Sevinc Azadi |
Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində yüksək qayğı göstərilir. Eyni zamanda, xalqımız bütün şəhidlərin, o cümlədən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olanların əziz xatirəsini daim uca tutur, sağlamlığını itirmiş qazilərimizə böyük hörmətlə yanaşır. Bütövlükdə, cəmiyyətimiz bu kateqoriyadan olan insanlara diqqət göstərilməsini özünün mənəvi borcu hesab edir. Çünki torpaqlarımız məhz bu igidlərimiz sayəsində düşmən tapdağından azad olunub. Amma bunların fonunda ölkəmizdəki radikal müxalifətin tutduğu mövqe qəbulolunmazdır. Çünki radikallar, “beşinci kolon”un təmsilçiləri bu məsələdə də qarayaxma kampaniyası aparır, cəmiyyəti aldatmağla, dövlətin bu cür addımlarına kölgə salmağa çalışırlar. Xüsusilə, burada AXCP sədri Əli Kərimli canfəşanlıq edir. Belə ki, o, özünün “Facebook” səhifəsində guya şəhid ailələrinə və qazilərə heç bir qayğı göstərilmədiyini iddia edir. Kərimlinin fikrincə, guya sözügedən kateqoriyadan olan insanlara cəmiyyətimizdə biganə münasibət var, dövlətin onlar üzərində heç bir qayğısı və diqqəti yoxdur.
Əvvəlcə onu qeyd edək ki, həm birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olan, yaralanan, əlil qalan insanlar hər birimizin qüruru, cəmiyyətimizin ən həssas üzvləridir. Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə ən yüksək səviyyədədir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.
Nəzərə alsaq ki, AXCP sədri Əli Kərimli daim şəhid ailələri üzərindən özünə saxta xallar toplamağa çalışıb, bu zaman onun hazırda da qazilərdən və şəhid ailələrindən öz çirkin məqsədləri üçün istifadə etməsinə təəccüblənməyə dəyməz. Əli Kərimli bir dəfə də olsa əlində olan maddi imkanları ilə şəhid və qazi ailələrinə dəstək göstərmək üçün təşəbbüslərdə bulunubmu? Yox təbii ki…Çünki bu şəxsdə nəinki səmimiyyət, ümumiyyətlə, dövlətin ümummilli siyasətinə dəstək marağı yoxdur və heç vaxt da olmayıb. Təkcə 44 günlük Vətən müharibəsi başlayarkən ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyaların birgə Bəyanat imzalandığı vaxt həmin Bəyanatda Əli Kərimlinin və partiyasının imzasını görməməyimiz onun haqqındakı fikirləri bütün çılpaqlığı ilə nümayiş etdirdi. Həmçinin Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat imzaladılar. Siyasi partiyaların belə bir həmrəylik göstərməsi çox əhəmiyyətlidir. Ancaq bu həmrəyliyi dəstəkləməyən partiyalar da oldu. Yenə AXCP, yenə Müsavat… Təəssüf ki, bu partiyalar ölkəmiz üçün böyük imkanlar açan, təhlükəsizliyinin qorunmasına töhfələr verəcək “Şuşa Bəyannaməsi”nin əhəmiyyətini dərk etək istəmədi, öz amplualarında qalaraq yalnız Azərbaycanın deyil, eləcə də bütün Qafqaz regionunun iqtisadi-siyasi inkişafına yönəlmiş belə bir sənədin imzalanmasına da müxalifətçilik sərgilədilər. Bu fakt onların bir daha antimilli mövqedə olduqlarının, Azərbaycanla Türkiyəyə qarşı fəaliyyət göstərən xarici ermənipərəst mərkəzlərdən aldıqları sifarişləri yerinə yetirdiklərinin göstəricisidir.
Ümumiyyətlə, radikalların niyyəti milli birliyə və həmrəyliyə zərbə vurmaqdır. Vətən müharibəsindən sonra AXCP sədri Ə.Kərimlinin, antimilli şuranın və “beşinci kolon”un digər nümayəndələrinin sərgilədikləri mövqe bunu bir daha təsdiqləyir. Bütövlükdə, radikalların, “beşinci kolon”un təmsilçilərinin tutduğu antimilli mövqe qəbuledilməzdir. Ona görə də radikal düşərgənin növbəti manipulyasiya cəhdi də iflasa məhkumdur.