02 iyul 2021 00:15
1616

Azərbaycan teatrı bu gün və sabah

Peşəkar fəaliyyət tarixi 10 mart 1873-cü ildən hesablanan Azərbaycan teatr sənəti bu günə qədər keçdiyi yaradıcılıq yolunda saysız-hesabsız səhnə əsərlərinə can vermiş, çox sayda sənətkarlar nəsli yetişdirmiş, ictimai proseslərin formalaşmasında mühüm mövqe tutmuş, bunlarla yanaşı daim intibah prosesində olmağa çalışmışdır. Bu çalışqanlıq onun dünya teatr sənəti müstəvisində özünəməxsus yerini həmişə qoruyub saxlamağa rəvac vermişdir. Lakin elmə məlumdur ki, Azərbaycan teatr sənətinin tarixinin daha qədimə təsadüf etdiyini isbatlaya biləcək bəzi faktlar da vardır. Həmin faktlardan biri göstərir ki, on yeddinci əsrdə İrəvan şəhərinə pənah gətirən fransız səyyahı Jan Şarden xan sarayında baxdığı tamaşanı qərbin opera sənəti ilə bərabər tutmuş və yüksək qiymət vermişdir. Təkcə bu fakta söykənsək, tarixin səhifələrində üzərinə kölgə salınmış çox qaranlıq mətləbləri aça bilər və bu qocaman sənətin tarixinin daha qədim zamanlardan başlayan fəaliyyətinin üzərinə daha parlaq işıq salmağın mümkünlüyünə nail ola bilərik. Bununla da Azərbaycan teatr sənətinin tarixi gerçəkliyini ərsəyə gətirə bilər, Qafqazın qədim millətlərindən olan Azərbaycan türklərinin şübhə altına salınmağa düçar vəziyyətini, tam olaraq, gerçək nöqtəyə yüksəldə bilərik. Lakin bu mövzu başqa bir zamanın elmi araşdırma predmetidir və inanıram ki, zaman gələcək, bu mövzu öz həqiqətini isbatlaya biləcəkdir. Hazırda isə Azərbaycan teatrının bu gününə və sabahına nəzər salmaq niyyəti ilə bütün diqqəti bu məcraya yönəltmək istəyirəm.

Dünəni şərəflə tarixin keçmişinə qarışmış, bu günü dünyanın bütün teatrları kimi pandemiya faciəsi ilə çarpışan, dünənlə sabah arasındakı bu günün çarpışma xaosunda olub-keçənləri sükutla müşahidə etmək məcburiyyətinə düçar olmuş, yəni məcburən, tamaşaçı qismində, dünyada baş verənləri seyr etmək zorunda qalmış Azərbaycan teatr sənəti sabaha tuşlanan baxış bucağında heç şübhəsiz ki, elə bir mənzərəni seyr etmək istəyi ilə sabaha ümidlə baxır ki, həmin ümidin arzular kəhkəşanında qeyri-səlis məntiq nəzəriyyəsinin kodları ilə şifrələnmiş bir novatorluq, yenilik, proqmatiklik, bir sözlə, əlahiddə təzəlik prinsipləri ilə, fəaliyyət prosesinə çevik dinamika ilə keçmək, dövrün ən yeni aləmində özünü tam fərqli biçimdə göstərmək, bütün anlamlarda, az qala istəyirəm deyim ki, tamamilə kosmopolit bir formada realizə etməklə görəvləndirmək – yeni dünyada yeni teatr reforması ilə yeni don geyinməklə, tamaşaçılarına yeni anlayış, yeni ruh, yeni yanaşma, formaca yeni, məzmunca yeni görünüşdə heyrətləndirmək niyyətində olduğunu qırmızı xəttlə diqqətə təqdim etməkdir. Əlbəttə ki, əgər belə bir niyyətlə özünü tamaşaçılarına borclu hesab edən Azərbaycan teatr sənətinin sabahına teatr xadimləri proqmatik yanaşmalarla dəstək olmağa, onu yeni aləmdə, yeni düşüncə arealında yeni cilddə özünü göstərə bilməsinə köməklik etmək üçün əllərindən gələni əsirgəməsələr. Hesab edirəm ki, əsirgəməməlidirlər. Əgər teatr sənətinin sabahına loyal münasibət göstərilərsə, yaxud 2019-cu ilə qədərki fəaliyyətinin 2021-ci ildən sonra da eyni qaydada davam etdirilməsi qənaətbəxş hesab olunarsa, o zaman bu, 2019-2021-ci illər arasındakı sükut vahiməsində boğulmaq və bir daha irəliyə gedə bilməmək faciəsinə düçar olacağına indidən imza atılmışdır deməkdir.

