KÖŞƏ

Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli
Jurnalist Həmkarlar İttifaqının sədri

“İntihar” hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər

18 avqust 2019 15:11
4830

Azərbaycanda intihar hallarının sayında artım olmasa da, bu yöndə  xəbərlər intensivləşir


Dünyada özünəqəsd hallarının mövcud durumu  

Fransa  “Ümumdünya intihara qarşı mübarizə günü”nün qeyd edilməsinə qarşıdır. Ölkənin elm adamları hesab edirlər ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsis etdiyi bu aksiya mahiyyətcə intihar hallarının qarşısının alınmasına yönəlsə də, əks effekt verir,  “intihar yolunun mövcudluğunu” insanlara xatırlatmaqla ona  meyl yaradır. İntiharı dolayısı ilə təşviq edən vasitələr çox olduqca, özünəqəsd  hallarının sayı da artır. 2003 – 2014-cü illər aralığında Fransa Avropa məkanında “intihar hallarının ən yüksək olduğu ölkələrdən biri”  titulunu qazanıb. 2014-2018-ci illər aralığında isə Avropa ökələri arasında özünəqəsd  hallarının çox olduğu ilk 10-luqda yer tutur. Fransanın  İntihar Hallarının Müşahidəsi  üzrə Milli Mərkəzinin  (“ONS”)  2017-ci ildə keçirdiyi sorğu nəticəsində bəlli olub ki, ölkə əhalisinin 7 faizindən çoxu, yəni təxminən üç milyon insan, həyatlarını sona çatdırmağı düşünürlər, təqribən 4 faiz isə buna baş tutmayan cəhdlər edib, tamamlanmamış intiharlar törədib.  Hazırda bu ölkədə əhalinin hər 100 min nəfərinə düşən illik intihar sayı 17,5 nəfərdir.  French Center for Epidemiology  (“CépiDcInserm”) hesablayıb ki, il ərzində  8,885-dən 9,000 nəfərədək fransız özünəqəsdin qurbanı olur, hər saatda bir fransız intihar edir (https://www.alliancevita.org/en/2018/02/suicide-in-france-3rd-official-report/ ). 
Təhlillər göstərir ki, özünəqəsd insan həyatını bitirən vasitələr sırasında  avtomobil qəzaları ilə yanaşı gəlir.  İnsanlığın ən böyük problemlərindən birinə çevrilən bu bəla xüsusilə gənclər arasında qlobal miqyasda ölümün əsas səbələrindəndir. Monitorinq təşkilatları intihar edənlərin orta yaş həddi kimi 43 –ü göstərirlər.  
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd edilir ki, yaşadığımız günlərdə hər 40 saniyədə bir insan özünə qəsd edir. Nəticə olaraq, ildə 1 milyon civarında insan özünü öldürür. 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır. 

