KÖŞƏ

Sevinc Azadi

Paşinyan-Saakyan qarşıdurması: uçurum dərinləşir

10 iyul 2019 20:21
1889

1991-ci ildən Azərbaycan Respublikasının ərazisində qondarma “Dağlıq Qarabağ rejimi” adlı etnik separatçı siyasət yürüdən hərbi xuntanın son həftə ərzində iflasa uğraması prosesinə başlanılıb. Bölgədəki prosesləri müşahidə edən analitiklərin fikrincə 2018-ci ilin aprel ayında Ermənistanda 1998-2018-ci illərdə hakimiyyətdə olmuş hərbi xuntanın çöküşündən sonra, Robert Köçəryan və Serj Sarkisyanın tərəfdarlarının tamamilə iflasa uğramasının ardında indi də bu proses Dağlıq Qarabağda davam etməsi gözlənilən bir sıra nəticələrə gətirib çıxarmaqdadır. İndiki məqamda qondarma rejim bu iflasın gerçək səbəblərini mümkün qədər gizlətməyə çalışsa da, “kadr islahatları” adı altında prosesin qapalılığı üçün cəhdlər göstərsə də, artıq bu yalanlara kimsə inanmır. Bununla yanaşı, erməni cəmiyyəti faktiki olaraq təlaş içindədir. Ötən həftə qondarma rejimin prezidentinin ən etibarlı müşaviri Artur Ağabekyan, sonra da “təhlükəsizlik şurası”nın katibi Levon Mnatsakyanın tutduqları vəzifədən istefaya göndərilməsi çox böyük skandallara səbəb oldu. Bunun ardınca isə, qondarma rejimin ən iddialı kadrlarından biri sayılan, Qarabağ müharibəsində tanınmş səhra komandiri kimi dəyərləndirilən Vitali Balasanyan da istefaya göndərilibdir. Erməni separatizminin qatı tərəfdarları bu üç şəxsin hakimiyyətdən uzaqlaşdırılmasını “odun üstünə yağın tökülməsi” kimi dəyərləndirirlər. Bununla yanaşı qondarma Dağlıq Qarabağ rejiminin rəhbərliyi Vitali Balasanyanı bölgənin polis idarəsi rəisi vəzifəsinə təyin etməklə coşmuş ehtirasları soyutmağa çalışır. Digər yandan isə, V. Balasanyanın son dəfə İrəvana gedərkən Ermənistan polisinin onun maşınını yoxlamaq və şəxsiyyətini müəyyən etmək bəhanəsi ilə xeyli müddət yolda saxlaması iki tərəf arasında gərginliyə səbəb olmuşdu. Halbuki, Vitali Balasayanın uzun müddət Dağlıq Qarabağ rejiminin hərbi qüvvələrinin baş qərargah rəisi olduğunu hər kəs bilirdi. Digər tərəfdən isə, növbəti prezident seçkilərində qondarma rejimin rəhbəri vəzifəsinə iddialı şəxslərdən biri sayılırdı.

Qondarma “Dağlıq Qarabağ Respublikası”ındakı hərbi xunta rejiminin indiki rəhbəri Bako Saakyanın da istefaya göndərilməsi ilə bağlı son bir ayda Xankəndi, Xocavənd, Şuşa və Əsgəran rayonlarında əhalinin mitinqləri keçirilib. Xankəndidə yenicə yaranmış “Milli Dirçəliş Partiyası” qollarını çırmalayaraq Bako Saakyanın istefasını tələb edən aksiyalara keçirməyə başlayıb. Saakyan və onun tərəfdarları isə bildirirlər ki, onun prezidentlik dönəmi 2020-ci ildə tamamlanır və qanunla həmin vaxta kimi toxunulmazlıq statusu qorunmalıdır. Bako Saakyanın sevilməməsinin səbəbini onun qondarma rejimin və Ermənistanın sabiq müdafiə naziri və prezidenti olmuş Serj Sarkisyanın ən etibarlı kadrı olması ilə izah edirlər. Bako Saakyan da Serj Sarkisyan kimi kinli və xalqa aşağılayıcı bir tərzdə yuxarıdan baxmaq kimi xəstəliyinin olmasıdır. Digər yandan isə Bako Saakyanın nəinki 2020-ci ilə kimi, hətta 2030-cu ilə qədər hakimiyyətdə qalmaq ehtirasını kimsə qəbul etmir. B.Saakyanın əleyhdarları bildirirlər ki, o saxta yolla prezident seçilibdir. 2007-ci ildə onu bu vəzifəyə İrəvanın təzyiqləri ilə Serj Sarkisyan təyin edibdir. 12 ildir bölgəni heç nə olmamış kimi idarə edən Bako Saakyan qəddar xisləti ilə hərbi xunta siyasətinin ən qatı tərəfdarı kimi ad çıxarıb. Xankəndidə əhalinin fikrincə ötən il İrəvanda baş vermiş “məxməri inqilab” onlarda yeni ümidlərə səbəb olub. Çünki, hərbi xuntanın sayəsində erməni əhalisi daim qorxu altında yaşamağa məcbur edilir. Hərbi xuntanın rəhbərliyinin apardığı siyasətə görə, bu gün İrəvanda kimsə Dağlıq Qarabağ əhalisini sevmir. Xankəndidəki erməni əhalisi artıq “hərbi rejim” şəraitində yaşamaq istəmirlər. Onlar da İrəvandakı kimi mülki cəmiyyət siyasətinin şərtlərinə uyğun həyat tərzini tərcih edirlər.

İrəvanda dərc olunan “Araçin Lradvakan” qəzetinin son sayında açıq şəkildə qeyd olunur ki, baş nazir Nikol Paşinyan Ermənistan və Dağlıq Qarabağdakı hərbi hissələrdə Serj Sarkisyana bağlı olan bütün kadrların uzaqlaşdırılması prosesinə başlayıb. Belə ki, “Dağlıq Qarabağın müdafiə naziri”nin müavini, general-leytenant Vardan Balayan, hərbi səhra komandirləri şurasının komandanı, general-mayor Levon Mnatsakyan və general-mayor Samvel Karapetyan artıq istefaya göndəriliblər. İrəvandakı siyasi kulislərdə gəzib dolaşan bilgilərə görə, Nikol Paşinyanın atdığı bu addımlar əslində Dağlıq Qarabağın lideri Bako Saakyanın tərksilah edilməsi siyasətinə xidmət edir. Beləliklə də, “məxməri inqilab”ın gətirdiyi yeni siyasətlə hakimiyyətə qarşı gözlənilən hərbi çevriliş tərəfdarları tutduqları vəzifələrindən kənarlaşdırılır.