KÖŞƏ

Sevinc Azadi

Ermənistanın xəyalları və hədəfləri necə puç oldu?

21 oktyabr 2020 18:47
1907

Paşinyanın qızının etirafı birbaşa baş nazirin məğlubiyyətindən, ailəsindəki xəyal qırıqlığından və təslimçilik ovqatından xəbər verir

Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq cəbhəboyu gedən döyüşlərdə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir qismini azad edib. Beləliklə, ordumuz işğal altında olan doğma torpaqlarımızda həyata keçirilən döyüşlərdə üstünlüyü ələ alıb və şəhər, kənd və bir sıra yüksəkliklərin düşmən tapdağından azad olunmasına nail olub. Belə ki, artıq Cəbrayıl, Füzuli və Zəngilan rayon mərkəzləri də daxil olmaqla sözügedən bölgələrdə yaşayış məskənlərinin mütləq əksəriyyəti, o cümlədən Hadrut qəsəbəsi və Xocavənd rayonunun bir sıra kəndləri düşmən tapdağından azad olunmuşdur. 

Azərbaycan əsgərinin cəbhənin müxtəlif istiqamətlərində davam edən döyüşlərdə qazandığı qələbələr Ermənistan ordusunu sözün əsl mənasında qorxuya salıb. Elə bunun nəticəsidir ki, minlərlə canlı qüvvə, xeyli sayda silah-sursat və hərbi texnika itkisi ilə üzləşən Ermənistan ordusu artıq məğlubiyyəti ilə barışmaq ərəfəsindədir. Erməni əsgərinin çiyinlərindən asdığı silahların, sürdüyü tankların şanlı Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsi düşmən tərəfdə açıq-aşkar ruh düşkünlüyü yaradıb. Görünən odur ki, şəxsi heyət sarıdan əziyyət çəkməyə başlayan Ermənistan ordusu həm də əsgər qıtlığı ilə üzləşib. Eyni zamanda, bütün bu olaylar Ermənistanda daxili çaxnaşmalara gətirib çıxarıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə Azərbaycan Ordusu ilə davam edən döyüşlərdə məğlubiyyətlə üzləşdiyi bir dövrdə daxili qarşıdurmaların baş qaldırmasından ciddi narahatdır. Çünki davam edən döyüşlər fonunda Ermənistan iqtisadiyyatı bir az da böhrana uğrayıb. Belə bir vəziyyətdə Nikol Paşinyan Ermənistan vətəndaşlarının onu devirəcəyindən qorxur.

Son 20 gündə baş verənlərə nəzər yetirsək, Ermənistanın artıq çıxılmaz duruma düşdüyünü müşahidə edərik. Çünki Azərbaycanın Ali Baş Komandanının əzmi və qətiyyətli addımları göstərdi ki, Ermənistanın başqa çıxış yolu yoxdur - Ermənistanın hərbi qüvvələri işğal altında olan torpaqlarımızdan çıxmalıdır. Elə bu səbəbdən də Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən artıq ağ bayraq qaldırılır. Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan artıq kapitulyasiya (döyüşən tərəflərdən birinin öz müqavimətini dayandıraraq rəqibin şərtlərini qeyd-şərtsiz qəbul etməsi) olmaq astanasındadır. Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edilib. Hazırda Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır.

“Xəyallarımız və hədəflərimiz puç oldu. Xəyallarımız isə əsgərlərimiz və vətənimizlə bağlı idi”. Bu bədbin cümlələri Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Maryam Paşinyan "Facebook" səhifəsində yazıb. Sosial şəbəkə istifadəçiləri və yerli mətbuat dərhal onu "topa tutub". Baş nazirin ailəsinin belə bir bədbin ab-havada olması ciddi müzakirə mövzusuna çevrilib. Erməni saytları yazır ki, indi insanlarda daha çox vətənpərvərlik ruhunu yüksəldən fikirlər səsləndirilməlidir. Bu mənada ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadələrin eşidilməsi xoş deyil. Paylaşıma şərh yazanların əksəriyyəti bildiriblər ki, məhz Maryamın atası Paşinyan ölkəni uçuruma sürükləyib.

Rusiyanın “Dojd” kanalının Xankəndidəki müxbiri Aleksey Korostelyov isə son reportajında Qarabağdakı vəziyyətlə bağlı danışıb. O bildirib ki, Xankəndi, demək olar, boşalıb. Xocavənd və Ağdərə rayonlarının mərkəzlərində eyni vəziyyət hökm sürür. Burada az sayda qoca kişilər qalıb. Jurnalist qeyd edib ki, erməni ordusunun sıraları hazırda Ermənistandan gələn könüllülər hesabına doldurulur, itki çoxdur, hər gün meyitlər daşınır. Hərbçilərdən müsahibə almaq, şəklini çəkmək, hərbi texnikanın fotosunu çəkmək qəti qadağandır.

Təqdim etdiyimiz hər iki qeyd Ermənistanda və işğal altında olan real vəziyyəti özündə əks etdirir. Ekspertlərin proqnozlaşdırdıqları kimi, cəbhədə ağır məğlubiyyət erməni cəmiyyətində dərin məyusluq yaratmaqla bərabər, siyasi hakimiyyəti də çətin vəziyyətdə qoyub. Paşinyanın qızının etirafı isə birbaşa baş nazirin ailəsindəki xəyal qırıqlığından və təslimçilik ovqatından xəbər verir. Artıq Ermənistanda vəziyyətdən çıxmaq üçün daxili müzakirələr başlayıb, Paşinyan bütün siyasi qüvvələrlə məsləhətləşmələr apararaq gələcək addımları müzakirə edir. Qarabağ ətrafı rayonların bir-bir əldən çıxması, nəhəng hərbi itkilər hakimiyyətin çıxış yollarının məhdud olduğunu göstərir. Vəziyyəti bu həddə gərginləşdirən əsas səbəblərin başında Azərbaycandan ağılagəlməz dərəcədə böyük güc tətbiqi, beynəlxalq birlikdən, erməni lobbisindən, nəhayət, Rusiyadan ehtimal olunan ciddi dəstəyin gəlməməsi durur. Ermənistan hakimiyyətinin siyasi və hərbi resursları isə getdikcə tükənir. Rusiyalı jurnalistin qeydlərində bu barədə ətraflı məlumat verilir: itkilər çoxdur, ölənlərin yerini Ermənistandan göndərilən "könüllülər"lə doldurmağa çalışırlar... Bu "könüllülər"in kimlərdən ibarət olması isə qısa müddətdə üzə çıxır: Müdafiə Nazirliyinin açıqladığı ölü siyahısında daha 18-19 yaşlı gəncləri nadir hallarda görmək olur, indi onları 30-60 yaşlarında olan hərbçilər əvəzləyir.

Paşinyan isə daxildə başlatdığı müzakirələrdə qarşısına əsas hədəf kimi məğlubiyyətin məsuliyyətini üzərindən atmağı qoyub. O, hərbi əməliyyatların başlanma səbəbini guya Dağlıq Qarabağın statusu məsələsində razılığa gəlinməməsinə bağlayır. Özünün “Qarabağ Ermənistandır”, “Sülh üçün yeni ərazi işğalı“ tezislərinin müharibəni qızışdırdığını inkar edir. Baş nazir əmindir ki, 30 illik üstün mövqelərin əldən verilməsinə görə ondan ciddi hesab soruşulacaq. Artıq daxili rəqiblər onun yaxasından yapışıb Şuşada, Xankəndidə Azərbaycanı qəzəbləndirən hoqqabazlığa görə fəlakətlə üzləşdiklərini deyirlər.