Gözlərimizlə görməkdəyik ki, həyat tərzimiz dəyişməkdədir. Bütün dünya qeyri-səlis anlayışla yeni yaşayış tərzinin, yeni inkişaf formasının gedişat prinsiplərinin axtarışındadır və onun rəngarəng naxışlarını ilmə-ilmə toxumağa başlamışdır. Əgər teatr sənəti də sabahkı yolunu müəyyənləşdirə bilməsə, öz ilmələrini zəncirvari şəkildə və rəngarəng naxışlarla toxumağa başlamasa, o zaman, ağ-qara ünsürlərlə retroizm faciəsinə tam şəkildə yuvarlamışdır deməkdir. Bir halda ki, hələ biz tam olaraq bilmirik ki, bu dəyişgənliyin hansı sürətlə və haraya qədər yenilənəcəyinə konkret arayış vermək mümkün deyildir və bu vəziyyətdə də mənzərənin tamaşaçısı olmaqdan başqa əlimizdən heç nə gəlmir, o zaman teatr sənətinin tabutunu hazırlamaq məcburiyyəti öz ağır yükü ilə bizim çiynimizə qonacağına əmin olmalıyıq.  Baxın hər bir məsələyə hər gün yeni baxış bucağı ilə münasibət göstərilir. Bu, həqiqətdir və bu həqiqətdən qaçmaq mümkün deyildir. Bütün bunları nəzərə alaraq etiraf etməliyik ki, yeni dünyada yeni teatr fəlsəfəsi təkcə teatr xadimlərini deyil, həm də teatr sənətinə daha çox ehtiyacı olan sevimli tamaşaçılarını da narahat etməlidir və hətta etməkdədir. Çünki əgər pandemiyaya qədər dünyada düşüncə aləminin axın seli bir məhvərdə öz çuxuru ilə irəliləməkdə idisə, pandemiya dövründə  bu axın seli durdu və yeni yollara girməyə çalışdı və çalışmaqdadır. Teatr xadimləri və teatrsevərlər də bu durğunluq dövründə teatr sənətinin gedəcəyi yolu, bu yolda boy-biçimini müəyyənləşdirməyin zamanının qaçılmaz olduğunu hesaba almalıdır. Yəni biz, pandemiya dövrünün yaratdığı durğunluq zamanında keçmişimizə nəzər salmaq, keçdiyimiz yollarda yaradıcılıq prosesindəki bütün məqamları dərindən incələmək və hər şeyi sənət tərəzisində ölçmək, uğurları ilə yanaşı əyər-əskiyini geninə-boluna fərqləndirmək və durumu tarazlamaq imkanı əldə etmişik. Bu vəziyyəti mütləq dəyərləndirməliyik. Güman etmirəm ki, bu incələmədə və ölçüb-bişmədə yoluna, dayandığı yerdən davam etməklə qane olunsun. İnanıram ki, teatr sənəti və bu sənətin sahibləri öz keçmişini dəyərləndirdikdən, zamanın tələblərini götür-qoy etdikdən, hər bir hesabatı apardıqdan sonra sabaha doğru yolunu davam etmək üçün tam fərqli düşüncə, təxəyyül, idrak və təlqin prinsipləri ilə öz yaradıcılıq strukturunda, eləcə də fəaliyyət gerçəkliyində tam yeni libasda tamaşaçı önünə çıxacaqdır. Əlbəttə ki, bu arzu, teatr yaradıcılarının, onun hamilərinin və teatr sənətinə daha çox ehtiyacı olan tamaşaçılarının da ürəyincə olan bir məsələdir. Mən buna əminliklə inanıram. İnanıram ki, əgər teatr sənətinin sahibləri həyəcan siqnalı ilə zamana və tələblərə uyğunlaşmaq niyyətlərini büruzə verəcəklərsə, düşüncəmə görə onda, pandemiya dövrünün sükut prosesindən öz üzərilərinə düşənləri dərk edəcək, yeni dünyada yeni idrak arealına daxil ola biləcəklər. Bütün hiss və həyəcanımla səslənirəm ki, teatr xadimlərinin hər biri teatr sənətinin tam yeni formada fəaliyyətinə davam etməsi üçün bütün bilik və bacarıqlarını səfərbər etməli, heç gecikmədən, bu istiqamətdə gərgin çalışmalar aparmalı, əlahəzrət teatr sənətinin, zamanın üst qatına çıxa bilməsi üçün onu yenidən görəvləndirməli, hətta onu yeni yola daxil etməlidirlər. Bu yolda istər struktur baxımından, istər yaradıcılıq nöqteyi-nəzərdən, istər maddi-texniki bazasının möhkəmləndirilməsi və asılılıq prinsiplərindən uzaqlaşdırılması baxımından onun tam fərqli bir fəaliyyət sahəsi olmasını təmin etməyə, onun rahat, rəvan, sərbəst, milli və ideoloji prinsipləri qorumaq şərti ilə zəngin sənət nümunələri yaratmasına rəvac verilməsi uğrunda ona şərait yaradılmasına çalışılmalıdır. Bunun üçün ölkəmizdə müqtədir sənətkarlar, sanballı teatr xadimləri, intellektual tamaşaçı sferası və teatr sənətinə daim qayğı göstərən dövlətimiz və dövlət rəhbərimiz vardır. Əgər bütün meyarlar sağlamdırsa, o zaman dayanmadan teatr sənətinin yeni simada fəaliyyət prinsipini müəyyənləşdirmək üçün dərhal hərəkətə keçməyin zamanı yetişmişdir və hətta ötüb keçməyə doğru irəliləməkdədir.

Görünən real mənzərə budur ki, əgər Azərbaycan teatr sənəti tarixə keçmiş dünənində fərəhli yaradıcılıq yolu keçmiş, çoxlu tamaşa olunma haqqını qazana bilmişdisə, bu gün yalnız seyricilik, tamaşa etmək missiyası ilə yaşamaqdadır. Hər zaman tamaşa olunan bir sənət növü, təəssüflər olsun ki, bu gün özü, həm özünə, həm də bütün dünyada baş verən faciələrə, komizmə, tragikomediyalara və sair, tamaşa etməkdədir. Bəlkə teatr sənətinin özünü yeniləməsi üçün bu da gərəkli bir vasitədir. Bu vasitəni teatr xadimləri çevik şəkildə dəyərləndirməlidirlər ki, teatr sənəti bundan sonrakı fəaliyyətini zamanın qeyri-səlis anlayış kaleydoskopuna yerləşdirə bilsin və sabahkı yolda yenə də tamaşa olunmaq qüdrəti ilə tamaşaçılarını, öz yeni əsrarəngizliyi, cazibədarlığı, füsunkarlığı, rəngarəngliyi ilə özünə cəlb edə bilsin.  

İFTİXAR,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi.