KÖŞƏ

Sevinc Azadi

Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri

17 iyul 2019 18:00
2103

Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi hələ də siyasi şou olaraq qəbul edilməkdədir. Məsələ bundadır ki, populist Paşinyan bu yolla reytinqini və cəmiyyətdə nüfuzunu qorumağa çalışır. O, ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində işlər görmək əvəzinə, bu cür yolla öz reytinqini saxlamaq istəyir. Bu hadisə ətrafında böyük piar kampaniyası quran düşmən iqtidarı öz təsiri altında olan KİV-lər vasitəsilə oğlu Aşotu işğal altında olan Dağlıq Qarabağa hərbi xidmətə yollayan Nikol Paşinyanı az qala dahi lider kimi təqdim edir. Belə ki, oğlu olmayan Levon Ter-Petrosyan və Serj Sarkisyandan, hər 2 oğlu hərbi xidmətdən yayınan Robert Koçaryandan fərqli olaraq, Nikol Paşinyanın oğlunu hərbi xidmətə, özü də hərbi aktivliyin saxlanıldığı Dağlıq Qarabağa göndərməsi ictimaiyyətin gözündə əlavə xal toplamağa hesablanmış siyasi gediş idi. Amma Paşinyanın oğlunun hərbi xidmətə başladığı gündən bu hadisə ətrafında qalmaqallar az olmayıb. Onun tez-tez helikopterlə Yerevana gəlməsi, xidmət etdiyi hərbi hissədə zabitlərlə yola getməməsi, onlarla sərt tonda danışması, ətrafında əsgər paltarı geymiş bir qrup mühafizəçinin olması erməni nazirin oğlunun hərbi xidmətinə kölgə salan məqamlar idi.

Ermənistan mətbuatında Paşinyanın oğlu Aşot Paşinyanın Dağlıq Qarabağda hərbi xidmət keçməsi barədə hər keçən gün maraqlı məlumatlar yayılır. Son xəbərlərdən isə belə bəlli olur ki, baş nazirin oğlu heç də bəyan edildiyi kimi sadə ermənilərlə birlikdə Füzuli-Cəbrayıl istiqamətində döyüş postlarında xidmət etmir, vaxtını Xankəndidə keçirir. Aşotun hərbi hissədən kənarda yaşaması üçün Xankəndidə villa ayrıldığı da bəllidir. “Lragir” portalı yazır ki, Nikol Paşinyan oğlunun Qarabağda təhlükəsiz və komfortlu şəraitdə xidmət keçməsini təmin etdikdən sonra Aşot Paşinyan burada vaxtını boş keçirmir: “Artıq məlumdur ki, o, hərbi xidmətdən başqa hər şeylə məşğuldur. Hətta qudurmuşluğun dərəcəsinə baxın ki, evinin mühafizəsi üçün hərbi bölük ayrılıb. Burada onun özünə münasib bildiyi yoldaşları ilə bərabər gecə əyləncələrindən tutmuş qumar oyunlarına kimi hər şey təşkil olunur. Görünən budur ki, hərbi xidmət baş nazirin oğlu üçün pis keçmir. Necə ki, atası bütün qanunsuzluqlara gedərək baş nazir postunda vaxtını boş keçirmir, kreslosunda yerini daha da möhkəmləndirməyə çalışır”.

Yayılan növbəti xəbərə görə isə Paşinyanın oğlu artıq Qarabağda deyil. “Bizim əsgərlər müxtəlif təlim və görüşlər üçün tez-tez hərbi hissələrinin yerini dəyişə bilərlər”- deyə Ermənistan Müdafiə Nazirliyi yaranmış qalmaqalı sakitləşdirmək üçün açıqlama yaysa da müxalifət mediası Aşot Paşinyanın artıq 1 aya yaxındır ki, Yerevan yaxınlığındakı Sovetaşen hərbi hissəsində qulluq etdiyini bildirir. Ermənistandakı sosial şəbəkə istifadəçiləri hesab edir ki, Yerevana yaxın hərbi hissəyə köçürməklə Paşinyan oğlu üçün daha rahat şərait qurmaq qərarına gəlib.

Görünən odur ki, hərbi xidmətinin bitməsinə 1 ili qalan Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri hələ çox davam edəcək.