KÖŞƏ

Sevinc Azadi

Gücümüz milli həmrəylik və xalq-iqtidar birliyindədir

19 avqust 2020 18:09
5240

Bu gün dünya ölkələri kimi, Azərbaycan Respublikası da yeni növ koronavirusla (COVID-19) mübarizə aparmaqdadır. Prezident İlham Əliyev tərəfindən sözügedən virusa qarşı vaxtında görülmüş məqsədyönlü kompleks mübarizə tədbirləri ölkəmizdə irimiqyaslı təhlükələrin qarşısının alınmasında əvəzsiz rol oynayır, həmçinin virusun daha çox insana yayılma sürətini kəskin şəkildə azaldıb. Ölkə başçısının müəyyənləşdirdiyi çevik və düzgün siyasət təkcə xalqımızın deyil, eyni zamanda, dünyada mövcud problemlə üz-üzə qalmış insanların xilasına yönəlmiş məqsədyönlü strategiyadır və istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən nümunəvi qarşılanır, virusla mübarizədə Azərbaycanın əldə etdiyi uğurlar təqdirəlayiq qiymətləndirilir. Bu, həm də Azərbaycanda düşünülmüş siyasətin, xalqın öz liderinə, dövlətin atdığı addımlara birmənalı inamının, xalqla iqtidar arasındakı birliyin uğurudur.

Hazırda virusun coğrafiyasının genişləndiyini nəzərə alaraq Nazirlər Kabineti tərəfindən kompleks tədbirlər davam etdirilir, aidiyyatı üzrə laborator analizlərin götürülməsi, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilməsi, virusa yoluxan şəxslərin xüsusi xəstəxanalarda müalicə olunması, əhalinin maarifləndirilməsi və digər təxirəsalınmaz işlər görülməkdədir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə vətəndaşların rifahının daha da yaxşılaşdırılması, siyasi, iqtisadi və digər sahələrdə görülən işlər qısa bir zamanda öz müsbət nəticələrini göstərib. Həmçinin aztəminatlı ailələrə, işsizlərə və pandemiyadan əziyyət çəkmiş sahibkarlıq subyektlərinə davamlı maddi-mənəvi dəstək, göstərilən qayğı bu gün də sevinclə qarşılanmaqdadır. Ölkənin hər yerindən vətəndaşlar Prezident İlham Əliyevə məktub ünvanlayaraq həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, dövlət başçısına dərin təşəkkürlərini ifadə edirlər.  Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın regionlara səfəri, bir sıra açılış tədbirləri, əhali ilə keçirilən səmimi görüşlər zamanı bu qlobal bəla ilə mübarizə aparmaq üçün xalqa müraciətləri, irəli sürülən tələblər və verilən tövsiyələr pandemiya dövrünün həm də ən böyük maarifçilik işi kimi əvəzsizdir. Dövlətinə və xalqına ürəkdən bağlı, uzaqgörən siyasi lider olaraq daim xalqının rifahını düşünən cənab Prezidentin vətəndaşların sağlamlığının qorunması, ölkəmizdə normal həyat ahənginin bərpası baxımından atdığı tarixi addımlar və nümunəvi davranışları da bütün dünya üçün bir örnəkdir.

Pandemiyanın müşahidə edildiyi ilk dövrlərdə Prezident İlham Əliyev yenidən öz qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq həm regional, həm də beynəlxalq miqyasda resurslardan istifadə zərurətini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu dövrdə ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin bir nümunəsi olaraq 10 milyon dollar könüllü ianə edildi, eləcə də 30-dan çox dövlətə humanitar yardım göndərildi.

Ölkə başçısının pandemiya dövründə qlobal liderlik qabiliyyətinin daha bir göstəricisi də dünyaya “COVID-19-a qarşı birlikdəyik” çağırışı oldu. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına 2019-2021-ci illər üzrə sədrlik edən cənab Prezident İlham Əliyev Hərəkatın Zirvə görüşündə BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürdü və dünyanın 130-dan çox dövləti tərəfindən bu təşəbbüs vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan addım kimi müsbət qiymətləndirildi, həmçinin qlobal həmrəyliyə xidmət edən mühüm töhfə hesab olundu. Xüsusilə, vurğulamaq lazımdır ki, BMT səviyyəsində virtual formatda yaxın zamanda keçirilməsi planlaşdırılan belə bir tədbir bir yenilikdir və bu təşəbbüslə cənab Prezident İlham Əliyev sözügedən təşkilatın tarixində də bir ilkə imza atmış oldu. Əlbəttə ki, bu təşəbbüslər həm də ölkəmizin xarici siyasət tarixinə qlobal problemlərin həllində Azərbaycan Respublikasının mühüm töhfəsi kimi daxil oldu.

Bəşəriyyətin xilası naminə humanizm ideyalarının carçısı rolunda çıxış edən Azərbaycan dövləti təkcə çağırışları etməklə qalmır, beynəlxalq təşkilatlara, yardıma ehtiyacı olan ölkələrə müxtəlif formalarda yardımlar göstərir. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırması da bu ümumbəşəri ideaların təcəssümü hesab edilə bilər.