Cavid Zeynallı: Tamaşaların onlayn şəkildə təqdim olunması tamaşaçıların teatra gəlib tamaşalara canlı baxmasının yerini vermir
Azərbaycan teatrı pandemiya dövrünü "yaşamaqda" davam edir. Teatrlar bağlıdır, aktyorların səhnə fəaliyyəti dayanıb, teatrsevər tamaşaçı isə təsəllisini onlayn tamaşaları izləməklə tapır. Teatrlar virtual repertuar tərtib edərək, tamaşaların videoyazılarını sosial şəbəkələrdə paylaşırlar. Bu, bir qədər təsəlli olsa da, sənətə bağlı olan, teatrın səhnəsindəki tozu ciyərlərinə çəkən aktyorlar, rejissorlar üçün tam dərk edə bilməyəcəyimiz qədər ağır dönəmdir.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlama verən Azərbaycan Dövlət Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirdi ki, ölkədə xüsusi karantin rejimi tətbiq olunandan sonra bütün mədəniyyət müəssisələri kimi teatrların da fəaliyyəti dayandırıldı və bundan sonra teatr rəhbərliyi Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə qərara gəldi ki, tamaşaçıları ilə yaradıcı əlaqələrini kəsməsin və bu, hər hansısa bir formada davam etsin: “Ona görə də biz onlayn şəkildə öz tamaşalarımızı təqdim etməyə qərar verdik. Bu müddət ərzində hər ay üçün onlayn repertuar hazırlanıb. Bununla bağlı mətbuata məlumat ötürülüb və hər ay təxminən uşaq tamaşaları da daxil olmaqla 20-yə qədər yaxud, 20-dən artıq tamaşa teatrın həm “facebook” səhifəsində, həm “youtube” kanalında, eyni zamanda, rəsmi saytımız vasitəsilə tamaşçılara təqdim olunub.”
C.Zeynallı qeyd edib ki, bu tamaşalara təkcə ölkə daxilində deyil, eyni zamanda, müxtəlif ölkələrdən də maraq var: “Burada biz qonşu ölkələrin və eləcə də Avropanın bir neçə ölkəsinin adını çəkə bilərik. Təbii ki, orada yaşayan soydaşlarımızla yanaşı, onların təqdimatı ilə xarici vətəndaşlar da bu tamaşalara baxıblar. Ona görə də teatr rəhbərliyi qərara gəldi ki, bu səhnə əsərləri təkcə Azərbaycan dilində deyil, eyni zamanda, rus və ingilis dillərində də altyazılarla təqdim olunsun. Belə də oldu və bir neçə tamaşa altyazılarla təqdim olunandan sonra artıq biz ilkin reaksiyaları almağa başladıq. Əlbəttə tamaşaların onlayn şəkildə təqdim olunması tamaşçıların teatra gəlib tamaşaya canlı olaraq baxmasının yerini vermir. Çünki teatr canlı sənətdir və məhz zalda aktyorla tamaşaçı arasında canlı ünsiyyət olmalı, onlar üz-üzə, göz-gözə olmalıdırlar. Bu enerji ötürülməlidir və bunun təəssüratı tamam başqa cür olur. Amma təəssüf ki, bütün dünya, eləcə də ölkəmiz bu problemlə, koronavirus pandemiyası ilə üz-üzə qalıb. Ona görə də mümkün olan bütün variantlardan istifadə edib çalışdıq ki, öz tamaşaçılarımızla yaradıcı əlaqələrimizi kəsməyək. Əlbəttə pandemiyanın, karantin rejiminin teatr sahəsinə vurduğu zərər böyükdür və bu, təkcə teatr, mədəniyyət sahəsində deyil, eyni zamanda, digər sahələrə də aiddir.”
Xüsusi karantin rejimi tətbiq olunana qədər bəzi planlarının olduğunu, lakin onları həyata keçirə bilmədiklərini qeyd edən həmsöhbətimiz bildirdi ki, bir neçə ölkəyə qastrol səfərlər təşkil olunmalı idi. İlkin danışıqlar aparılmış, təşkilati işlər həyata keçirilmişdi: “Bu planlarımız təəssüf ki, təxirə salındı. Eyni zamanda, Gürcüstan və Türkiyə teatrlarından Azərbaycana qastrol səfərləri olmalı idı. Bizim teatrda tamaşalar təqdim olunmalı idi. Bunların hamısı təxirə salındı. Teatrın özünün digər planları var idi. Onları da ertələməyə məcbur olduq. Bizim “Filumena Marturano” adlı bir tamaşamızın premyerasının keçirilmə ərəfəsi idi. Bu, böyük İtalyan dramaturqu Eduarda Di Filipponun eyni adlı əsəri əsasında hazırlanmışdı və məşqləri artıq yekunlaşmaq üzrə idi. Bir neçə gündən sonra premyerası olacaqdı.Təəssüf ki, bu da baş tutmadı və əlbəttə teatr açılan kimi bizim ilk işlərimizdən biri məhz həmin tamaşanın məşqlərinin yenidən bərpası və premyerasının keçirilməsi olacaq.”
Mətbuat katibi bildirdi ki, teatrla bağlı planlar çoxdur: “Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bizə icazə veriləndən sonra nəzərdə tutduğumuz planların icrasına başlanılacaq. Təbii ki, həm tamaşaçılar, həm də aktyorlar teatr üçün çox darıxıb və ara-sıra biz aktyorların da mətbuatdan bununla bağlı fikirlərini, çağırışlarını oxuyuruq. Biz bu çağırışları çox təqdir edirik və inanırıq ki, tezliklə digər sahələrin fəaliyyəti bərpa olunduğu kimi, teatrlar da öz fəaliyyətini bərpa edəcək və biz yeni tamaşalarımızla insanlarımızı sevindirə biləcəyik.”
Röya Rasimqızı, “İki sahil”