Sevinc Azadi |
Naşı bir siyasətçinin düşüncəsiz və təhlükəli bəyanatları xalqını və ölkəsini uçuruma yuvarladır
Ermənistan baş naziri Nikol Paşinyanın sərsəm çıxışları düşmənin Azərbaycan ərazilərinə qarşı işğalçılıq siyasətindən əl çəkmək niyyətində olmadığını bir daha ortaya qoyur. Bir qədər əvvəl Paşinyan azərbaycanlı jurnalistin Qarabağla bağlı sualını həyasızcasına cavablayaraq, guya Ermənistanın sülhpərvər olduğunu, Azərbaycanın isə işğala meyilli olduğunu önə çəkməklə, “əgər Qarabağ Azərbaycanındırsa, niyə danışıqlar aparırsınız” sualı ilə öz alçaq simasını bir daha nümayiş etdirdi.
“Ermənistanın təhlükəsizliyi üçün əsas problem Qarabağ konfliktidir. Belə ki, hərbi eskalasiya bütün region üçün fəlakətlə nəticələnəcək”. Bunu Paşinyan İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunda çıxışı zamanı deyib. O, Qarabağ konfliktinin həllinin Ermənistan, Qarabağ və Azərbaycan üçün qəbuledilən olması gərəkliyini, konfliktin kompromissiz həll edilə bilməyəcəyini bildirib: “Azərbaycan hakimiyyəti bilməlidir ki, sülh danışıqlarına alternativ yoxdur. Ermənistan və Qarabağla təhdid dilində danışmaq mənasızdır. Bu yol heç yana aparmır”.
Paşinyan Qarabağda müharibə başlayacağı halda guya Azərbaycanın başqa ölkələrdə mövqe itirən və öz əməliyyatlarını genişləndirmək üçün yeni ərazilər axtaran terrorçular üçün plasdarm ola biləcəyi yalanını da irəli sürüb. Görünür, Azərbaycanın nəzarətində olmayan işğal altındakı Qarabağda terrorçuların yerləşdirildiyi və yetişdirildiyi barədə ittihamları “qabaqlamaq” istəyib. Tipik erməni həyasızlığı.
Hər kəsə yaxşı bəllidir ki, naşı və yarımçıq bir siyasətçi olan Paşinyan öz düşüncəsiz və təhlükəli siyasəti ilə xalqını və ölkəsini uçuruma yuvarlandırır. Bu başabəla siyasətçinin təxribat xarakterli çıxışları isə regionun təhlükəsizliyini ciddi təhdid edir. O, hazırda istər daxili, istərsə də xarici siyasətdə çox çətin bir vəziyyətdə olduğunu anlayır. Rusiya kimi müttəfiq itirilib, yeni müttəfiqlərin etimadını isə hələ qazana bilməyib. Ona görə də Qarabağ kartını işə salıb. Bu, ilk növbədə, daxili siyasətdə və şovinist diaspor erməniləri arasında öz mövqeyini möhkəmlətmək cəhdidir. Digər tərəfdən, Azərbaycanın günü-gündən möhkəmlənməsi, güclənməsi Ermənistanın rəhbərliyində olan, kimliyindən asılı olmayaraq, hər kəsdə qıcıq yaradır. Çünki onların qarşılarında bir nömrəli vəzifə Azərbaycan torpaqları hesabına Ermənistan ərazisini genişləndirməkdir. Ermənistanda hakimiyyətə gələn istənilən şəxs qarşısında bu vəzifə strateji hədəf kimi qoyulur. Bu, faşistlərin “Günəş və səma altında həyati mövcudluq məkanı” konsepsiyasına oxşayır: özgə torpaqları hesabına öz arealını genişləndirmək. Hitler alman geopolitiklərdən bəhrələnib öz torpaqlarını işğal yolu ilə genişləndirmək istədiyi kimi, ermənilər də saxta tarix uydurub özgə torpaqlarına iddia etmək yolu tutublar. Qarşısında qoyulan vəzifələrin öhdəsindən gələ bilməyən Paşinyan bu cür yalanlarla diqqəti əsas problemlərdən yayındırmaq istəyir. Kasıb, səfalət içərisində yaşayan ölkəni təhvil alan baş nazir möcüzə göstərməyə qabil deyil. Konfutsi deyir ki, həyatda möcüzələr olmur. Hər şey ağıla, məntiqə söykənir. Belə bir şəraitdə hakimiyyətini saxlamaq üçün o, hansısa şər, böhtan, yalan, mif və əfsanələr danışmaqla kütləni sakitləşdirməli, vaxt qazanmalı, onu hakimiyyətə gətirən qüvvələrin qarşısına qoyduğu tapşırıqları yerinə yetirməlidir. Paşinyan bununla zəif, uğursuz siyasətçi olduğunu bir daha sübut etmiş olur. Onun sivil diplomatiya leksikonu barədə anlayışı belə yoxdur. Hətta, ən adi etik normalar belə ona yaddır. Kobudluq və rəzilliyi “qəhrəmanlıq” sayan Paşinyan hər vəchlə Azərbaycanın daxili işlərinə burnunu soxur, bir-birindən cəfəng açıqlamalar verir. Görünür, Paşinyan yenə öz sərsəm oyunundan əl çəkmək istəmir, burunun ovulacağı günü gözləyir. O, gün uzaqda deyil.