İntiharın səbəbləri barədə müxtəlif fikirlər

Səbəblər barədə rəylər müxtəlif və dolaşıqdır. Özünəqəsd hallarının yüksək olduğu dövlətlər sırasında  inkişaf etmiş ölkələr ön sırada gəlirlər və bu,   fikirləri qarışdırır.  Məsələn, hazırda intihar hallarının intensivliyinə görə Qərbi Avropa ölkələri  ilk  yerlərdə dururlar.  Fransanın simasında  əhali sayı və ərazicə böyük, sosiallaşmış  dövlətlərlə  yanaşı, Norveç kimi kiçik ərazili, amma yüksək təminatlı ölkələrdə də intihar halları çoxalır. Norveçdə hər il 500-600 intihar hadisəsi qeydə alınır. Bu, hər 100.000 əhaliyə düşən intiharların sayının 15 nəfər olması deməkdir və beynəlxalq standartlarla yüksək göstərici hesab olunur (https://www.fhi.no/en/op/hin/mental-health/suicide-and-suicide-attempts/ ).  İntihar sayına görə ön yerlərdə dayanan dövlətlər sırasında Hindistan və  Çinlə yanaşı ABŞ da vardır (Hindistanda təqribən illik 258 min, Çində 120 min,  ABŞ-da 43 min). Sırada dünyanın ən böyük ölkəsi-Rusiya ilk 5-likdə yer alır. Hər 100.000 əhaliyə düşən intiharların sayı 31-32 nəfərdir.  Beləliklə, intihar halı sosial təminat baxımından həm  yüksək, həm də aşağı olan ölkələrdə intensivləşib.  
Bütün bunları nəzərə alan təhlilçilər intihara yol açan səbəblər sırasında sosial-iqtisadi durumu, maddi çətinlikləri arxa plana çəkir, psixi durumu, ruh düşkünlüyünü  önə verirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən,  ən az intihar sayları müsəlman ölkələrindədir. Dindar ölkə olan Küveytdə  rekord dərəcədə az intihar baş vermişdir. Burada hər 100 min insana 1 və ya 2  intihar halı  düşür.
İslam nöqteyi -nəzərindən intihar etmiş insan böyük günah törətmiş sayılır. Digər insanların qətli kimi, intihar da İslama ziddir. Quranda deyilir: “Özünüzü öldürməyin, həqiqətən Allah (bunu sizə qadağan etməklə) çox mərhəmətlidir”. 
Amma ayrı-ayrı  müsəlman ölkələrində intihar hallarının intensivliyi fərqlidir. Onların sırasında da aşağı və yuxarı göstəricisi olanlar var. Bu baxımdan özünəqəsd amilinin yalnız dini dünyagörüşlə əlaqələndirilməsi versiyasını istisna edir, fərqli məqamları üzə çıxarır. 
Fransız alimlərin “Ümumdünya intihara qarşı mübarizə günü”nün qeyd edilməsinə qarşı çıxmaları da məhz bu fərqli məqamlarla  bağlıdır. Düşünürlər ki, intihar hallarının intensivləşməsi sosial-iqtisadi durumdan, maddi çətinliklərdən,  psixoloji gərginliklərdən daha çox,  özünəqəsd amilinin təşviqinin sünii şəkildə artırılması ilə bağlıdır. Təşviqedici amillərın sırası isə genişdir. Fransız mütəxəssislər iddia edirlər ki, intihar halları nəinki sosial şəbəkələr, bəzi onlayn KİV-lərdə, bədii ədəbiyyata, təsviri incəsənətədə birbaşa təşviq edilir, həmçinin, intihar hallarının qarşısının alınması üçün qurulmuş kampaniyalar da əks effekt verir, necə ki, “İntihara qarşı mübarizə günü”.  Bütün bunlara rəğmən, onlayn   media və  sosial şəbəkələr özünəqəsdi təşviq edən amillər sırasıda öndə dayanır. 

Özünəqəsd hallarını stimullaşdıran vasitələr 

Psixoloji problemi olan insanın  intihar xəbərindən  nümunə götürmək ehtimalını, onların  mediada gördükləri intihar motivli  xəbərlərin təsirinə düşə biləcəyini, həmin hərəkətləri təkrarlamaq istəyində olacaqlarını nəzərə alaraq, Jurnalistlərin Peşə Davranış Qaydalarında xüsusi bənd ayrılıb. Azərbaycan  Jurnalistlərin Peşə Davranış Qaydalarının 3.11-ci bəndi intihar hadisələrilə bağlı xəbərlərə xüsusi yanaşma tələb edir: “ Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir”. Bu prinsip simvolik fərqlərlə dünyanın demokratik ölkələrində medianın etik kodekslərində  yer ayrılıb. Ənənəvi  KİV-lər medianın emosional təsir gücünü nəzərə alaraq,  bu prinsipi qorumağa çalışır,  intihar xəbərlərinin təqdimatında ehtiyatlı davranırlar.  Amma onlayn media üçün İP yarışı, sosial şəbəkə istifadəçiləri üçün  “layk” həvəsi daha öndədir, onlar üçün əsas olan sensassiyadır, izləyici sayıdır, etik kodeks isə sonuncu yerdədir.  
İnternet axtarış sistemləri üzərində aparılan təcrübə onlayn medianın, sosial şəbəkələrin intihar halları ilə bağlı nə qədər təhlükəli hal yaratdığını  göstərir. Google-nin  məqalələr üçün olan xüsusi axtarış sistemində- “Google scholar”-da aparılan araşdırma zamanı Fransada intihar halları barədə KİV materialları üzrə  5 il müddətinə  cəmi 226,000 (İki yüz iyirmi altı min) nəticə tapılır. Amma eyni dövrün ümumi araşdırması- onlayn media və sosial şəbəkələr daxil- fantastik bir rəqəmlə ifadə olunur-108,000,000 (Yüz səkkiz milyon).  Norveçdə bu göstərici paralel olaraq 47,500 (qırx yeddi min beş yüz) və  18,100,000 (on səkkiz milyon yüz min) fərqilə müşahidə edilir. 
Xəbər saytlarında intihar xəbərlərinin dönə-dönə təkrarlanması, sosial şəbəkələrdə intihar hallarının detallı təsviri durumu pisə doğru dəyişir, problemlərlə, çətinliklərlə üzləşən insanlar üçün “çıxış yolu” göstərir.

