.019 yoluxma halı və 3.971.687 xəstələrin ölüm halı qeydə alınıb.
ÜST bir həftə ərzində ən çox yeni yoluxma hallarının Braziliyada olduğunu (364 709) bildirib. Ondan sonra Hindistan (312 250), Kolumbiya (204 556), İndoneziya (168 780) və Böyük Britaniya (161 805) yer alıblar. Ən yüksək yoluxma səviyyəsi Seyşel adaları (100 min əhaliyə 758 yeni yoluxma halı), Monqolustan (472), Kolumbiya (402), Namibiya (367) və Kiprdə (324) qeydə alınıb. ÜST bülleteninə görə, Hindistanda aşkar edildikdən sonra 2020-ci ilin oktyabr ayından bəri mütəxəssislər tərəfindən tanınan, yüksək dərəcədə yoluxucu olduğu ilə fərqlənən koronavirusun “delta” ştamının digər variantları tez bir zamanda üstələyəcəyi və yaxın aylarda üstünlük təşkil edəcəyi gözlənilir. Avropada “delta” variantının avqust ayının sonuna qədər yeni yoluxmaların 90 faizini təşkil edəcəyi proqnozlaşdırılır.
ÜST-ün Baş direktoru Tedros Adhanom deyib ki, koronavirus pandemiyası, dünya ictimaiyyətinin ona qarşı mübarizədə əldə etdiyi nailiyyətlərə baxmayaraq, çox təhlükəli mərhələdədir. ÜST rəhbərinin sözlərinə görə, yaranmış vəziyyətdə, yeganə çıxış yolu ölkələrə fərdi qoruyucu vasitələrin, testlərin, tibbi ləvazimatların və peyvəndlərin ədalətli paylanmasında dəstək verməkdir. O xatırladıb ki, indi pandemiya ilə əlaqəli məhdudiyyətlər, koronavirusla mübarizə alətlərinə sahib olan - ilk növbədə, peyvəndi olan dövlətlər tərəfindən yumşaldılır. “Eyni zamanda, kifayət qədər təchizata çıxışı olmayan ölkələr xəstəxanaya yerləşdirmə və ölüm hallarının dalğaları ilə qarşılaşırlar”, - deyə o qeyd edib. Qebreyesus həçinin Afrika, Asiya və Amerika ölkələrində yoluxma hallarının kəskin artmasına diqqət çəkib.
Ölkəmizdə də son günlər yoluxma sayında artım müşahidə edilməkdədir. Belə ki, ötən gün COVID-19 infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb. Azərbaycanlı həkimlər də, zahirən sabit görünən epidemioloji vəziyyətə baxmayaraq, ölkəmizə yeni koronavirus növlərinin “gəlişini” gözləyirlər. Məsələ burasındadır ki, koronavirusun “Delta” variantı artıq Gürcüstan, Rusiya, İran və Türkiyədə, yəni bizi əhatə edin əksər qonşu dövlətlərin ərazisində aşkar olunub. Mütəəxəssislər artıq dəfələrlə xəbərdarlıq ediblər ki, koronavirusun “Delta” variantı daha yüksək yoluxdurma sürəti ilə seçilir və qonşu ölkələrdə göründüyünü nəzərə alsaq, Azərbaycanda da ortaya çıxma ehtimalı böyükdür. Vəziyyət qənaətbəxş olduğu bir müddətdə, yoluxma sayını yüksək adlandırmaq olmaz. Ancaq eyni zamanda, dördüncü dalğanın başlanma ehtimalının çox yüksək olduğundan, arxayınlaşmaq da düzgün olmazdı.
Məlumdur ki, virus mütəmadi olaraq mutasiyaya uğrayır və onun dünyaya yayılan yeni növləri ortaya çıxır. Məhz bu səbəbdən yoluxmuş insanların sayında payıza yaxın artımın olacağı proqnozlaşdırılır. Ancaq bütün karantin tədbirlərinə əməl edilərsə, dördüncü dalğadan yan keçmək mümkün ola bilər. Bunun üçün isə ən sadə, tələb olunan qaydalara əməl etməyə davam etməliyik. Vaksinasiya da məhz həmin proseslərin, yaxud mərhələnin ən vacib hissəsidir. Doğrudur, bu gün insanlar daha çox peyvəndləmə prosesinə qatılmaqdadır. Bu, qismən də olsa, onlarda bir arxayınlıq yaradır. Unuduruq ki, peyvənd orqanizmin ümumi immunitetinin möhkəmləndirilməsində necə vacib rol oynayırsa, ümumiyyətlə, koronavirus infeksiyasından qorunmaq da o dərəcədə vacibdir.
Son vaxtlar Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in sosial məsafə, tibbi maskalardan istifadə, gigiyenik qaydalara əməletmə kimi tövsiyələrini unudanlara da rast gəlinir. İctimai nəqliyyatda, iri ticarət obyektlərində tələb olunan qaydaların “unudulması” sanki pandemiyanın artıq ömrünü başa vurması anlamına gəlir. Əslində, biz pandemiyanın həyatımızdan birdəfəlik getməsi üçün tövsiyələri qulaqardına vurmamalı, inzibati tənbehdən çəkinərək, cərimələnməkdən qorxaraq hüquq mühafizə orqanlarının əməkdaşlarını gördükdə “maskalanmaq”dansa, qayda-qanunlara məhz xəstəlikdən uzaq olmaq üçün əməl etməliyik. Buna ilin isti fəslini bəhanə gətirmək isə yersizdir.