KÖŞƏ

Sevinc Azadi

Paşinyan-məhkəmə qarşıdurması böyüyür

16 yanvar 2020 20:26
2963

Ermənistanda baş verən son olaylar bu ölkədə əhalinin mövcud hakimiyyətdən sosial narazılığının artıq özünün pik həddinə çatmaqda olduğunu göstərir. Hadisələr indiki templə inkişaf edərsə, Nikol Paşinyan iqtidarının devrilmə təhlükəsi ilə üzləşməsi belə istisna olunmur. Baş nazirin kütlə içərisində nüfuzu günbəgün aşağı düşür. O, özünü hələ də “islahatçı” baş nazir kimi təqdim etməyə can atır, amma əvəzində xırda, gülünc, populist addımları ilə xalq arasında istehza hədəfinə çevrilir. Paşinyan indi çox tələsir. O, hazırda nəyin bahasına olursa-olsun məhkəmələri öz nəzarətinə keçirməyə can atır. Bu məqsədlə məhkəmə islahatına başlayacağını və “ədaləti” bərqərar edəcəyini dəfələrlə bəyan edib. Lakin bu islahatların nə vaxtsa baş tutacağına artıq heç kim inanmır. Axı, Paşinyanın bundan əvvəlki iqtisadi və sosial “islahatları” gözə kül üfürməkdən başqa bir şey deyildi.

Bu günlərdə Paşinyan açıq-aşkar məhkəmələri təhdid edərək bildirib ki, vətəndaşların haqlarını pozan qərarlar verən bütün hakimlər qovulmalıdır. Həmçinin hazırkı məhkəmələri əvvəlki korrupsiyalaşmış sistemin qalığı olmaqda ittiham edib. Paşinyan, əslində, bununla məhkəmələrin müstəqil fəaliyyət göstərməsinə deyil, ondan asılı olmasına səy göstərir. Onun bununla bağlı aparmaq istədiyi “islahatlar”, əslində, məhkəmələrin mövcud hakimiyyətin cəza alətinə çevrilməsini özündə ehtiva edir. Yəni icraedici hakimiyyətdən asılı olan bir quruma çevrilsin və onun sifarişləri ilə işləsin. Bunun ardınca erməni mediasında Paşinyan barəsində ifşaedici məlumatların dərc edilməsi gündəmi daha da qarışdırıb. Belə ki, “7.or.am” yazır ki, “etibarı şübhə doğurmayan mənbələrdən erməni ictimaiyyətinə bəlli olub ki, baş nazir N.Paşinyan baş prokuror Artur Davtyanı, Milli Təhlükəsizlik Xidməti rəhbəri vəzifəsini icra edən Eduard Martirosyanı, polis rəisi funksiyasını icra edən Armen Sarkisyanı və Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçatryanı görüşə dəvət edib. Və onlardan tez bir zamanda sözə baxmayan Konstitusiya Məhkəməsinin hakimləri barəsində əllərində olan ifşaedici videomaterialları dövriyyəyə buraxmağı tələb edib”. Əlavə edilir ki, söhbət Qrayr Tovmosyon, Alvine Qyulmyan, Arevik Petsosyan, Araik Tunyan, Qrant Nazaryan Feliks Toxyan və Aşot Zaxaryandan gedir. Müşavirə iştirakçılarına eləcə də adları qeyd olunan hakimlərə, onların ailə üzvlərinə, yaxınlarına, dostlarına qarşı heç bir güzəşt etməmək tələb edilib. Faktdan belə çıxır ki, güc strukturları məhkəmə sənədi olmadan bu insanların həyatına müdaxilə edə, audio, videoçəkilişlər apara bilər. Bununla da onları psixoloji terror metodu ilə Paşinyana sərf edən qərarlar qəbul etməyə vadar etmək istəyirlər. “aysor.am” əlavə edərək yazır ki, “bu fakt cinayət, açıq şantaj deməkdir. Dövlət quldur siyasətinin açıq təzahürüdür. Vergiödəyicilərinin hesabına formalaşan güc strukturları qanunun aliliyini pozmaqla məşğuldurlar”. Qeyd edilir ki, güc strukturları ali qanunları heçə sayaraq vətəndaşların hüquqlarını pozmaqla məşğuldurlar: “Bu nədir? Dövlətin konstitusiya quruluşuna qəsd deyil, bəs nədir? Nikol adlı bir şəxs bizim ölkəni regional gülüş obyektinə çevirib. Bu, nəticəsiz qalmamalıdır və qalmayacaq da. İlk növbədə baş verənlər barədə Venesiya Komissiyasını, ATƏT və Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatını məlumatlandırmaq gərəkdir. Nüfuzlu Avropa və Avrasiya təşkilatlarının köməyi ilə Nikol Paşinyan, Artur Davtyan, Eduard Martirosyan, Armen Sarkisyan və Sasun Xaçatryan barəsində sanksiya prosedurlarına başlamaq gərəkdir”.

Ermənistanın keçmiş baş prokuroru Qevorg Kostanyan baş verənləri ölkə daxilində yeni ciddi qarşıdurma kimi xarakterizə edir: “Konstitusiya məhkəməsinin rəhbərinə bu münasibəti qəbuledilməz hesab edirəm. Çünki bu faktın özü məhkəmələrin müstəqilliyini, eləcə də qanunun aliliyinin əsaslarını pozur. Yaxın vaxtlarda ölkədə cinayət qanunvericiliyinin tənzimlənməsi ilə bağlı peşəkar və beynəlxalq hüquq əsaslı bir bəyanatla çıxış edəcəyəm”. O, həmçinin Tovmasyana qarşı ittiham irəli sürülmə ehtimalına da toxunub. Bildirib ki, Tovmasyana qarşı hücumlar Paşinyanın sifarişi əsasında həyata keçirilir. Erməni ekspert Mikayel Nahapetyan isə qeyd edir ki, “erməni inqilabı” Paşinyanın timsalında tədricən özünün “Lenin”ini yaradır:”Baş verənlər Paşinyanın güclə hər şeyi idarə etmək niyyətini ortaya qoyur. Onun hakimiyyəti liderin mövqeyinin cəmiyyətə güclə tətbiq olunduğu diktaturaya çevrilir. Onun addımları avtoritar lider kimi cəmiyyətdə yerini möhkəmləndirmək, siyasi və iqtisadi strateji planların olmamasını gizlətməyə hesablanıb”.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı hələ çox ciddi problemlərin gözlədiyini deməyə əsas verir.