Azərbaycanda paradoksal durum 

Azərbaycandakı durum dünyadan fərqlidir, paradoksaldır. ÜST-in hesabatından görünür ki,  Azərbaycanda intiharların sayı ən aşağı səviyyədədir. Ölkədə  hər 100 min nəfərə düşən intihar hadisəsinin sayı illər üzrə  2 ilə 5 arasında dəyişməklə,  hətta “beynəlxalq normadan” da aşağı qalır. Yeganə hallardan biridir ki, özünəqəsd Azərbaycanda uzun illər boyu aşağı rəqəmlərlə ifadə olunur, bu göstərici sabit qalır və beynəlxalq təşilatlar tərəfindən etiraf edilir, beynəlxalq hesabatlarda obyektiv şəkildə ifadə edilir. Məsələn, 2015-ci ildə 499 nəfər, 2016-cı ildə 507 nəfər, 2017-ci ildə 498 nəfər, 2018-ci ildə 521 nəfər, 2019-cu ilin 7 ayında isə  316 nəfərin intihar hadisəsi qeydə alınıb. Amma paradoksal olan budur ki, özünəqəsd hallarının statistikasında artım olmasa da, intiharla bağlı xəbərlərin intensivliyi artıb. Azərbaycandilli kontentdə intiharla bağlı xəbərlərin sayı 182,000-i ötür. Elə təəssürat yaranır ki, sosial şəbəkələr,  onlayn media quruluşları intihar  xəbərləri üzrə müsabiqəyə qatılıblar. Səbəb sadədir,  həm də qeyri-adidir. Dünya ölkələrindən fərqli olaraq, Azərbaycanda intihar mövzulu xəbərlər,  həm də müxalifətin iqtidara qarşı mübarizədə istifadə etdiyi vasitədir. Xaricdən yayımlanan, “söyüş kampaniyası”nın təşkilatçıları tərəfindən idarə edilən  internet TV-lərdən, sosial şəbəkə hesablarından başlamış, ölkəiçi müxalifətin təbliğat vasitələrinə, sosial şəbəkə hesablarına qədər hər yerdə “intihar xəbərləri” yarışı keçirilir. Hiss olunur ki, bu yöndə kontentin artırılması üçün tapşırıq alıblar. Zahirən elə davranırlar ki, guya intihar edənlərin qayğısını çəkir, intihara yol açan səbəblərin qaldırılmasını istəyirlər. Amma niyyətlərini gizlədə bilmirlər. Uzağı, 2-3 cümlədən sonra ritorika dəyişir, bütün intiharların səbəbi “iqtidarın sosial-iqtisadi siyasəti ilə əlaqələndirilir”, özlərinin  hakimiyyətə gəlmələri  ilə hər şeyin dəyişəcəyi qeyd edilir.  
Yenə yanlış edirlər, həm özləri, həm də cəmiyyət üçün. İntiharlar, onların statistikası, səbəbləri  barədə dünya fərqli fikirdədir. “Milli müxalifət” bu  təbii axının əksinə getməklə, gözdən düşür.  İkincisi, xalqın dəyərləri var: insan faciəsi üzərində oyun qurulmaz, qurulsa da, xeyir gətirməz.