27 avqust 2026 16:29
183

İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri

Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı özündə qarşıdakı dövrün hədəflərini ehtiva edir

Azərbaycan dayanıqlı inkişafı ilə daim dünyanın diqqətindədir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran ölkəmizin malik olduğu resurslardan səmərəli istifadəsi atılan davamlı addımlarda, ölkənin hərtərəfli inkişafına xidmət edən kompleks tədbirlərdə özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlərdə aktuallığını qoruyaraq dayanıqlı iqtisadi inkişafın təmin edilməsində yol xəritəsinə çevrilib. Ulu Öndərin müəllifi olduğu neft strategiyası Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəyə yönələn  enerji layihələrinin uğurlu icrasına yol açmaqla bərabər, neft gəlirlərinin istiqamətləndirilməsində, iqtisadiyyatın çaxələndirilməsi siyasətinin uğurlu icrasında əhəmiyyətli rol oynayır. Ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sənayesinin uğurlu inkişafı qeyri-neft sektorunun tərəqqini şərtləndirir. Prezident İlham Əliyevin 2003-cü ildən “Neft kapitalını insan kapitalına çevirək!”, eyni zamanda, “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışları bugünkü uğurlarımızda, Regional inkişaf Proqramlarının icrasında, tarixi Zəfərimizdən sonra qəbuluna böyük zərurət duyulan İnkişaf Strategiyasının, Milli Prioritetlərin təsdiqlənməsində özünün aydın ifadəsini tapır. Artıq bütün bölgələrimiz özünün ən müasir tələbləri özündə əks etdirən inkişafı ilə diqqətdədir. Hazırda azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri fonunda həmin ərazilərin iqtisadi imkanları nəzərə alınaraq istehsal müəssisələrinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə  xüsusi önəmin verilməsi də bu tərkibdəndir.

  

Turizmin inkişafı dövlətin iqtisadi siyasətində prioritet istiqamətlərdən biridir

Bu reallığı da xüsusi qeyd etməliyik ki, Azərbaycan turizm baxımdan da böyük imkanlara  malik olan ölkə kimi diqqətdədir. İqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf istiqamətində yaranan çağırışlar fonunda turizm sahəsinin inkişafı dövlətin iqtisadi siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından sonra ölkəmizin turizm imkanlarına maraq  diqqətdən kənarda qalmır. Turizmin inkişafı üçün kifayət  qədər təbii ehtiyatlara, maddi-texniki bazaya və tarixən formalaşmış mədəni irsə malik olan Azərbaycanda bu sahəyə dövlət dəstəyi atılan davamlı addımlarda öz təsdiqini tapır. Atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı  Sərəncamı ilə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olundu. Əsas məqsəd ölkədə  yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi idi.  Cənab İlham Əliyevin Sərəncamı ilə 2011-ci ilin  Azərbaycanda “Turizm ili” elan olunması da bu sahəyə diqqətin bariz nümunələrindəndir.  Regional inkişaf Proqramlarında, həmçinin  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas strateji məqsəd mövcud imkan və resursları nəzərə alaraq ölkəmizdə  davamlı iqtisadi artıma və yüksək sosial rifahın əldə edilməsinə  nail olmaq idi. Turizmin inkişafına xidmət edən addımlar sırasında  Qusarda “Şahdağ Qış-Yay Turizm Kompleksi”nin,  Qəbələ şəhərində “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin istifadəyə verilməsini da xüsusi qeyd etmək istərdik. Cənab İlham Əliyevin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə “ASAN Viza” sisteminin yaradılması da görülən işlər sırasındadır. Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiqlənməsi, “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması və sair kimi addımlar da özündə dövrün çağırışlarını, hədəflərini açıqlayır. Görülən işlər davamlıdır. Onların hamısını sadalamaq mümkün deyil.

Dövlət Proqramı: Turizm sahəsinin regional və qlobal rəqabət qabiliyyəti gücləndiriləcək

