Sevinc Azadi |
AXCP sədri anlayır ki, hakimiyyətin istənilən müsbət addımı və bunun nəticəsində baş verən siyasi yumşalma AXCP sədrinin “siyasi ölümünü” bir az da sürətləndirir
Son vaxtlar Azərbaycan hakimiyyətinə qarşı çox radikal mövqeyi ilə tanınan və xaricdə mühacir kimi yaşayan şəxslərin Prezident İlham Əliyevə açıq dəstək ifadə etdiyinin şahidi oluruq. Bu günlərdə “Meydan TV” kimi radikal bir layihənin qurucusu Emin Milli sosial şəbəkələr vasitəsilə Prezident İlham Əliyevdən açıq üzr istədi. Bunu da belə əsaslandırdı ki, indiyə qədər qərəzli, kinli olub. Buna bənzər mövqeyi digər mühacir jurnalist Elnur Məcidli də sərgilədi. Hiss olunur ki, artıq Avropa ölkələrinə sığınan mühacirlər bəzi oyunlardan tam xəbərdar olublar. Buna görə də nicatı öz dövlətlərində axtarmağa başlayıblar. Qeyd edək ki, mühacirlərin bu cür hərəkətlərini alqışlayanlarla yanaşı, onlara istehza ilə yanaşan, hətta söyənlər də var. Ən maraqlısı isə budur ki, mühacirlərə ironik yanaşanların başında AXCP sədri Əli Kərimli dayanıb. O, ironik tərzdə onları aşağılayıb və adlarını “islah olunmuş mühacirlər” kimi hallandırıb. Məhz bu cür yanaşmadan sonra konstruktivlik ortaya qoyan mühacirlərə qarşı virtual məkanda AXCP-nin troll dəstələri tərəfindən hücumlar təşkil edilib.
Bundan əlavə, xaricdə yaşayan mühacirlərin ölkəyə qayıdışı üçün problemsiz şəraitin yaradılması ilə bağlı yayılan məlumatlar da dağıdıcı müxalifət tərəfindən xoş qarşılanmayıb. Mühacirlərlə bağlı açılım məsələsi gündəmə gələn kimi bu işin reallaşmaması üçün daha çox canfəşanlıq edən də yenə elə Əli Kərimli oldu. Bəs Əli Kərimli yumşalan mühacirlərə qarşı niyə belə radikal mövqe sərgiləyir? Şübhəsiz ki, onun bu hay-küyünün arxasında bir qorxu hissi dayanır. Heç bir elektorat dəstəyi olmayan Əli Kərimli tamamilə təklənməkdən qorxur. Ona görə də AXCP sədri bu gün daha çox ona çalışır ki, cəmiyyətimizdə narazılıqlar baş qaldırsın, bu narazılıqları isə süni şəkildə yaratmaq üçün ayrı-ayrı sosial şəbəkə istifadəçisi olan mühacir gənclər də öz “əməklərini” ortaya qoysunlar.
Lakin Azərbaycanda sosial sferada aparılan islahatlara paralel olaraq, sülhə, barışığa köklənmiş və ictimai rəydə siyasi açılım olaraq qəbul edilən islahatlar hər zaman aktual olub. Hətta əxlaq qaydalarını alt-üst edən, siyasi və fərdi maraqları hər şeydən üstün tutanlara da iqtidar hər zaman “barışıq əlini” uzadıb, dövlət və milli maraqlar naminə siyasi ambisiyaları bir kənara qoymağı təklif edib, bu təklif qəbul edilməsə belə qapını hər zaman açıq saxlayıb. Çünki Azərbaycan hər birimizin evidir və bu gün bu ölkənin Prezidenti olan cənab İlham Əliyev 2003-cü ildə “Hər bir azərbaycanlının Prezidenti olacağam” vədinə həmişə sadiq qalıb. Hakimiyyətə qarşı ən sərt mövqedə dayananların ən çətin vəziyyətində də Prezident İlham Əliyevin kömək əlini uzatması bunu təsdiqləyir. Prezident İlham Əliyevin siyasi açılımı da məhz onun gələcək nəsilləri düşünən dövlət xadimi olmasından irəli gəlir və bu siyasi açılımın əsas hədəfi də milli barışığın, milli anlaşmanın təmin edilməsidir. Azərbaycandan müxtəlif yollarla Avropaya köçmüş və mühacir adı altında yaşayanlara iddiaların tam əksinə olaraq, ölkəyə qayıtmaq və azad yaşamaq haqqının tanınması da buna hesablanıb. AXCP sədri Əli Kərimli isə hakimiyyətin bu addımlarından ciddi depressiyaya düşüb. Çünki anlayır ki, hakimiyyətin istənilən müsbət addımı və bunun nəticəsində baş verən siyasi yumşalma onun “siyasi ölümünü” bir az da yaxınlaşdırır. Əli Kərimli və onun dəstəsi Prezident İlham Əliyevin düşünülmüş, prinsipial milli siyasəti, dövlət başçısının müasir və qüdrətli Azərbaycan naminə açdığı yeni üfüqlər, vətəndaş təşəbbüskarlığına yaratdığı imkanlar qarşısında daim aciz vəziyyətdə qalmağa məhkumdurlar.