KÖŞƏ

Sevinc Azadi

Azərbaycan regionda lider olduğunu yenidən təsdiqlədi

24 avqust 2020 15:28
4948

Bu ilin ötən dövrü ərzində sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və sosial həyatına mənfi təsirini azaltmaq məqsədilə hökumət tərəfindən sistemli tədbirlər davam etdirilir. Tədbirlər Planına uyğun olaraq, sosial paketin tam icra edilməsi karantin və pandemiya dövründə vətəndaşların yaşayışına çox ciddi köməkdir. Azərbaycan nadir ölkələrdəndir ki, pandemiyaya rəğmən sosial proqramlar ixtisar olunmayıb. Bunun nəticəsidir ki, Azərbaycan koronavirusla mübarizədə dünyada az sayda nümunəvi ölkələrdən biridir. Bunu həyata keçirilən sosial layihələrdən aydın görmək olar. Prezident İlham Əliyevin pandemiya ilə mübarizə dövründə yeni iqtisadi və sosial paketi çərçivəsində hazırlanan dövlət dəstəyi proqramları da prosesin tərkib hissəsidir. Maliyyə həcmi 3 milyard manat olan bu sənədləri müstəqillik tariximizin ən böyük iqtisadi dəstək proqramı adlandırırlar. Təqdim edilən yeni təkliflər genişmiqyaslı olmaqla pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır.

Epidemiyanın yaratdığı fəsadlara və çətinliklərə baxmayaraq, ölkədə heç bir sosial layihə ixtisar olunmayıb. Sosial təminat istiqamətində tədbirlərin sayı daha da artırılır. Dövlətin dəstək proqramına uyğun olaraq, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılır. Hökumət xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini sabit saxlamaq üçün dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin, işçilərin əməkhaqqının qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirib.

Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb. Belə ki, ötən dövr ərzində dövlət başçısının tapşırığı ilə ünvanlı sosial yardım proqramının əhatə dairəsi genişləndirilib. Hazırda 84 min ailənin 350 min üzvü bu yardımla əhatə olunub. Həmçinin bu il şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev, 400 avtomobilin verilməsi nəzərdə tutulub. 65 yaşdan yuxarı ahıl şəxslərə sosial xidmətlərin göstərilməsi proqramı 15 min nəfəri əhatə edir. Xüsusi karantin rejimi dövründə 100 mindən çox ailəyə 200 min ərzaq payı təqdim edilib. Ümumilikdə, sosial təminat proqramları 500 mindən çox insanı əhatə edib və bunun üçün 200 milyon vəsait yönəldilib. Bununla yanaşı, sosial müdafiə üzrə 2 milyon, əmək münasibətlərinin qorunması üzrə 1 milyon 660 min, işsizlik və karantin dövründə gəlirini itirən aztəminatlılar üzrə 700 mindən artıq vətəndaşa dəstək göstərilib.

Görülmüş bu tədbirlər bir daha dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahının dayandığını göstərir. Məsələ ondadır ki, bu istiqamətdə ölkədə sistemli tədbirlər görülüb. Çox az ölkə tapılar ki, pandemiya dövründə belə rekord göstəricilərə imza atsın. Əhalinin say nisbətinə görə regionda və postsovet məkanında bu göstəricilərə sahib ikinci ölkə yoxdur.

Dövlət koronavirusun Azərbaycanda geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşının sağlamlığını qorumaq üçün lazımi işləri həyata keçirib. Qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən "Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verilib. Bölgələri də əhatə etməklə ölkədə 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlanılıb və onlardan 5-i artıq istifadəyə verilib. Tibbi maska və digər avadanlıqlar istehsal edən 2 zavod fəaliyyətə başlayıb.

Təbii ki, pandemiya daha çox sahibkarlıq subyektlərinə mənfi təsir göstərib. Buna görə sərt karantin rejiminin tələblərinə əsasən faəliyyəti dayandırılan iqtisadi-ticari sahələrə dövlət dəstəyini əsirgəmir. Hətta qanunvericilikdə dəyişikliklər edilərək sahibkarlara mümkün olduğu qədər güzəştlər tətbiq olunur. Bu dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi prosesi həyata keçirilir. Hazırda sahibkarlara dövlət dəstəyi davam etdirilir. İş adamlarının güzəştli kredit almaq imkanları genişləndirilir. Aktiv vergiödəyicilərinin əksəriyyəti dövlətdən dəstək alıb və indiyədək 160 milyon manata yaxın maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb.

Bundan başqa, sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb. Belə ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edə biləcək. Müvəkkil kredit təşkilatlarının iştirakı ilə elektron platforma üzərindən dövlət dəstəyinin həyata keçirilməsi mexanizmi MDB-də ilk dəfə Azərbaycanda tətbiq olunur. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur müdaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradır. Eyni zamanda, kredit üçün müraciət sistemi sahibkar tərəfindən izlənə bilən rəqəmsal həllə söykənir.

Bütün bunlarla yanaşı, Azərbaycan pandemiyadan əziyyət çəkən ölkələrə də yardımını əsirgəməyib. Bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərilib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə verib. Bu humanitar və maliyyə yardımı bir daha onu təsdiqləyir ki, Azərbaycan həm dünya miqyasında çox önəmli rol oynayan, həm də ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əlbəttə ki, cənab İlham Əliyevin bu addımları Azərbaycan Prezidentinin humanist, insansevər, yardımsevər siyasətinin bariz təcəssümüdür. Dövlət başçısı bu ağır karantin dövründə də həm öz xalqının maddi, sosial durumunu düşünür, həm də digər ölkələrin vətəndaşlarına dəstəyini əsirgəmir.