Sevinc Azadi |
Azərbaycanda demokratik dövlət quruculuğu kursunun əsasını ulu öndər Heydər Əliyev qoyub. Hazırda bu prosesi Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı həm ölkənin daxili tarixi təkamül dinamikasını, həm də dünya təcrübəsini nəzərə alaraq davamlı islahatlar həyata keçirir. Ölkə başçısının bu il yanvarın 14-də imzaladığı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı da bu baxımdan ciddi əhəmiyyət daşıyır. Həmin Fərman həm dövlət quruculuğu kursunun inkişaf etdirilməsi çərçivəsində, həm bütövlükdə idarəetmədə aparılan islahatların Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında oynadığı rol kontekstində böyük maraq doğurdu. Prezident İlham Əliyev 15 oktyabr tarixində keçirilən iqtisadi müşavirədə milli dövlətçiliyin inkişafı baxımından çox aktual olan məsələlərdən bəhs edərkən bildirdi ki, konkret sahələr üzrə qarşıda duran vəzifələrin həlli üçün çevik, məqsədyönlü və səmərəli fəaliyyətlə bağlı reallaşdırılmalı olan islahatlar qaçılmazdır.
Təbii ki, Azərbaycan qarşışına daim irəliləyiş məqsədini qoyan dövlətdir. Azərbaycan üçün təkmilləşmənin sonu yoxdur. Bu səbəbdən də ölkə rəhbəri idarəetmə sahəsində yeni islahatların həyata keçirilməsi zərurətini bir daha ifadə edib. Əsas fikir “islahatlar dönməzdir” fikridir. Cənab Prezidentin proqram sənədi kimi xarakterizə olunan nitqində verilən mesajlar islahatlar siyasətinin hazırkı məqamının fövqəladə vacib tələbləri haqda ümumi mənzərəni göz önündə canlandırmağa imkan yaradır. İslahatların əsas nöqtəsi - yeni və təkmil, çevik və rəqabətədavamlı dövlət idarəçiliyini formalaşdıran kadr islahatlarıdır. Prezident İlham Əliyev: “Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik?”
Göründüyü kimi, ölkə başçısının cəmiyyətə verdiyi mesajlarda yeni dövlət idarəçiliyi tələblərinə cavab verən kadr islahatları ilə bağlı qətiyyətli mövqe ortaya qoyuldu. Prezident İlham Əliyevin daxili siyasət sahəsində çevikliyi prinsipi, informasiya əsrinin sürət və ritminə uyğun olaraq kadr islahatlarında inqilabi hesab edilən addımların məzmunu bundan ibarətdir: xalqa xidmət-dövlətçiliyə xidmət deməkdir. “Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir.”
Azərbaycan islahatların aparıldığı ölkə kimi dünyada beynəlxalq maliyyə təşkilatları, iqtisadi qurumlar tərəfindən də daim qəbul olunur. Təsadüfi deyil ki, olkəmiz dünyanın 20 ən islahatçı ölkəsi sırasındadır. Belə ki, Azərbaycan “Doing Business 2020” reytinqində islahatçı ölkələrin Top 20-nə daxil edilib.
Prezident İlham Əliyevin kadr islahatları xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teysin sözlərinə görə, gənc mütəxəssislərin təyin edilməsi gənc və dinamik dövlət qulluqçularının irəliyə çəkilməsinin və Azərbaycanda dərin köklərə malik Qərb-Avropa dövlət idarəetməsi və dövlət qulluğu üslubunun sübutudur: “Azərbaycan iqtisadi inkişafın doğru yolundadır və kifayət qədər praqmatik siyasət aparır. Yeni təyin olunmuş kadrlar Azərbaycanın milli maraqlarını, ərazi suverenliyini və bütövlüyünü qorumağa davam edəcək”.
Şübhə yoxdur ki, həyata keçirilən islahatlar kursu dayanmadan davam etdiriləcək. Prezident İlham Əliyev verdiyi vədlərin hər birinə əməl edib və edir. Açıq görünür ki, Azərbaycanda müstəqil dövlətçilik daim inkişafdadır. İslahatlar, yeniləşmələr öz müsbət bəhrəsini verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası müasir şəraitin tələblərinə uyğun daha da inkişaf etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət bunun əyani təsdiqidir.