KÖŞƏ

Sevinc Azadi

Paşinyanın yeni ordusu:  “könüllülər” adı altında terroristlər

03 sentyabr 2020 10:34
1869

Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı diplomatik məğlubiyyətləri, onun son biabırçı müsahibələri cəmiyyətdə reytinqinin aşağı düşməsi ilə nəticələnib və bu vəziyyətdən çıxmaq, müəyyən dividentlər qazanmaq və eyni zamanda, erməni ordusunda hökm sürən ruh düşkünlüyünü aradan qaldırmaq üçün Qarabağa səfər edib, hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb, Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində törədilmiş təxribatlarda “fərqlənmiş” hərbçiləri mükafatlandırıb. Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərinə, o cümlədən Dağlıq Qarabağa səfərlərinin intensiv xarakter alması Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkmək niyyətində olmadığını, əksinə, rəsmi İrəvanın hərbi əməliyyatların bərpası üçün yeni təxribatlara əl atacağını sübuta yetirir. Ermənistanın baş nazirinin Qarabağa son səfərində işğalçı ordunun və onun nəzarəti altında olan qanunsuz hərbi birləşmələrin obyektlərinə baş çəkməsi bu faşist törəməsinin öz sələflərindən geri qalmadığını sübut edir. Həm bütün bunların, həm də Ermənistandakı ağır iqtisadi böhranın daha da dərinləşdiyi, ölkənin xarici borcunun 8 milyard ABŞ dollarını keçdiyini, ümumi daxili məhsulu 60 faiz, dövlət büdcəsini 2,5 dəfə üstələdiyini, büdcə kəsirinin 200 milyon ABŞ dollarına yaxınlaşdığını nəzərə alsaq, hərbi ritorikanın gücləndirilməsinin əsas səbəblərindən birinin diqqətin daxili problemlərdən yayındırmasına xidmət etdiyini söyləmək mümkündür.

Məlum olduğu kimi, Ermənistan hakimiyyəti “Müdafiə haqqında” qanuna əlavə və dəyişikliklər etməklə, “könüllü hərbi birləşmələr” adı altında orduya muzdluların cəlb olunması üçün hüquqi baza yaratmaq niyyətindədir. Diqqətlə təhlil etdikdə aydın olur ki, könüllülərin orduya cəlb olunmasında əsas məqsəd heç də ordunun gücləndirilməsi deyil. Bu vasitə ilə hər şeydən öncə Paşinyan orduda özünə sadiq qüvvələr yaratmaqla siyasi rəqibləri önündə üstünlük qazanmağa çalışır. Əsas məqamlardan biri orduda yeni güc mərkəzi yaratmaqla Paşinyana qarşı mümkün iğtişaşlara cavab vermək üçün sadiq qüvvələr əldə etməkdir. Ona görə də hazırda bu dəyişikliyin həyata keçirilməsi ilə bağlı addımlar atılmaqdadır. Amma bu formada şübhəsiz ki, ordunu gücləndirmək olmaz. Çünki insani resursların qıtlığı, vətəndaşların, hərbi qulluq yaşına çatmış gənclərin, ümumiyyətlə, əhalinin ölkəni tərk etməsi Ermənistanda ordu quruculuğu işini də iflic vəziyyətinə salıb. Bundan əlavə xalqın hakimiyyətə və orduya inamsızlığının nəticəsidir ki, heç kim hərbi xidmətə getmək istəmir. Buna görə də Ermənistan silahlı qüvvələrində hərbi xidmətə çağırışçı və səfərbərlik ehtiyatlarının çatışmazlığı səbəbindən xarici ölkələrdən gətirilən muzdluların istifadə edilməsi praktikası geniş tətbiq olunur. Belə ki, ermənistan tərəfi “Repartasiya haqqında” (repartasiya - köç etmiş mühacirlərin vətənə qayıtması) yeni qanunun qəbuluna hazırlaşmaqla nəinki xaricdə yaşayan ermənilərin, hətta sözdə ermənilərlə identik olan digər xalqların nümayəndələrinin, əslində isə terrorçuların, hərbi cinayətkarların ölkəyə gəlişini və Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılmasını asanlaşdırmaq niyyəti güddüyünü ortaya qoymuş olur.

Xatırladaq ki, iyulun ortalarındakı gərgin döyüşlərdən sonra Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədindəki vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan ordusu Azərbaycan tərəfinə atəş açmaqda və vəziyyəti ağırlaşdıra biləcək təxribat xarakterli əməllər törətməkdə davam edir. Bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupu Azərbaycanın Goranboy rayonu istiqamətində təxribat törətməyə çalışarkən həmin dəstənin komandiri Azərbaycan Ordusu tərəfindən ələ keçirilib. Bu da sübut edir ki, Yerevan beynəlxalq öhdəliklərini açıq şəkildə pozmaqda davam edir. Ermənistan rəhbərliyi bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün bir fürsət kimi qiymətləndirib. Beləliklə, işğal olunmuş Azərbaycan ərazilərində qurulmuş separatçı rejimin lideri Livandan olan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib və Ermənistanın İctimai Radiosunun yaydığı xəbərə görə, artıq bir neçə livanlı erməni ailəsi bölgədə yerləşdirilib.

Qeyd edək ki, Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı ATƏT-in faktaraşdırma missiyalarının müvafiq hesabatlarında da əksini tapıb. Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması Ermənistanın “repatriasiya” və “humanitar yardım” adı altında ilhaq siyasətinin bir hissəsidir. Məskunlaşma siyasətinin aparılması və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.