KÖŞƏ

Sevinc Azadi

Bütün dünya təcrid olunmanı tövsiyə edir

23 iyun 2020 10:16
2147

Təəssülər olsun ki, koronavirus adlı bəla hələ də davam etməkdə, iqtisadiyyatları çökdürtməkdə, insan həyatlarını məhv etməkdədir. Hələ də bu bəla ilə bağlı dünyada, bir çox ölkələrdə insanlıq facilələri yaşanmaqdadır. Çox təəssüflər olsun ki, biz də dünyanın bir parçası olaraq, bu bəladan yana keçə, bilmədik. Bu bəla "çağırılmamış qonaq" kimi bizlərin də qapısını döydü. Bu gün koronavirus pandemiyasının bir sıra ölkələr üzrə statistikası insanı dəhşətə gətirir. Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir. Azərbaycan hökuməti virusa yoluxmaların qarşısının alınması və yoluxanların müalicəsi üçün Prezident İlham Əliyevin tapşırığı ilə və bilavasitə nəzarəti altında mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Lakin təhlükəli virusun yayılmasının və böyük faciələrə gətirib çıxarmasının qarşısının alınmasında hamının və hər kəsin iştirakı həyati əhəmiyyət kəsb etməyə başlayıb. Zamanında dövlətin müdaxiləsi nəticəsində pandemiyanın birinci mərhələsini az itkilərlə keçirsək də karantin rejimi yumşaldıqdan sonra koronavirusa yoluxanların sayı kəskin şəkildə artmağa başladı. Artıq Nazirlər Kabineti yanında Operativ Qərargah məcburiyyət qarşısında qalaraq həftə sonları üçün məhdudiyyət tədbirləri tətbiq etdi. Əgər yeni yoluxanların statistikası artan templə inkişaf etsə daha ciddi tədbirlərin görülməsi qaçılmaz olacaq.

Karantin tədbirlərinin yumşaldılması ilə dövlət öz vətəndaşlarının şəxsi məsuliyyətinə etibar etdi. Lakin bəziləri bunu doğru-dürüst anlaya bilmədi. İndi də anlaya bilmir ya da anlamaq istəmir. Vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Karantin tədbirlərinin yumşaldılması məsuliyyətsiz davranmağımıza əsas vermir. Yoluxanlar və itkilər artmaqdadır. Belə ki, bir gündə 491 yeni yoluxmanın qeydə alınması çox ciddi və təhlükəli haldır. “Xəstəlik yoxdur” deyən və səhv informasiya yayanlar bəzi cahil insanların nəzərlərinə virusun təhlükə dərəcəsinə nəzər salmağı tövsiyə edirik.

Dünya alimləri, tibb üzrə mütəxəssislər, infeksionistlər COVID –19-un ağciyərin fəaliyyətinə çox ciddi təhlükə törətdiyini bəyan edirlər. Hətta Çinin Uhan Şəhər Zhongnan Xəstəxanasının həkimləri də koronavirusa yoluxan ağır xəstələrin ağciyərlərində dönməz dəyişikliklərin olduğunu bildirirlər. COVID-19-dan ölən doqquz xəstənin patoloji anatomik müayinələri zamanı aşkar edilib ki, virusa məruz qalma səbəbindən ağciyər toxuması fibrozlaşmağa başlayır, bu da infeksiyadan sağalandan sonra da insana narahatlıq verə bilər. Deməli, koronavirus insanı müalicədən sonra da sağlamlığa təsir edəcək ciddi nəticələrlə təhdid edir. Belə ki, COVID-19 ağciyər həcminin azalmasına və beyinin bütün hissələrinin ölümünə səbəb ola bilər. İnfeksiya müalicəyə tabe olmayan xroniki xəstəlik olan ağciyər fibrozunun əsas səbəbidir. Yoluxanların əksəriyyətinin ağciyərinin həcmində kiçilmə olur. Alveolun divarlarında birləşdirici toxuma yayılması səbəbi ilə hətta sağalmış xəstələrdə belə ağciyər fibrozu inkişaf edə bilər. Bu vəziyyətdə insanda tənəffüsün tezləşməsi, nəfəs darlığı, quru öskürək, oksigenin xroniki çatışmazlığı olur.

FCIM (İngilis reanimasiya tibb fakültəsi) izah edib ki, koronavirusa yoluxmuş insanların ağciyərlərinin selikli qişasının iltihabı nəticəsində yaxınlıqdakı qan damarlarından çıxan maye ağciyərlərin hava qovuqlarına sızaraq nəfəs almağı çətinləşdirir. Mütəxəssislər xəstəliyin əvvəlcə ağciyərlərə təsir etdiyini, sonra böyrəklərə zərər verə biləcəyini iddia edirlər.

Bu gün dünya dövlətləri bu virusdan az itkilərlə çıxmağın axtarışındadır. Dünyanın qabaqcıl alimləri, həkimləri, bioloqları, virusoloqları və başqa mütəxəssisləri koronavirusla əlaqəli apardıqları intensiv araşdırmaların nəticəsi olaraq, yaxın zamanlarda virus əleyhinə vaksinlərin, peyvəndlərin tapılması üçün çalışırlar. Artıq müxtəlif ölkələrdən belə sədalar da eşidilir. Şübhə yoxdur ki, insanlıq bu dəhşətli virusa da qalib gələcək. Hələlik isə bütün dünya bu virusdan qorunmağın yeganə yolu olan təcrid olunmanı tövsiyə edir. Biz də bu yolla özümüzü və yaxınlarımızı yoluxmadan, ölümdən qorumalıyıq.