KÖŞƏ

Sevinc Azadi

Paşinyanın hədəfləri absurdluğun fövqündə dayanır

06 yanvar 2021 19:17
1863

Ermənistanın başabəla baş naziri Nikol Paşinyanın xəyal dünyası zəngindir və utopik ideyalarını siyasi, iqtisadi və sosial gərginlikdən sarsılmış erməni xalqına sırımağa çalışır. Ağır və acı məğlubiyyətin gətirdiyi sarsıdıcı böhran Ermənistanı labirintin içinə saldığı məqamda Paşinyan 2021-ci il üçün qarşıya qoyulan hədəfləri açıqlayır. Onun fikrincə, Ermənistan hökumətinin qarşıdakı dövr strategiyasının ideyası milli dəyərlərə, milli hədəflərə və ictimai tələbata əsaslanır. Milli hədəflər, ictimai tələbat adı altında sırınan ideyalarda yeni işğalçılıq strategiyasının həyata keçirilməsi planları da açıq sezilməkdədir.

Paşinyanın ən maraqlı prioritetinin yükü isə deyəsən erməni qadınlarının çiyinlərinə düşəcək. Çünki Baş nazir ölkə əhalisinin sayını artırmaq üçün erməni analarının hər birinin ən azı 4-5 uşaq doğmasını böhrandan əsas çıxış yolu kimi görür: “Bu ağır dövrdə kədərli və narahatlıq, Bəli, biz uşaqlarımızın, nəsillərimizin xoşbəxtliyini, səadətini unutmamalıyıq, çünki heç bir başqa məqsəd övladlarımızı xoşbəxt etmək istəyi qədər bizə yaşamaq gücü vermir. Daha da güclü və qüdrətlı olmaq üçün daha çox uşaq dünyaya gətirməliyik. 4-5 uşaqlı ailələr bizim üçün norma olmalıdır. 2021-ci ildən biz analığın təşviqi üzrə yeni dövlət proqramlarını həyata keçirməliyik, çünki məhz doğum və analıq bizim həyat qabiliyyətimizin və qüdrətimizin danılmaz rəmzidir”.

Görünür, Paşinyan anlamır ki, əhalinin say artımı üçün təkcə qadınların çiyinlərinə vəzifə yükləməklə problemi həll etmək mümkün deyil. Hər bir ölkədə əhalisinin sayını onun iqtisadi potensialı və qonşularla qurduğu iqtisadi, siyasi və hərbi münasibətlər müəyyənləşdirir. Bir ölkə əgər qonşularıyla düşmən münasibətindədirsə və onun ərazilərinə iddialıdırsa, bu, yeni ağır müharibələrə dəvətnamə göndərməklə qalmır, həm də sözügedən ölkəni regional iqtisadi əməkdaşlıqlardan məhrum edir. Nəticədə iqtisadi cəhətdən özünü böyüdə bilməyən ölkənin vətəndaşları istər-istəməz xaricə köçmək məcburiyyətində qalır. Analar, gecə-gündüz işləyib balalarının sayını artırsa da, 4-5 uşaq ailələrin adi normasına çevrilsə də, vətəndaşların işgüzarlıq imkanlarını yüksəltmədən bu məqsədə nail olmaq mümkün deyil. Necə ki, 200 il bundan əvvəl Ermənistana köçürülən ermənilərin sayında o dövrdən indiyədək ciddi artım olmayıb. Amma bu o demək deyil ki, erməni anaları öz vəzifə borclarını yerinə yetirməyiblər. Onlar 200 il ərzində yenə doğub-törədiblər. Sadəcə doğduqları uşaqları Ermənistanda saxlamaq mümkün olmayıb. Erməni gənclərinin böyük əksəriyyəti işsizlikdən, müharibə təhlükəsindən qaçıb ya Rusiyada, ya da Qərb ölkələrində sığınacaq tapıblar. Təsadüfi deyil ki, bu gün təkcə Rusiyada Ermənistandan çox erməni yaşayır.

Son 30 ildə Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasəti yürütməsinin ağır nəticələri ortadadır. Düşmənçilik sayəsində regional beynəlxalq layihələrdən kənarda qalan Ermənistan bir çox iqtisadi fürsətləri itirməklə qalmadı, həm də 44 günlük müharibədə əli silah tutan minlərlə əsgərini, ordusunun böyük qismini itirdi. Bu gün bir çoxlarının meyiti belə tapılmayan həmin erməni əsgərləri də Paşinyanın ümidlə göz dikdiyi erməni qadınların bətninin məhsulları idi. Və Ermənistan nə qədər ki bu siyasətindən əl çəkməyib, o məhsullar bu dövlətin quruculuğunun daşı-palçığı ola bilməyəcəklər.

Paşinyanın utandığından erməni xalqının qarşısına çıxa bilməyib, sadəcə yazılı şəkildə media orqanlarına göndərdiyi təbrik mesajında isə bu ağır məğlubiyyətdən nəticə çıxarmadığı görünür. O, hələ də Ermənistan ordusunun yeniləşdirilməsi və Dağlıq Qarabağın statusunundan danışır. Bununla da sanki bizə revanşa hazırlaşdığı mesajını verməyə çalışır. Paşinyana ən yaxşı cavab isə Prezident İlham Əliyevin Yeni il mesajındakı bu cümlələrdir: “Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq”.

Göründüyü kimi, Paşinyanın irəli sürdüyü bu iddialar müasir geosiyasi və iqtisadi şərtlər çərçivəsində reallıqla səsləşmir. Onun açıqladığı hədəflər, qurduğu planlar absurdluğun fövqündə dayanan düşüncədən o tərəfə getmir.