KÖŞƏ

Sevinc Azadi

Vətənin və asayişin keşikçiləri

17 fevral 2020 20:54
2628

Sosial şəbəkələrdə polisin fəaliyyəti ilə bağlı qərəzli, məqsədli və sifarişli şərhlər, paylaşımlar öyrədilmiş şəxslərin çirkin kampaniyasının tərkib hissəsidir

Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Məhz Azərbaycan polisinin gərgin əməyinin nəticəsidir ki, hazırda respublikamızda MDB və digər qonşu dövlətlərlə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 40-50 faiz aşağıdır. Hətta cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ölkəmiz bəzi Şərqi Avropa, Amerika ölkələrini də qabaqlayır. Bu, birbaşa ictimai maraqlara söykənən sosial sifarişdir və məqsədyönlü dövlət siyasətinin nəticəsidir.

Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilib, ictimai etimad qazanıblar. Bir sözlə, Azərbaycan polisi bu gün ölkədə daxili sabitliyin və asayişin qorunması işini uğurla davam etdirir və hər bir ölkə vətəndaşı öz polisinə güvənir.

Lakin çox təəssüflər olsun ki, bəzən ayrı-ayrı şəxslər Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayır, polislərimiz haqsız iradlara, hətta böhtanlara məruz qalır. Onlar vətəndaşlarla polis arasında olan münasibətlərə xələl gətirmək üçün bilərəkdən təxribatlar törədirlər. Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında keçirilən icazəsiz aksiya kimi. Belə ki, bir qrup şəxs MSK-nın qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Təxminən 2 saat MSK nümayəndələrinin onlarla izahedici söhbətlər aparmasına baxmayaraq, həmin şəxslər qanunsuz əməllərini davam etdiriblər. Daha sonra MSK nümayəndələri ərazi polis orqanına müraciət edərək razılaşdırılmamış aksiyanın qarşısının alınmasını xahiş edib. Əraziyə gələn polis əməkdaşları onları qanunun aliliyinə dəvət edərək, dağılışmalarını tələb edib. Lakin aksiya iştirakçıları polisin qanuni tələb və xəbərdarlığına məhəl qoymayıb. Belə olan halda polis qanunsuz aksiyanın qarşısını alaraq, onları ərazidən uzaqlaşdırıb. Qeyd edək ki, razılaşdırılmamış aksiyanın keçirildiyi ərazidə ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərin qarşısı polis əməkdaşları tərəfindən qanun çərçivəsində hər zaman alınıb. Bu zaman fəaliyyətlərinə heç bir maneə yaradılmadan, hadisələri işıqlandırmaq məqsədi ilə çəkiliş aparan bir qrup şəxs tərəfindən polisin fəaliyyətinə dair bir neçə olay məqsədli şəkildə dəyişdirilərək sosial şəbəkələrdə müzakirə obyektinə çevrilir. Həmin şəxslər sosial şəbəkələrdə böhtanla dolu yalan məlumatlar yayaraq ölkədə bu yolla qarşıdurma yaratmaq istəyirlər. Azərbaycanda idarəolunmaz bir prosesin olmasını istəyən həmin şəxslər hər fürsətdə çalışırlar ki, ölkə polisini gözdən salsınlar. Ona görə də sosial şəbəkələrdə, bəzi internet resurslarında uydurma şərhlər, videolar paylaşaraq insanlarda çaşqınlıq yaratmaq istəyirlər. Ancaq unudurlar ki, ictimai təhlükəsizlik bütün dövrlərdə həm xalqı, həm cəmiyyəti, həm də dövləti maraqlandıran məsələdir. Bunun da aparıcı qüvvəsi polisdir. Ona görə də polisi gözdən salmağa cəhd edənlər, necə deyərlər, öz oturduqları budağı kəsənlərdir. Polisə böhtan atanlar, onun gərgin zəhmətini qiymətləndirməyi bacarmayanlar və ya bilərəkdən onu ləkələməyə çalışanlar ölkəmizin inkişafını, əmin-amanlığı gözü götürməyənlərin təsiri altında olanlardır. Polis haqqında Qanunda da vurğulanır ki, polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik prinsipləri əsasında fəaliyyət göstərir. Fəaliyyətinin əsas istiqamətlərinə isə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi daxildir. Belə şərəfli peşə sahiblərinə böhtan atmaq, onları cəmiyyətin gözündən salmağa çalışmaq nankorluqdur.