KÖŞƏ

Sevinc Azadi

İşğalçı ölkədə böyük “köç fırtınası”

19 aprel 2021 22:42
1748

Ermənistan perspektivsiz ölkəyə çevrilməyə başlayıb. Bu ölkədə yaşamaq artıq sərfəli sayılmır. Bu qənaət məhz ermənilərin özlərinə məxsusdur. Ermənistanda yaşana biləcək "böyük köç"ün hələlik qarşısını ala bilən yeganə faktor da açıqlanıb. Bu, Ermənistan hökuməti deyil. Heç radikal erməni müxalifətinin revanşist yeni müharibə çağırışları da "böyük köç"ün ləngiməsində hər hansı rolu yoxdur. Əksinə, yeni müharibə çağırışları qələbəyə inanmayan erməniləri daha da qorxudur. Ermənistan mətbuatının iddiasına görə, hazırda epidemiya erməniləri ölkədə saxlayan yeganə faktordur. Epidemiya aradan qalxıb, aviareyslər bərpa edildikdən sonra erməniləri ölkədə kimsə saxlaya bilməyəcək. "Böyük köç" qaçılmazdır və proses artıq başlayıb.

Fevralın 1-dən etibarən Rusiya Ermənistanla hava sərhədlərini açdı. Bu iki ölkə arasında hava uçuşlarının bərpa edilməsi Ermənistan vətəndaşlarının əhəmiyyətli bir hissəsinin Rusiyaya bilet almaq üçün can atmasına səbəb oldu. Ən maraqlısı isə odur ki, alınan biletlərin çox böyük hissəsi bir istiqamətdir. Yəni, ermənilər Rusiyaya bir daha Ermənistana geri dönməmək üçün gedirlər. Hətta Qərb ölkələrində də belə bir fikir hakimdir ki, Ermənistan vətəndaşlarının yeganə dərdi birtərəfli biletə yetəcək qədər pul qazanıb ölkədən getməkdir. Rəsmi statistikaya görə, isə son üç ildə 82 min Ermənistan vətəndaşı təkcə Rusiyadan vətəndaşlıq alaraq öz ana vətənləri ilə birdəfəlik üzülüşüblər.

Ermənistanda real vəziyyət bu ölkədən Rusiyaya yeni emiqrasiya fonunda demoqrafik problemin daha da kəskinləşdiyini göstərir. Bu ölkədə əhalinin sayı rəsmi rəqəmlərdə 3 milyona yaxın göstərilsə də, reallıqda 1,5 milyona belə çatmır. Qalan əhalinin də böyük əksəriyyətinin ölkəni tərk etməyə hazırlaşması demoqrafik baxımdan Ermənistanı yeni fəlakətə sürükləyir. Hazırda Ermənistanı tərk edənlərin mütləq əksəriyyəti əmək qabiliyyətli kişilər, nəsilartırma yaşına çatan gənclərdir. Ümumiyyətlə, ölkəni tərk edən kişilərin 80 faizi reproduktiv yaşdadır. Bu da ölkədə demoqrafik durumu pisləşdirən əsas səbəblər sırasında yer alır. Miqrasiya axını artıq təbii artımı üstələyib. Xatırladaq ki, sovet dövründə Ermənistanda ildə 75-80 min uşaq dünyaya gəlirdisə, indi bu göstərici 30 mindən də aşağı düşüb və yeni miqrasiya dalğası fonunda daha da azalacağı gözlənir. Bu şəraitdə əhalinin demoqrafik qocalması daha sürətli xarakter alacaq.

Hazırda Ermənistanda demoqrafik qocalma əmsalı 13 faizdir. Bu da dünyada ən yüksək rəqəmlərdən biri hesab edilir.  BMT-nin Əhali Fondunun proqnozlarına görə, 2050-ci ildə Ermənistan əhalisinin hər 5 nəfərindən biri 65 yaşdan yuxarı, 3 nəfərindən biri isə 63 yaşdan yuxarı əhali təşkil edəcək ki, bu da ümumi əhalinin 22 faizi deməkdir. Lakin miqrasiya axınının davamlı proses olması və əsasən gənc nəslin ölkəni tərk etməsi fonunda qeyd edilən rəqəmlərin daha yüksək hədlə ifadə olunması proqnozlaşdırılır. Bu da Ermənistanın dövlət olaraq varlığını davam etdirməsini, təhlükəsizliyini ciddi sual altına alır.

Ermənistanın VETO təşkilatının rəhbəri Narek Malyan bildirib ki, bu il ərzində erməni vətəndaşlarının Rusiyaya və digər xarici ölkələrə ən böyük miqrasiyası gözlənilir: “Əminliklə deyə bilərəm ki, bu il misli görünməmiş bir köç olacaq. Ermənistan vətəndaşları böyük qruplar və ailələr halında Rusiya və digər ölkələrə köç edəcək. Xüsusən də köç edənlər Rusiyanın xidmət sektorundakı işləri tutacaq. Əminəm ki, Rusiyanın Rostov, Pskov, Vladiqafqaz və digər orta şəhərlərindən olan erməni emiqrantlar öz vətənlərində yaşayan xalqımıza vətənpərvərlik öyrətməyə davam edəcək”.

Erməni ekspert Baqrat Asatryan da qeyd edib ki, Ermənistan vətəndaşlarının xaricə köç etməsi qarşısıalınmaz prosesdir: “Köç Rusiya istiqamətində onsuz da artmağa başlayıb. Prinsipcə, ölkədən getmək istəyənlərin çox olacağı gözlənilir”. Köç edənlərin say artımı həm də Ermənistanda ordunun şəxsi heyətlə komplektləşdirilməsi baxımından ciddi problemlərin yaranması deməkdir.