KÖŞƏ

Sevinc Azadi

Paşinyanın fiaskoya uğrayan xarici səfərləri

12 iyul 2019 20:19
1969

Ermənistanın baş naziri Nikol Paşinyan başda olmaqla hakimiyyətə gələn yeni qüvvələr nə ABŞ, nə də MDB məkanında qəbul edilir. Bununla bağlı bir neçə fakta nəzər yetirək. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın mayın ortalarında Amerikaya səfəri uğursuz olmuşdu. İrəvanın Vaşinqtondakı səfirliyinin səylərinə baxmayaraq, Ağ Evin heç bir yüksək vəzifəli nümayəndəsi onu qəbul etmədi. Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da ikinci dəfə onu qəbul etməkdən imtina etmişdi. Bolton ötən il oktyabrın 26-da İrəvana səfəri zamanı da Qriqoryanla təkbətək görüşmək istəmədiyini bildirmişdi. Yeri gəlmişkən, Vaşinqtonun Ermənistandakı səfiri Linn Treysi Paşinyanın antiamerika bəyanatlarından narazı qaldığını bildirib. Diplomat Amerikanın Ermənistana etdiyi maliyyə yardımından Nikol Paşinyanın daim gileylənməsindən də narazı olduğunu dilə gətirib. Bununla yanaşı, Paşinyan və komandasının bir sıra təşkilatlarla - MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri heç də ürəkaçan deyil.

Bu günlərdə Paşinyanın xanımı ilə çıxdığı Asiya turnesi də bu baxımdan erməni mediasında əsas müzakirə mövzusuna çevrilib. Ermənistan üçün heç nə vəd etməyən Vyetnam və Sinqapur səfəri sosial şəbəkələrində ciddi müzakirə edilməkdədir. Aktivlər xüsusi olaraq Paşinyanın Vyetnam səfərini lağa qoyurlar. Bildirilir ki, Vyetnam öz inkişaf səviyyəsinə görə Ermənistandan belə geridə qaldığı halda, Paşinyanın ora səfər etməsi başadüşülən deyil. “1in.am” yazır ki, Paşinyan Vyetnamda rusca danışdığına görə, tənqidlərə tuş gəlib. Səfərin Konstitusiya günü reallaşdığı da xüsusi vurğulanır. Yəni demək istənilir ki, bir qədər gözləmək də olardı, bu tezliklə səfəri reallaşdırmağa heç bir əsas yox idi. Daha sonra Ermənistanın Vyetnamda səfirinin olmadığı, köhnənin geri çağırıldığı, yenisinin isə hələ də təyin olunmadığı qabardılır. Heç olmasa, yeni səfir təyin olunana qədər bu səfəri təxirə salmaq mümkün idi.

Tənqidlərə münasibət bildirən fövqəladə və səlahiyyətli səfir Arman Navasardyan sayta açıqlamasında bildirib ki, “yaxşı olardı ki, səfər yüksək səviyyədə təşkil edilərdi və heç olmasa səfir təyinatından sonra gerçəkləşdirilərdi. İlk baxışda belə təsəvvür yarana bilər ki, bu, ciddi bir problem deyil, lakin protokol naminə vacib idi. Diplomatik nöqteyi-nəzərindən bu, qəbuledilən forma deyil. Düzdür, faciə baş vermədi. Bir də ki, bizim üçün əsas olan orada hansı sənədlərin imzalanması zəruridir- bizi konkret nəticələr maraqlandırır. Məsələn, götürək Çin səfərini. Məsələn, o səfər zamanı Böyük İpək yolu ilə bağlı heç bir xəbərə rast gəlmədim”.

Politoloq Levon Şirinyan Paşinyanın Sinqapur səfərini şərh edərkən bildirib ki, bu ölkəyə səfər heç bir əhəmiyyət kəsb etmir. Baş nazir orada Ermənistanı Sinqapurla eyniləşdirməyə də çalışıb. Yeri gəlmişkən, Paşinyana qarşı sərt yazılarla çıxış edən “1in.am” saytı onun hakimiyyətinin ən ciddi problemlərini sadalayıb. Bildirilib ki, ən ciddi problem pis idarəçilikdir. “Klassik mənada Paşinyanın komandası yoxdur, hökumət və parlament isə onun hakimiyyətini gözdən pərdə asmaq, super baş nazirlik sistemi üçündür. Mövcud hakimiyyət nümayəndələrini gələcəyə baxış yox, inqilab haqqında xatirələr birləşdirir”, - deyə müəllif yazır. Bu o deməkdir ki, Ermənistandakı hazırkı siyasi elita hələ də beynəlxalq aləmdə özünə yer tapa bilmir.