KÖŞƏ

Sevinc Azadi

Dağıdıcıların “siyasi mühacir” biznesi: tozanaq səngimək bilmir

01 avqust 2019 20:27
2373

Dağıdıcı müxalifət düşərgəsində illərdir ki, “siyasi mühacir”, “mühacir biznesi” ilə bağlı tozanaq səngimək bilmir. 20 ildən çoxdur ki, xüsusilə AXCP və Müsavat partiyalarının dələduz rəhbərlikləri bu və ya digər şəkildə onlara müraciət edən şəxslərə saxta arayışlar təqdim edərək, guya Azərbaycanda siyasi fəaliyyətlərinə görə təqib olunduqları haqda yalanına imza atır, bunun müqabilində “siyasi mühacir” bizneslərini, necə deyərlər, inkişaf etdirirlər. Bununla da Avropada baş verən hadisələrin törədiciləri ya Əli Kərimlinin, ya Arif Hacılının, ya da İsa Qəmbərin “yastığı altından” çıxanlar olur.

Müsavat Partiyasında saxta arayış qalmaqalı daha da böyüməkdədir. Bu günlərdə təşkilatın adı daha bir saxta arayış qalmaqalında hallanıb. Belə ki, Müsavatın Zəngilan rayon təşkilatının üzvü olan və hazırda Almaniyada yaşayan Rahid Bəşirov barəsində Miqrasiya İdarəsi “mənfi qərar” qəbul edib. Çox böyük ehtimal, bu “mənfi qərar” R.Bəşirovun “siyasi mühacir” adı altında Almaniyada oturum icazəsinin verilməməsinə dair olub. Bu qərarı doğru hesab etməyən R.Bəşirov Almaniyanın Münster şəhər Məhkəməsinə bununla bağlı şikayət edib. Məhkəmə onun şikayətini təmin etməyib və əleyhinə qərar qəbul edib. Həmin qərarda belə bir arqument irəli sürülüb: “Təqdim olunan partiya bileti və arayış sizin şikayətin təmin olunması üçün uyğun deyil. Artıq diqqətə alınması vacibdir ki, partiya funksionerlərinin müsbət fəaliyyətlə bağlı təsdiq arayışlarını Azərbaycanda əldə etmək çox da çətin deyil”.

Bu qərar Almaniya Məhkəməsinin, ümumən Avropanın Müsavat Partiyasına, onun vəsiqə və arayışlarına münasibətini açıq şəkildə ortaya qoyub. Bununla da Müsavatda arayışların saxta olması, saxtakarlıqla arayışların verilməsi məsələsi yenidən gündəmə gəlib. Bu gündəmi yaradan, yeni saxta sənəd qalmaqalını cəmiyyətə çatdıran isə sosial şəbəkə istifadəçisi, Almaniyada siyasi mühacir həyatı yaşayan Yafəz Həsənov olub. Bu barədə o, geniş status yazıb. Qeyd edib ki, artıq Almaniyadakı Müsavat Partiyası üzvlərinin çoxuna vəsiqə və arayışlarının həqiqəti əks etdirmədiyi haqda qərar və bildiriş göndərilib. Göründüyü kimi, müxalifət partiyasının “sənədlərinə” artıq Avropanın miqrasiya idarələri də inanmır: “Bu ilin mart ayından etibarən yüzlərlə Müsavat arayışı təqdim edən mühacirlərə arayışda yazılan məlumatların yalan olduğu haqda bildirişlər göndərilib, ardınca da neqativ qərar. Yəni, deportasiya qərarı. Həmin arayışlar saxta olmasa da (Arif Hacılı yaxud Gülağa Aslanlının həqiqi imzası ilə), miqrasiya idarələri arayışın içərisində yazılan məlumatları həqiqətə uyğun olmayan, saxta kimi dəyəndirir”.

Xatırladaq ki, müxtəlif illərdə müxalifət rəhbərlərinin saxta partiya sənədlərinin hazırlanması ilə məşğul olduqları, mitinqlərə gedib şəkil çəkdirənlərin böyük əksəriyyətinin sonradan pul ilə AXCP, Müsavat və digər radikal müxalifət partiyalarının sənədlərini alıb xaricə qaçaraq siyasi sığınacaq aldıqları haqqında yazılar yazılıb. Hətta Əli Kərimlinin bununla bağlı xüsusi “biznesinin” olması haqqında da bir neçə il öncə mətbuatda yazı getmişdi və AXCP daxilindən bu faktlar ifşa edilmişdi. Bunlardan biri Əli Kərimlinin bacanağı ilə bağlı məsələ idi. Belə ki, 2017-ci ildə Baş Prokurorluq Rauf Hüseynov adlı şəxsin İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi haqda məlumat yaymışdı və onun barəsində CM-nin 320-ci (Rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya istifadə etmə) maddəsi ilə cinayət işi açıldı. R.Hüseynov saxta sənəd hazırlamaqda suçlanırdı. R.Hüseynov Avropa ölkələrindən birində məskunlaşmışdı.    Baş Prokurorluğun məlumatında iddia olunurdu ki, sənədlər də məskunlaşdığı ölkənin miqrasiya orqanlarına təqdim olunmaq üçün hazırlanıb. Adları çəkilən şəxs isə Əli Kərimlinin qohumu- baldızının həyat yoldaşı idi.

Hətta 2016-cı ildə AXCP sədrinin mühacir biznesi ilə bağlı sənədlər də yayılmışdı. Belə ki, Əli Kərimli arayışları 2500-3000 avroya Hollandiyada yaşayan, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” verilişinin müxbiri Fikrət Hüseynli ilə əlbir olaraq satırmış.

Bütün bunlardan bir daha belə bir nəticəyə gəlmək olar ki, müxalifətin dünəni necə idisə, bu günü də həmin durumu xatırladır. Saxta sənədlərin hazırlanıb paylanması, mühacir biznesləri, belə mənzərənin fonunda daxili çəkişmələrin iyrənc formada təzahürü özlərinə “demokrat” deyənləri xalqın gözündən daha da salır...