Sevinc Azadi |
XXI əsrin mənəviyyat və ədalət müharibəsini aparan Azərbaycandan fərqli olaraq mövcud erməni dövləti və erməniçilik bəşəri və tolerant prinsiplərə əsaslanan milli-mənəvi dəyərlərimiz qarşısında hər zamankı kimi aciz və gücsüzdürlər
Azərbaycan xalqının min illər boyu mövcud olan ənənəvi hərbi döyüş sənəti öz özəlliyini bu gün də qoruyub saxlayır, hətta döyüş zamanı özünəməxsus ədalətlilik prinsipləri qabarıq şəkildə özünü biruzə verir. Ordumuz müharibə zamanı düşməni riyakar, qeyri-etik üsullarla deyil, üzbəüz şəkildə döyüşərək məğlub etmək taktikasına üstünlük verir. Lakin uzun illər boyu Azərbaycanın Qarabağ bölgəsini və digər ərazilərini işğalda saxlamış erməni qəsbkarlarının hərbi taktikasında nə I Qarabağ müharibəsində, nə də 44 günlük Vətən Savaşında bu mənəvi-insani dəyərləri görmək mümkün olmamışdır. Torpaqlarımızın işğalı zamanı azərbaycanlılara qarşı Xocalı, Bağanis-Ayrım, Ağdaban, Qaradağlı soyqırımlarında öz qeyri-insani əməllərini və vəhşiliklərini nümayiş etdirən ermənilər bütün müharibə qanunlarını pozaraq, beynəlxalq hüququn prinsiplərini tapdalayaraq, Azərbaycanın yaşayış məntəqələrini dağıdıcı silahlarla atəşə tutaraq mülki əhalinin ölümünə, sağlamlıqlarının itirilməsinə və əmlakına ciddi ziyan vurmağa səbəb olmuşdur.
44 günlük Vətən savaşı zamanı cəbhədə məğlubiyyətə düçar olan Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozaraq dinc sakinləri və mülki infrastrukturu hədəf almışdır. Belə ki, Ermənistan silahlı birləşmələri hərbi hədəfli obyektlərin vurulması adı ilə döyüş bölgəsindən xeyli uzaqda yerləşən, mülki əhalinin sıx yaşadığı əraziləri və məntəqələri ağır artilleriyadan atəşə tutaraq dinc əhaliyə qarşı cinayətlər törətməkdə davam etmişdir. Vətən müharibəsi başlanan vaxtdan Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi, Goranboy şəhərləri və digər yaşayış məntəqələri raket hücumuna məruz qalmışdır. İstifadəsi qadağan olunan xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövləti BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququn normalarını, Cenevrə konvensiyalarını, xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətini, müharibə cinayətlərini davam etdirmişdir.
Göründüyü kimi, zaman-zaman Azərbaycanın dövlətçilik sistemi ilə rəqabətdə olduqca cılız görünən, öz saxta tarixləri ilə rəqabət yaratmağa çalışan erməniçilik və mövcud erməni dövləti, hər zaman olduğu kimi bu gün də siyasi və hüquqi təsisatlarımız, ümumbəşəri və tolerant prinsiplərə əsaslanan milli-mənəvi dəyərlərimiz qarşısında aciz və gücsüzdürlər.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında bildirib: “Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı”. Ölkə başçısı daha sonra qeyd edib: “Müharibə başlayarkən mənim hərbi qulluqçulara dərhal verdiyim əmrlərdən biri ləyaqətlə, mötədil davranmaq, mülki vətəndaşlara zərər yetirməmək barədə oldu. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunu aydın göstərdi: “Biz əraziləri azad edirdik. Bu ərazilərdən bəziləri qanunsuz məskunlaşmışdı. Ona görə də bizim hücumlarımız, texniki imkanlarımız yalnız hərbi obyektlərə yönəlmişdi. Ermənistan tərəfdən 40-dan az olan qurbanların böyük hissəsi hərbi əməliyyatlarda iştirak edib”.
Bəli, Azərbaycanın qəhrəman ordusu təkcə Qarabağı işğaldan azad etmədi, həmçinin Azərbaycan tarixinin yeni bir mərhələsini yaratdı. İgid əsgərlərimizin mənəvi-insani dəyərlərə söykənərək beynəlxalq hüququn bütün prinsipləri, müharibə qaydaları çərçivəsində yaratdığı tarix yazılacaq Azərbaycan hərb tarixinin yeni səhifələrində şərəfli, ləkəsiz, olduqca şəffaf bir şəkildə əks olunacaq. Bunun əksi olaraq, erməni hərb tarixinin səhifələrində erməni əsgərlərinin azərbaycanlı mülki şəxslərin qatili olması ilə bağlı çoxsaylı ifadələr, onların nə qədər qeyri-insani, qəddar bir düşüncəyə, təfəkkürə sahib olduqları barədə faktlar öz əksini tapacaq.