Şahbuz Rayon Mədəniyyət Sarayında “Qarabağ şikəstəsi” tamaşası nümayiş olunub.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşanın ssenari müəllifi Əməkdar arist Tofiq Seyidovdur. Əsərdə rayonun Güney Qışlaq kəndinin Birinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan qəhrəman övladı Vaqif Əhmədovdan bəhs olunur. O dövrdə Bakı Dövlət Universitetinin Mədəniyyət və incəsənət fakültəsində təhsil alan Vaqif Əhmədov müharibə başlayan kimi Qarabağa yollanır, torpaq uğrunda özünü odlu-alovlu səngərə atır. Tamaşanın süjet xəttini Vaqifin hərbçi yoldaşları ilə birlikdə müharibədə bir sıra hərbi əməliyyatların hazırlanmasında və yüksəkliklərin alınmasında fəal iştirakları, göstərdikləri qəhrəmanlıqlar təşkil edir.
Şahbuz Rayon Xalq Teatrı tərəfindən hazırlanan tamaşanın quruluşçu rejissoru Namiq Mehdiyev, rəssamı Səxavət Paşayev, musiqi tərtibatçısı Mübariz Əliyevdir. Tamaşada rayonda fəaliyyət göstərən təcrübəli və həvəskar aktyorlar, eyni zamanda, gənc istedadlar rol alıb.