KÖŞƏ

Sevinc Azadi

Dövlət-xalq-ordu birliyi qələbənin rəhnidir

04 noyabr 2020 18:55
1726

Baxmayaraq ki, Azərbaycan Ordusunun maddi təchizatı ən yüksək səviyyədədir və dövlətimiz bu məsələyə xüsusi diqqətlə yanaşır, hazırkı şəraitdə Silahlı Qüvvələrimizə dəstək verməyi hər kəs özünə mənəvi borc hesab edir

1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, öz zəngin dövlət idarəçiliyi təcrübəsi, rasional düşüncəsi, iradəsi, qətiyyəti sayəsində dövlətin digər atributları ilə yanaşı, Milli Ordu quruculuğuna başlamasaydı, nələrin baş verəcəyini göz önünə gətirmək belə mümkünsüz görünür. Qısa zamanda Milli Ordunun formalaşması üçün təcili və təxirəsalınmaz tədbirlər başlandı. Hər şeydən əvvəl bütün silahlı qüvvələr vahid komandanlıq altında birləşdi, ciddi struktur və kadr dəyişiklikləri həyata keçirildi və ordunun siyasiləşdirilməsi kəskinliklə aradan qaldırıldı. 1994-cü il yanvarın 24-də ümummilli lider Heydər Əliyev cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xeyir-dua verərkən deyirdi: “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır”.

Artıq bir aydan çoxdur ki, Azərbaycan xalqı öz Vətən müharibəsini qürurla davam etdirir. Erməni isğalçı qüvvələri tarixi, əzəli Azərbaycan torpaqlarında xalqımıza qarşı hərbi əməliyyatlar aparmaqdadır. Azərbaycanın müzəffər ordusu düşmənin layiqli cavabını verərək yeni zəfər tarixi yazır. Döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə və ləyaqətlə yerinə yetirir.

Son hadisələr Azərbaycan Silahlı Qüvvələrinin gücünü və yüksək döyüş qabiliyyətini aydın nümayiş etdirdi. Erməni işğalçıları əmin oldular ki, onların qarşısında 1990-cı illərin əvvəllərində olduğu kimi, pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunan döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir. Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində bu gün ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirir. Təbii ki, bütün bunlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır.

Arxa cəbhədə də xalqımız böyük ruh yüksəkliyi, birlik, əzm nümayiş etdirir. Dövlət qurumları, özəl şirkətlər, iş adamları, sıravi vətəndaşlar Silahlı Qüvvələrə Yardım Fonduna müəyyən məbləğlərdə ianələr edirlər. Baxmayaraq ki, Azərbaycan Ordusunun maddi təchizatı yüksək səviyyədədir və dövlətimiz bu məsələyə hər zaman xüsusi diqqət yetirib. Sadəcə, hazırkı şəraitdə Azərbaycan Ordusuna dəstək verməyi hər bir vətəndaşımız özünə mənəvi borc hesab edir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər. Ümumiyyətlə, Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün əks-hücum hərbi əməliyyatlarına başladığı vaxtdan bu yana Silahlı Qüvvələrə Yardım Fonduna 77.906.626,24 manat, 10.777.425,16 ABŞ dolları, 147.255,19 avro və 5.057.550,00 rubl vəsait daxil olub. Son bir ay ərzində Fonda təxminən 96 milyon 400 min manatdan artıq vəsait köçürülüb. Fonda yığılan ümumi məbləğ 218 milyon manata yaxındır. Bu, bir daha  göstərir ki, Azərbaycan xalqı torpaqların azad edilməsi üçün keçirilən əks-hücum hərbi əməliyyatlarını tam qüvvəsi ilə dəstəkləyir və sonadək Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun və Ali Baş Komandanın arxasındadır. Orduya yardım üçün köçürülən vəsaitlər bu dəstəyin əyani göstəricisidir. Bundan başqa, müəyyən şəxslər tərəfindən vətəndaşların topladığı qida və digər ləvazimatlar cəbhə xəttinə çatdırılır. Göründüyü kimi, döyüşlər başlayandan bəri xalq yumruq kimi bir olaraq dövləti, dövlət başçısını müdafiə edir. Prezident İlham Əliyevin də bildirdiyi kimi “Biz haqq yolundayıq, yumruq kimi birik. Bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir”.

Xalqımız tam əmindir ki, dövlətimizin qətiyyətli mövqeyi, ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən əks-hücum əməliyyatları otuz ildən artıq davam edən işğala, ədalətsizliyə son qoyacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin həyatında, inkişaf tarixində yeni bir mərhələ başlayacaq!