Əsas olan budur ki, Azərbaycan turizm məkanı olaraq mövcud imkanlarından səmərəli istifadə etmək üçün bütün zəruri addımların atılmasına maraq göstərir və bunu konkret işlərlə təsdiqləyir.  Dövlətimizin başçısı İlham Əliyevin  turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, effektiv brendinq və marketinq fəaliyyətinin təşkili məqsədilə 20 avqust 2026-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bunun bir daha bariz nümunəsidir.  “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” turizmin ölkənin sosial-iqtisadi inkişafında rolunun gücləndirilməsi, qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi, regionların rəqabət
qabiliyyətinin artırılması və Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin möhkəmləndirilməsi məqsədilə hazırlanıb.
Dövlət Proqramında müəyyən olunmuş hədəflərin reallaşdırılması üçün turizm sahəsində strateji çərçivənin inkişaf etdirilməsi, digər sahəvi siyasətlərin turizm siyasəti ilə uzlaşdırılması, dayanıqlı keyfiyyət təminatı sisteminin qurulması, cəlbedici təşviq mexanizmlərinin formalaşdırılması, tənzimləmə alətlərinin təkmilləşdirilməsi, brendinq,
marketinq və kommunikasiya işinin gücləndirilməsi, rəqəmsallaşma imkanlarının genişləndirilməsi, statistika və kadr bazasının möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi müəyyən edilib. Dövlət Proqramının icrası nəticəsində Azərbaycanın  turizm sahəsinin regional və qlobal rəqabət qabiliyyətinin gücləndirilməsi, dayanıqlılıq prinsipləri əsasında
müxtəlif turizm növləri üzrə keyfiyyətli turizm təcrübəsi təqdim edən müəyyən coğrafi ərazidə yerləşmə, nəqliyyat, infrastruktur, əyləncə və digər xidmətlərin vahid şəkildə göstərildiyi turizm məkanına  çevrilməsi, turizm sektorunun sosial-iqtisadi inkişafa, o cümlədən ÜDM-in artımına, məşğulluğa və qeyri-neft-qaz ixracına töhfəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi nəzərdə tutulub.

Rəqəmsallaşma həlləri əlavə fürsətlər yaradır

Dövlət Proqramında dövrün tələblərinə uyğun olaraq bu məqam xüsusi vurğulanır ki, turizm sahəsində texnoloji yeniliklər (süni intellekt, böyük data, virtual reallıq və s.) müştəri təcrübəsini və xidmət keyfiyyətini
inkişaf etdirərək sənayenin dayanıqlı və effektiv inkişafına töhfə verir. Qlobal innovasiya, texnologiya və rəqəmsallaşma həllərinin Azərbaycanın  turizm sənayesində tətbiq edilməsi ölkənin turizm sahəsinin rəqabətqabiliyyətliliyinin artması üçün əlavə fürsətlər yaradır. Ümumilikdə dünyada makroiqtisadi dalğalanmalar, geosiyasi gərginliklər, artan rəqabət, qeyri-səmərəli siyasi və idarəetmə çərçivəsi, iqlim dəyişiklikləri, rəqəmsal qeyri-bərabərlik, turizm məhsullarının çeşidinin və keyfiyyətinin aşağı olması, maliyyə resurslarına çıxışın və
investisiyaların məhdudluğu, səyahət məhdudiyyətləri, mövsümilik, infrastrukturun zəif olması, gender bərabərsizliyi, xidmət standartlarının zəif tətbiqi, yerli icma və kənd yerlərinin inkişafı üçün turizmin effektiv istifadəsi problemləri əsas çağırışlar kimi müşahidə edilir. Qeyd olunan çağırışları nəzərə almaqla, iqtisadi artım, dayanıqlı inkişaf, böhranlara davamlılıq, inklüzivlik və sosial məsuliyyət, ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət qoruqlarının təbliği, ziyarətçi təcrübəsi və məmnuniyyəti, texnoloji və regional inkişaf, beynəlxalq əməkdaşlıq və qlobal rəqabətlilik dövlətlərin turizm siyasətlərinin əsas məqsədləri kimi diqqət çəkir.

Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında  rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruması iqtisadiyyatın bütün sahələrində, o cümlədən turizm sektorunda  qazanılan uğurların təqdimatıdır. Təbii ki, buna əsas verən dövlətimizin  hər dövrün çağırışlarına uyğun olaraq təkmil islahatlar həyata keçirməsi, hərtərəfli inkişafı kompleks tədbirlərin aparılması ilə reallaşdırmasıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, doqquz iqlim tipi və zəngin tarixi-mədəni irsi bu inkişafın təbii əsasını təşkil edir. Daxili sabitlik və təhlükəsizlik amili xarici qonaqların ölkəni seçməsində ən böyük rəqabət üstünlüklərindən biridir. Təsdiqlənən Dövlət Proqramında hazırkı dövrün çağırışları öz əksini tapıb. Bunlar turizm baxımından əlçatanlığının artırılması, turizm bazarlarının şaxələndirilməsi, mövsimilik amilinin təsirlərinin azaldılması, turizm sahəsi üzrə investisiya mühitinin inkişaf etdirilməsi, turizm sahəsində rəqəmsallaşma, dayanıqlı turizmə keçid və sairdir. Turizmin təbii resurslardan səmərəli istifadəni təşviq etməsi, biomüxtəlifliyin və mədəni irsin qorunmasına töhfə verməsi, yerli
icmalar üçün sosial-iqtisadi fayda yaratması, inklüziv məşğulluğu dəstəkləməsi və məsuliyyətli idarəetmə prinsiplərinə əsaslanması xüsusi əhəmiyyət kəsb edir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan böyük turizm imkanlarına malikdir. Bu sırada nəqliyyat infrastrukturunun inkişafını xüsusi qeyd etməliyik. Ölkəmiz daim tranzit ölkə kimi diqqətdə olub. Dövlətimizin siyasətində yol infrastrukturunun yenilənməsinə, təkmilləşdirilməsinə diqqət xüsusi yer tutur. Hazırda dünya bu reallıqları azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın görürü. Tarixi Zəfərimizdən ötən 6 ilə yaxın dövr ərzində bu torpaqlarda beynəlxalq statusa malik üç hava limanının tikilib istifadəyə verilməsi diqqətdən kənarda qala bilməz. Bu torpaqlarımız zəngin potensialı ilə turistlərin diqqətindədir. Beynəlxalq Hava limanları turistlərin rahat gediş gəlişini təmin edir. Paytaxt Bakı ilə yanaşı, bütün regionlarımız, o cümlədən azad edilmiş ərazilərimiz diqqətdədir.  Tezliklə bu torpaqlarımız turizm məkanına çevriləcək. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizin fonunda söylədiyi “Cənnətin əgər təsviri varsa, bu gün bax budur”fikirləri sabahımıza çağırışdır.

