KÖŞƏ

Sevinc Azadi

Dövlətçiliyə qarşı yönəlmiş cəhdlər iflasa məhkumdur

22 oktyabr 2019 20:20
2187

Bu gün ölkəmizin günü-gündən güclənməsindən, qüdrətli dövlətə çevrilməsindən yeganə narahatlıq duyan tərəflərdən biri ərazilərimizi işğal altında saxlayan Ermənistan və onun havadarı olan antiazərbaycan şəbəkə, digəri ölkə daxilindəki radikal müxalifətdir. Bu səbəbdən hər iki tərəf öz maraqları naminə Azərbaycanda sabitliyin pozulmasına çalışır, buna yönəlik müxtəlif cəhdlər edirlər. Belə cəhdlərdən biri kimi radikal müxalifət yenidən özünün köhnə, lakin heç bir effekt verməyən mitinq taktikasını göstərmək olar. Əslində, ölkəmizdə sərbəst toplaşma azadlığı mövcud olduğundan və qanunvericilik normasında təsbit edildiyindən radikal müxalfətin də mitinq və digər aksiyalar təşkil etmək hüququ var. Onların bu hüquqdan istifadə etmələri üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Lakin nədənsə radikal müxalifətçilər bu hüquqlarını qanun çərçivəsində yox, məhz qanunun pozulması hesabına həyata keçirməyə çalışırlar. Həmin destruktiv qüvvələrin oktyabr ayının 19-da Bakı şəhərində keçirməyə çalışdığı razılaşdırılmamış küçə yürüşləri bunun daha bir real nümunəsi oldu. Azərbaycanda mövcud sabitliyin keşiyində hər zaman sarsılmaz sədaqətlə dayanan, dövlətçiliyinə, xalqına, Prezidentinə və vəzifə andına sadiq qalan daxili işlər orqanlarının şəxsi heyəti bu dəfə də radikal müxalifətin mənfur niyyətinin həyata keçməsinə imkan vermədi. Baş verənlər isə növbəti dəfə göstərdi ki, formal mövcudluqlarını çoxdan xaricdəki bədxah qüvvələrin qəpik-quruşlarından asılı etmiş radikal müxalifət və onların səhnə dekorasiyası kimi dəyişməz liderləri antiazərbaycan mənafelərindən əl çəkmək istəmirlər. Xalqın nifrətinə tuş gəldikləri üçün isə bütün ümidlərini xaricdə olan, müstəqil Azərbaycanın varlığına qarşı çıxan qüvvələrə bağlayıblar. Bunun nəticəsidir ki, müxalifətin radikal hissəsi ilə Azərbaycan cəmiyyəti arasında uçurum getdikcə daha da dərinləşməkdədir.

O da həqiqətdir ki, əgər müxalifətin radikal hissəsi öz davranışını dəyişdirməsə, ölkəmizin milli maraqlarına cavab verən ideoloji dəyişikliklərə uğramasa, onların tamamilə Azərbaycanın siyasi həyatından silinməsi labüd xarakter daşıyacaq. Çünki bu, artıq cəmiyyətin tələbi kimi çıxış edir. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov “Facebook”da yayımladığı məqalədə bu məsələ ilə bağlı haqlı olaraq qeyd edir: “ Bəllidir ki, Bakı Şəhər İcra Hakimiyyəti “milli şura” adlanan bu antidövlət qurumunun və AXCP-nin oktyabrın 19-da mitinq keçirmək haqqındakı müraciətinə razılıq verdi və müvafiq olaraq yer ayırdı. Təəssüf ki, təşkilatçılar icazəli mitinqdən imtina edərək, qarşıdurma yolu tutdular və şəhərin mərkəzində ictimai asayişi pozmağa cəhd göstərdilər. Onların belə destruktiv hərəkətlərinin nəticəsi olaraq, bu gün bir neçə saat ərzində şəhərin mərkəzi hissəsində əhalinin sabit və ritmik həyatı, nəqliyyatın hərəkəti, insanların rahatlığı pozuldu. Bircə onu qeyd etmək yerinə düşər ki, Bakı Nəqliyyat Agentliyi 14 marşrutun istiqamətini dəyişdirməyə məcbur oldu ki, bu da təxminən 200 min vətəndaşın rahatlığının pozulması deməkdir. Bakı Metropoliteninin “28 May” stansiyasının fəaliyyətinin dayandırılması nəticəsində yüz minlərlə insan vaxtında nəzərdə tutulan məntəqələrə çata bilmədi və diskomfort yaşamağa məcbur oldu. Avtomobil nəqliyyatının hərəkətində yaranmış problemlər, həmin ərazidə yaşayan insanların istirahətinin tam pozulması və radikal qrupların digər qeyri-qanuni əməlləri nəticəsində yaranmış başqa problemlər vətəndaşlarımıza həm fiziki, həm də mənəvi cəhətdən ciddi problemlər yaşatdı. Bəs bunun hesabını kim ödəməlidir? Bu qanunsuzluğa, özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?”.

Ötən mitinqlərin və eləcə də bu dəfəki mitinqin uğursuzluqları göstərdi ki, öz daxilində demokratiya yarada bilməyən, qarşıdurmalar, intriqalar yaradaraq bundan öz maraqları naminə istifadə edən təşkilat sədrlərinin arxasınca heç kim getmir. Çünki azsaylı qüvvələrlə mitinqə çıxan partiya sədrlərinin səsləndirdikləri şüarlar gülünc və istehza doğurur. Absurd şüarlar səsləndirən ifrat müxalifət funksionerləri bununla da özlərini gülünc vəziyyətə qoyurlar. Bununla radikal müxalifət rəhbərləri hələ də köhnə təfəkkürdə olduqlarını göstərirlər. Cəmiyyət isə belə köhnə təfəkkür sahiblərini qəbul etmir.

Ə.Həsənovun qeyd etdiyi kimi, bu aksiyanın nəticəsi bir daha göstərdi ki, “milli şura” adlanan quruma və AXCP adlı partiyaya rəhbərlik edən şəxslər və onların ətrafındakı bir ovuc radikallar 25 ildən artıq bir dövrdə xarici antiAzərbaycan dairələrin təhriki ilə antimilli fəaliyyət sürdürmüş, Azərbaycanın siyasi tarixində yalnız qeyri-etik qalmaqallarla, daxili didişmələrlə, qopma və parçalanmalarla yadda qalmış və qeyri-konstruktiv müxalifət imici qazanaraq özü-özünü fəlakətin bir addımlığına gətirmişdir. Bu da onu göstərir ki, cəmiyyətimiz davamlı şəkildə onun sabit, təhlükəsiz və inkişafda olan həyatını pozmağa çalışan belə müxalifətçilərlə gələcəyə doğru birgə addımlaya bilməz. Deməli, hakimiyyət uğrunda sivil mübarizə apara bilməyən belə radikal, dağıdıcı müxalifətlə nə iqtidar-müxalifət dialoqu aparmaq mümkündür, nə də onların bundan sonrakı dövrdə ölkənin siyasi səhnəsində qalması Azərbaycanın gələcək siyasi palitrası üçün yaxşı heç nə vəd etmir.