Sevinc Azadi |
Ermənistandakı qeyri-sabit vəziyyət ölkə üçün ciddi həyəcan və təhdid mənbəyi olaraq qalmaqda davam edir. Erməni rəsmiləri müharibənin bitməsindən 6 ay sonra da çətinliklərin və risklərin azalmasına nail ola bilmirlər.
Çoxlarına elə gəlirdi ki, noyabr ayında işğalçı dövlətin kapitulyasiya sənədini imzalanmasından sonra Ermənistanda iqtisadi həyat tədricən normallaşacaq. Amma bunun əksinə olaraq ölkə rəhbərləri iqtisadi böyümə və gözlənilən inkişaflar barədə yenidən nağıllar icad etməyə başladılar.
Ermənistanın sərhədlərindəki son vəziyyət ölkədəki iqtisadi böhranın dərinləşməsi və uzanmasını təhdid edir. Onsuz da erməni iqtisadiyyatı normal vəziyyətdə deyil. Keçən ilki azalmadan sonra geriləmə vəziyyəti bu gün də davam edir. Birinci rübün nəticəsi olaraq aktivlik baxımından 2% azalma oldu. Ancaq bu, iqtisadi inkişafın həqiqi mənzərəsini əks etdirməyən dərc olunmuş rəsmi göstəricidir. Rəsmi statistika, hakimiyyətin bəyənəcəyini ümid edərək daha təvazökar bir azalma göstəricisi təqdim etmək üçün çox çalışıb. Əslində müstəqil araşdırmalara görə, Ermənistanda iqtisadi aktivlik sahəsindəki geriləmə elan edilən 2%-dən çox daha çoxdur. Birinci rübdə bu, demək olar ki, 3,5% olub. Ermənistan hökuməti bu rəqəmi bəlkə daha sonra etiraf edə bilər, ancaq bu etiraf da iqtisadiyyatın vəziyyətini dəyişdirməyəcək.
Son hadisələr göstərdi ki, hökumətin perspektivsiz siyasəti sayəsində Ermənistan yüksək qeyri-sabitlik zonasında peyda olub. İqtisadi proseslər üçün ciddi bir maneə olacaq bir çox risk var. Belə bir şəraitdə iqtisadiyyatın sürətlə bərpa olunacağını gözləmək, xüsusilə də inkişaflardan danışmaq sadəcə mənasızdır.
Ermənistan ətrafındakı gərginlik investorların ölkəyə investisiya qoymaqdan imtina etməsi üçün daha bir növbəti siqnaldır. Halbuki investorların əvvəllər investisiya qoymaq üçün növbədə durduğunu da söyləmək olmazdı. Ancaq mövcud vəziyyət, investorların qərar qəbul etməzdən əvvəl çox diqqətli olacağını göstərir. Son bir neçə gündə baş verən hadisələr problemlərin tam qorunub saxlandığını sübut edir. Ermənistan hakimiyyətinin yaratdığı bu hal hər an yeni bir qarşıdurmaya çevrilə bilər. Bu, Ermənistana investisiya qoymaq istəyən hər bir investor üçün yüksək, son dərəcə yüksək bir riskdir. Sərmayələrin Ermənistanı tərk etməsi təəccüblü deyil.
Son aylarda bank sistemində narahatlıq doğuran hadisələr baş verir. Ancaq erməni səlahiyyətliləri deyəsən bu heç maraqlandırmır. Problem xarici kapitalın hərəkəti, yerdəyişməsi ilə bağlıdır. Rəsmi məlumatlara görə, ilin ilk üç ayında Ermənistandakı xarici rezidentlər banklardakı əmanət şəklində saxlanılan 125,5 milyard dramını bank sistemindən çıxarıblar. Söhbət 241 milyon dollardan çox vəsaitdən gedir. Üç ayda qeyri-rezidentlərə məxsus bu qədər pul banklardan çıxarılıb. Bu çətin ki, bir təsadüf ola bilər. Bunlar yalnız banklardan deyil, eyni zamanda, ölkədən də çıxarılan məbləğlərdir. Ermənistandakı qeyri-sabitlik səviyyəsi çox yüksəkdir. Bu da xarici kapital sahiblərini narahat edir.
Ermənistanda adi vətəndaşlar da narahatdırlar. Bu, bank pullarının hərəkətliliyindən, yerdəyişməsindən aydın olur. Bank sistemindən və ölkədən kapital axını iqtisadiyyat üçün pis bir siqnaldır. Xüsusilə ciddi maliyyə mənbələrinə ehtiyacı olan bir iqtisadiyyat üçün çox pis göstəricidir.
Ermənistandakı son hadisələr təkcə investisiyalar üçün deyil, həm də iqtisadiyyatın müəyyən sahələri üçün həyəcan siqnalıdır. Xüsusilə turizmdən bəhs olunur. Epidemiya və yol məhdudiyyətlərinin artıq turizm üçün bir maneə olmadığını düşünsək də, vəziyyət çox dəyişməyəcək. Xüsusilə ABŞ da daxil olmaqla, bəzi ölkələr Ermənistanı yüksək risk zonası hesab etdikdən, öz vətəndaşlarını ziyarətdən çəkinməyə çağırış etdikləri bir şəraitdə vəziyyətin dəyişəcəyi gözlənilmir.