KÖŞƏ

Sevinc Azadi

Mins qrupunun fəaliyyətinə ehtiyac varmı?

09 aprel 2021 21:36
1937

Otuz ilə yaxın idi ki, dünyanın aparıcı dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlarından, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə 1992-ci ildə yaradılan, amma fəaliyyətsizliyi ilə tarixə düşən ATƏT-in Minsk qrupu həmsədrlərindən ədalətli mövqe gözləyən Dağlıq Qarabağ münaqişəsi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun şücaəti sayəsində öz həllini tapdı. Ölkəmizi daim düşündürən "ATƏT-in Minsk qrupu nə üçün 30 ilə yaxın müddətdə işğalçıya "dur" demək istəmədi" sualını 44 günlük İkinci Qarabağ müharibəsi ətraflı cavablandırsa da, qurumun son bəyanatı bir daha ötən illərə nəzər salmağı zərurətə çevirir. Daim beynəlxalq səviyyədə də bu mühüm məqam etiraf edilirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgədə sülhün, təhlükəsizliyin, iqtisadi tərəqqinin əldə olunmasına böyük maneədir. Bir qayda olaraq məsələ belə qoyulurdu ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu məsələnin nizamlanması istiqamətində səylərini artırmalı, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasına nail olmalıdır. Bu gün də sual olunur: 44 gündə Azərbaycan Ordusu bu qərar və qətnamələri icra etdi, bəs nə üçün ATƏT-in Minsk qrupu yaradılan möhkəm hüquqi baza əsasında onları 30 ildə icra edə bilmədi? Ona görə ki, həmsədrlərlə danışıqlar Ermənistanın maraqlarına uyğun olaraq manipulyasiyaya xidmət edirdi. Artıq Bakı, Moskva və Ankara formatında bu münaqişə həll edildi. Minsk qrupunun fəaliyyəti bununla sona çatdı.

Xatırladaq ki, Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki onların xahişləri əsasında qəbul edərkən çox açıq şəkildə masada onun qarşısında əyləşən diplomatları, Minsk qrupunu və diplomatların təmsil etdiyi  dövlətləri  tənqid etdi.  Dövlət başçısı diplomatlarla çox sərt danışaraq bildirdi ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi”. 

Azərbaycanın dövlət başçısı təbii ki, öz mülahizələrində tamamilə haqlıdır. Minsk qrupu diplomatlarının düz 1 ildən sonra Bakıya gələrək münaqişənin nizamlanmasına guya ki, töhfə vermək niyyətləri artıq rəsmi Bakı və ictimaiyyətimiz təfəfindən ikrahla qarşılanmaqdadır. Təkcə son 1 il ərzində ermənilərin atəşkəsi müntəzəm olaraq  Azərbaycan və Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində və Qarabağda pozması, iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ölkəmizə qarşı hərbi hücum,  bir qədər sonra Goranboyda Ermənistan ordusunun hərbi diversiya cəhdi, müharibəyə qədər   Ermənistanın Qarabağa  qeyri-qanuni olaraq Livan ermənilərini köçürməsi, işğal altındakı torpaqlarda açıq – aşkar şəkildə ASALA və PKK terrorçularının yerləşdirilməsi, Ermənistan rəhbərliyinin və separatçıların  “Yeni müharibə - yeni ərazilər” xarici siyasət doktrinası, Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı və Şuşada “yallı” oynaması fonunda ağızlarına su alıb duran Minsk qrupunun həmsədrləri bu proseslərdə hansı mövqeni sərgilərdi? Bütün bu təxribatlar fonunda mövqesizlik və səssizlik nümayiş etdirən Minsk qrupunun həmsədrləri indi hansı haqla Bakıya gələrək Qarabağla bağlı bizə yol göstərmək istəyirlər?

Bir neçə gün öncə Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışında yenidən bu məsələyə toxundu və növbəti haqlı tənqidini dilə gətirdi. Həqiqətən də Minsk qrupunun həmsədrləri Ermənistanın illərdir ki Azərbaycan torpaqlarını işğal altında saxlamasına görə məsuliyyət daşıyan tərəflər sırasında yer alır. Təsadüfi deyil ki, Azərbaycanda əksəriyyət həmsədrlərin bu səfərlərinə bir turist gəzintisi kimi baxırdı. ABŞ, Fransa və Rusiya dövri olaraq öz təmsilçilərini dəyişirdilər, lakin onların heç birinin işində irəliləyiş müşahidə edilmirdi. Obrazlı desək, həmsədrlərin kimliyindən asılı olmayaraq onların fəaliyyəti sabit səmərəsiz olaraq qalırdı. Minsk qrupu yaradılandan, xüsusi həmsədrlik institute təsis edildikdən sonra onlar müxtəlif bəhanələrlə işğalçını müdafiə edirdilər. Həmsədrlər onun qurbanı olan tərəfin isə haqq sözünü bir dəfə də olsun real işi ilə təsdiq etmədilər. Bunun kökündə islamofobiyadan qaynaqlanan ikili standartlar siyasəti dururdu. Çünki beynəlxalq təşkilat, əslində, obyektiv olmalı, dini fərqləri siyasi müstəviyə gətirməməlidir. Bu, baş verirsə deməli, siyasi kurs qüsurludur. Bu qrupun Qarabağ münaqişəsini həll edə bilməyəcəyi dəqiqləşdikdən sonra Azərbaycan münaqişəni güc yolu ilə çözdü. Deməli, bununla da Minsk qrupunun fəaliyyətinə olan ehtiyac aradan qalxmış oldu.