Sevinc Azadi |
yaxud radikalların növbəti özünüifşası
Azərbaycanın dinamik inkişafı, dünya siyasətində yerinin möhkəmlənməsi və rolunun artması anti-Azərbaycan, ermənipərəst dairələr tərəfindən ciddi narahatlıqla qarşılanır. Belə olan halda, Azərbaycanın müstəqil siyasətinə təsir etmək, müsbət beynəlxalq imicini zədələmək üçün ölkəmizə qarşı “qara piar” kampaniyası aparılır, ictimai rəyi manipulyasiyaya məruz qoymaq məqsədilə müxtəlif cəhdlər edilir. Bu günə qədər qondarma qurumu idarə edən AXCP sədri Əli Kərimli, o cümlədən deputat mandatı olanda iqtidara, olmayanda isə radikal müxalifətə sığınan Cəmil Həsənli və Gültəkin Hacıbəyli zaman-zaman cəmiyyətə öz rüsvayçı əməllərini nümayiş etdirir, satqın və xəyanətkar hərəkətlərindən əl çəkmirlər. Kimliyindən asılı olmayaraq, insanları qarşıdurmaya, çaxnaşma yaratmağa çağırış, əslində, ermənilərə xas olan xüsusiyyətdir. Bütün bunlar onların öz şəxsi maraqları naminə “siyasi fəaliyyət”lə məşğul olduqlarını, mənfəətləri üçün istənilən yola əl atdıqlarını, ən əsası da, siyasətdə təsadüfi olduqlarını nümayiş etdirir.
Qərəzli xarici dairələrdən, ermənipərəst mərkəzlərdən daim siyasi direktivlər alan “beşinci kolon” virtual müstəvidə “fəallıq” göstərərək sosial şəbəkələr vasitəsilə dövlətin əleyhinə təxribat xarakterli məlumatlar - reallıqları əks etdirməyən informasiyalar yaymağa, qarayaxma kampaniyası aparmağa çalışsalar da, hər dəfə uğursuzluğa düçar olaraq gülünc vəziyyətə düşürlər. Belə hallardan biri də bu günlərdə “Milli Şura” adlandırılan qondarma qurumun koordinasiya mərkəzinin videoiclasında qeydə alındı. Azərbaycan cəmiyyəti radikal düşərgədə cəmləşənlərin hansı mənəvi-əxlaqi və siyasi dünyagörüşünə malik olduqlarına bir daha şahidlik etdi. Sözügedən videoiclasda iştirak edən insanların bir-birinə qarşı aqressiv, qeyri-insani münasibətləri, onların “söyüş müxalifəti” olduqların bir daha təsdiqlədi. Adlarını “ziyalı”, “professor”, “demokratiya carçısı” qoyanların dialoq zamanı istifadə etdikləri qeyri-etik ifadələr, küçə söyüşləri cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılandı. Qondarma “Milli Şura”nın videokonfransında radikalların bir-biri ilə söyüşlə danışmaları bu qruplaşmanın qeyri-ciddi və populist, qeyri-etik olduğunu bir daha sübut etdi. Həmçinin videokonfransdan sonra “Milli Şura”da baş verən istefalar bu qurumun əhəmiyyətsiz olduğunu və cəmiyyətə düşmən mövqe bəslədiyini bir daha göstərdi. Bütün bunlar radikal müxalifətin öz maddi maraqları üçün ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirdiklərini bir daha təsdiqlədi.
Bəhs olunan şəxslər bütün bu rəzilliklərdən sonra, heç şübhəsiz ki, xalqdan üzr istəməli idilər. Amma onlar müzakirə predmetinə çevirdikləri azlıqlardan üzr istəməklə xalqa, cəmiyyətə, milli maraqlara və mənəvi dəyərlərə çirkin və sayğısız münasibətlərini ortaya qoydular. Bu, əslində, qrant və ianə üçün bütün tapşırıqlarını yerinə yetirdikləri Avropadakı bəzi qərəzli dairələrə mesaj idi. İsmarıcın mənası isə budur: “Bizim üçün milli mənafe və milli-mənəvi dəyərlər anlayışı yoxdur, biz sizin sadiq xidmətçiləriniz olaraq antixalq və antidövlət mövqeyimizi davam etdiririk”.
Artıq qondarma “Milli Şura” yaddaşlardan birdəfəlik silinmək üzrədir. Söyüşlə müşayiət olunan videokonfransdan sonra qondarma qurumdan istefalar başlayıb. İstefa verənlər açıq şəkildə bəyan edirlər ki, bu qurum xarici anti-Azərbaycan qüvvələrin təsiri altındadır, onların sifarişlərini yerinə yetirirlər. Ona görə də xəyanətkar qurumun tərkibində qalıb ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirə bilməzlər.
Üstəlik, bəhs olunan şəxslər nümayiş etdirdikləri rəzil tamaşanı ört-basdır etmək və ya fərqli formada təqdim etmək üçün hakimiyyəti günahlandırmağa çalışsalar da, buna nail ola - cəmiyyəti aldada bilmədilər. Sonradan tam aydın və məlum oldu ki, özləri məqsədli şəkildə xidmət etdikləri qərəzli dairələrə mesaj vermək üçün qapalı iclası canlı yayıma qoşublar. Bununla da öz daxili aləmlərini və düşüncələrini, kimlərin müdafiəçisi olduqlarını açıq şəkildə ortaya qoymuş oldular.