   Azərbaycan zəngin tarixi, mədəniyyəti, incəsənəti ilə də diqqətdədir. Ölkəmizin ərazisində  minlərlə  tarixi memarlıq abidəsi var. Bu abidələrə ibtidai insanların Qobustan mağaralarındakı qayaüstü rəsmlərini, İslamaqədərki dövrün mərasim tikililəri – atəşpərəstlik məbədlərini, qüllələrini, dağların zirvəsindəki alban kilsələrini və ibadətgahlarını, möhtəşəm qala divarlarını, habelə geniş karvansaraları, İslam mədəniyyəti dövrünün əzəmətli saraylarını, memorial ayin yerlərini və digər tikililəri misal göstərmək olar. Bunlar hamısı ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlar yaradır.  Azərbaycanda keçirilən beynəlxalq tədbirlər turizmin inkişafına öz müsbət təsirini göstərir. Ölkəmizə gələn hər bir xarici qonaq müasirliklə keçmişin sintezini yaradan paytaxt Bakımızın timsalında bütün gözəlliklərinin, Azərbaycanın şəhərsalma təcrübəsinin şahidinə çevrilirlər. Azad edilmiş ərazilərimizin-Ağdamın, Zəngilanın və Xankəndinin ev sahibliyi etdiyi Azərbaycan Milli Şəhərsalma forumları, eyni zamanda, onların yol açdığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bütün bu reallıqların təqdimatı oldu.

İpəkçilik və xalçaçılıq Azərbaycan xalqının zəngin tarixi-mədəni irsində mühüm yer tutur

Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamının ardınca “Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında” 25 avqust 2026-cı il tarixli Fərmanı da hazırkı dövrün çağırışlarının təqdimatında əhəmiyyətli rol oynayır. Belə ki, ipəkçilik və xalçaçılıq Azərbaycan xalqının zəngin tarixi-mədəni irsində mühüm yer tutan, kənd təsərrüfatı və yüngül sənaye sahələri ilə sıx əlaqədə formalaşmış ənənəvi sənətkarlıq sahələridir. Bu sahələrin inkişafı qeyri-neft-qaz sektorunun şaxələndirilməsinə, regionlarda məşğulluğun artırılmasına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, habelə milli mədəni irsin qorunmasına və təbliğinə mühüm töhfə verir. İpəkçiliyin və xalçaçılığın davamlı inkişafı məqsədilə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, istehsal zəncirinin bütün mərhələləri üzrə əlaqələndirmənin gücləndirilməsi və xammal bazasının möhkəmləndirilməsi zəruridir. Bununla yanaşı, məhsulların keyfiyyətinin yüksəldilməsi, sənətkarlıq ənənələrinin və toxuculuq məktəblərinin qorunub inkişaf etdirilməsi, elmi tədqiqat fəaliyyətinin və peşəkar kadr hazırlığının genişləndirilməsi, habelə yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Sözügedən sənəd ipəkçiliyin və xalçaçılığın vahid idarəetmə əsasında inkişaf etdirilməsi, bu sahələrin iqtisadi səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması, habelə milli sənətkarlıq irsinin qorunması və təbliği məqsədini daşıyır.

Ölkəmizin hərtərəfli inkişafı üçün bütün imkanlar mövcuddur. Azərbaycanın dünyaya təqdim etdiyi dayanıqlı inkişaf modeli bu imkanların məcmusudur. Əsas hədəf bu imkanların daha da geniş şəkildə təbliğ edilməsidir. Ayrı-ayrı sahələr üzrə təsdiqlənən Dövlət Proqramları, həmçinin tarixi Zəfərimizin reallıqları əsasında müəyyənləşdirilən və dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” hədəflərə yüksək səviyyədə nail olmaq üçün yol xəritələridir.

Yeganə Əliyeva, “İki sahil”