KÖŞƏ

Sevinc Azadi

Nüfuzlu beynəlxalq yarışların keçirildiyi unikal məkan

29 may 2019 10:22
2221

Bu gün Azərbaycan, xüsusən də paytaxt Bakı bir çox önəmli beynəlxalq tədbirlərin, forumların, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib. Bu tədbirlərin keçirilməsi Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən göstərilən yüksək diqqətin ifadəsidir. Bu yüksək diqqətin göstərilməsi üçün səbəb Azərbaycanın, Bakı şəhərinin yüksək inkişafı, burada lazımi infrastrukturun yaradılmasıdır. Bütövlükdə isə bu, ölkəmizin dünya siyasətində rolunun yüksəlməsi ilə bilavasitə əlaqədardır. Azərbaycan artıq nəinki beynəlxalq tədbirlərə ev sahibliyi edir, hətta bu sahədə yeni ənənələrin yaranmasının təşkilatçısı kimi də çıxış edir. Son illər ölkəmizin dünyada nüfuzunun daha da artması, beynəlxalq miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi, o cümlədən paytaxt Bakının 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, Bakı-2015: I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi, Bakı-2016: Ümumdünya Şahmat Olimpiadası, Bədii Gimnastika üzrə Avropa Çempionatları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, Peşəkar Boks üzrə Beynəlxalq Turnir və sair kimi yarışlara ev sahibliyi etməsi ölkəmizin dünyada həm də bir idman ölkəsi kimi tanınmasına səbəb olub.

Məhz bunun nəticəsidir ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun keçiriləsi Azərbaycana həvalə edilib. Bu, beynəlxalq idman federasiyalarının respublikamızda aparılan işlərə, həmçinin idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür desək yanılmarıq.

Artıq final oyununun keçirilməsinə az qalır. Bu mühüm yarışma ərəfəsində də ölkəmizin uğurlarını həzm edə bilməyən bəzi anti-Azərbaycan qüvvələrin növbəti çirkin kampaniyanın başlaması heç də təsadüfi olmadı. Bir müddət öncə Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) heç cür anlaşılmayan, izahı mümkün olmayan, başa düşülməyən və qəbul edilməyən tövsiyə xarakterli bəyanatı buna misaldır. Lakin bu gün hər kəs bilir ki, Azərbaycan dünyada sabitlik və təhlükəsizlik adası kimi qəbul olunur. Ölkəmizdə hər bir vətəndaşın, o cümlədən Azərbaycana gələn turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, beynəlxalq miqyaslı idman yarışlarına uğurla ev sahibliyi edir. Elə UEFA və FIFA bayrağı altında keçirilən tədbirlərin də yüksək səviyyədə baş tutduğunu xatırlatmaq yerinə düşər. Məlumdur ki, bu günə qədər Bakı istər futbol üzrə dünya və Avropa çempionatlarının seçmə mərhələdəki görüşlərinə, istərsə də UEFA Çempionlar Liqası və Avroliqanın qrup mərhələsindəki oyunlarına ev sahibliyi edib və bu zaman təşkilatçılıq baxımından paytaxtımız heç də Avropanın digər şəhərlərindən geri qalmayıb. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbilər Azərbaycanda ictimai asayişin təmin olunmasından, mövcud olan sabitlik və təhlükəsizlik mühitindən və bu kimi böyükmiqyaslı idman tədbirlərinin təşkilatçılığından daima məmnun qalıblar. Odur ki,  xarici anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qərəzli kampaniyası bu dəfə də heç bir nəticə verməyəcək. Bu mövzuda qərəzli açıqlamalar verən, idman hadisəsini siyasiləşdirərək Azərbaycan haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa və yanlış yönləndirməyə xidmət edən fikirlər səsləndirən qurum və şəxslərə ən gözəl cavabı yenə də Azərbaycan xalqı verəcək. Bakıda Avroliqanın finalı ən yüksək standartlara uyğun keçiriləcək.

Nəinki UEFA Avropa Liqasının final matçını, həmçinin qarşıda bizi gözləyən daha bir beynəlxalq idman yarışını da ən yüksək səviyyədə təşkil edəcəyi şübhəsizdir. Söhbət 2019-cu ilin 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalından (AGYOF) gedir. AGYOF-un açılış mərasimi iyulun 21-də təşkil olunacaq. Ümumilikdə 50 Avropa ölkəsindən 3 min 600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə təşrif buyuracaq. On idman növü - bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş üzrə keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq. Qeyd edək ki, birinci festival 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. Bu tədbir iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa Gənclər Olimpiya Festivalı Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. Bu festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən kvalifikasiya raundu olmadan iştirak etmək hüququnu qazanır. Bu yarışın Azərbaycan gəncləri, idmançıları üçün önəmi və perspektivi böyükdür. Festival 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına trampilin rolunu oynayacaq. Yəni, Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında qalib olacaq idmançılar bir il sonra Tokioda keçiriləcək olimpiadaya özlərini hazır saya biləcəklər. Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlar da məhz Milli Gimnastika Arenasında təşkil olunacaq. İlin sonuncu yarışı sentyabrın 16-22-də keçiriləcək bədii gimnastika üzrə dünya çempionatıdır.

Tam əminliklə demək olar ki, bu il də Azərbaycan idman ölkəsi statusunu qoruyub saxlayacaq, müxtəlif idman növlərini əhatə edən mühüm beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə uğurla ev sahibliyi edəcək.