Sevinc Azadi |
Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyir, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu davam etdirməklə, müharibə məqsədlərinə nail olmağı düşünür.
İşğalçı ölkə münaqişənin sülh yolu ilə həll edilməməsi və mümkün qədər uzanması üçün bütün təxribatlara əl atır. Martın 5-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozması, düşmən qüvvələrin snayperdən açdığı atəş nəticəsində Qazax rayonu Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsindəki sərhədçi əsgərimiz Orxan Nazim oğlu Paşazadənin qətlə yetirilməsi buna bariz sübutdur. Azərbaycan XİN Mətbuat Xidməti İdarəsinin insidentlə bağlı yaydığı açıqlamada bildirilir ki, baş verən bu qanlı insident məqsədyönlü təxribat xarakteri daşıyır və bu cinayətə görə tam məsuliyyət işğalçı ölkə Ermənistanın üzərindədir.
“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan hərbi qulluqçumuzun qətlə yetirilməsi işğalçı Ermənistanın münaqişənin sülh yolu ilə həlli çağırışlarının yalan və riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirir. Məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu kimi cinayətkar və dağıdıcı fəaliyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə və beləliklə də ATƏT-in Minsk qrupunun həmsədrləri simasında beynəlxalq ictimaiyyətin səylərinə birbaşa maneə törədir.
Allah şəhidimizə rəhmət eləsin”, - deyə açıqlamada qeyd olunub.
Beynəlxalq hüququn hər bir subyektinin üzərinə götürdüyü öhdəliklər ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə riayət edilməsindən başlayır. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq”.
Beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri və Helsinki Yekun Aktının prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həllinin siyasi-hüquqi əsasları formalaşıb və beynəlxalq birlik tərəfindən qəbul edilib. Bu, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının muxtar şəkildə birgəyaşayışını nəzərdə tutur. Bu yanaşma tərəflər arasında münasibətlərin normal axara düşməsinə və sülhə nail olunmasına imkan verən əsas çərçivədir. Lakin işğalçı Ermənistan tərəfi illərdir ki, yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozmaqda və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənən işğalçı siyasətini həyasızcasına davam etdirməkdədir. Bu gün də Ermənistan tərəfindən dinc sakinlər güllə-baran edilir, minalanmış ərazilərdə insanlar həlak olur, yaxud şikəst edilir. Son illər isə Ermənistan silahlı qüvvələri azyaşlı uşaqları hədəfə çevirmiş və vəhşicəsinə qətlə yetirmişlər.
Beynəlxalq hüquq sənədlərinin əksəriyyətinə “qoşulan” Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin hüquqi mühakiməsinin həyata keçirilməsi məqsədilə Xüsusi Tribunalın yaradılması, cinayətkarların cəzalandırılması vacibdir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həlli üçün səylərin davam etdirilməsini zəruri saysa da, ərazi bütövlüyünün pozulması ilə uzun müddət barışmaq niyyətində deyildir. Ermənistan münaqişənin hamılıqla qəbul olunmuş norma və prinsiplərlə həllinə razılıq verməyəcəyi, təcavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycan öz torpaqlarını azad etmək üçün lazımı addımlar atacaqdır. Bu, Azərbaycan xalqının müstəsna hüququdur və onu heç bir dövlət bu yoldan çəkindirə bilməyəcəkdir. Münaqişənin başlanmasının əleyhinə olan dövlətlər isə “ikili standartlar”dan əl çəkərək, ilk növbədə, təcavüzkar dövlətə təsir göstərməli, BMT qətnamələrinin icrasını təmin etməlidir.