Sevinc Azadi |
Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının plenar iclasında iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi açıqlama erməni mətbuatı ilə yanaşı, elə erməni cəmiyyətində də birmənalı qarşılanmayıb: “Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və bu təşkilatı təmsil edir. Ermənistan, eyni zamanda, KTMT-nin də üzvüdür və biz bu qurumlarda üzvlüyümüzü daha səmərəli etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”. Bundan əlavə, Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını bildirən erməni baş nazir bunun davamlı olması üçün əllərindən gələni edəcəklərini bildirib.
Belə görünür ki, Paşinyan “gəmisinin” hansı “limana” - Rusiyaya, yoxsa Qərbə tərəf yan alacağını hələ özü də dəqiq bilmir. Yox, əgər bilirsə də hələ ki, “ermənilik” edərək gizlədir. Çünki o, hələ mitinqlər zamanı, yəni “nazirbaşı” olmamışdan əvvəl Rusiya Dövlət Dumasının deputatları ilə görüşdən sonra - “Görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi haqqında danışıldı və görüş konstruktiv keçdi. Mən Rusiyadan olan kolleqalarımı inandırdım ki, hakimiyyətə gəlsək, Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq məsələsini qaldırmayacağıq” - desə də, amma müxalif deputat olan zaman Ermənistanın Avrasiya İqtisadi Birliyinə könüllü yox, məcburi qoşulduğunu deyirdi. Rusiya-Ermənistan münasibətlərini isə “diktə edən və qulaq asan” kimi səciyyələndirirdi.
“ArmenianReport” saytı Paşinyanın bəyanatından sonra Qərbin Ermənistanla münasibətində ciddi dəyişikliklər olacağını istisna etmir: “Axı Qərbin Ermənistandakı “məxməri inqilab”dan sonra İrəvana dəstək verərək, bu ölkədə Kremlin diktatorlarının hakimiyyətinə son qoyulmasına rəğbət nümayiş etdirməsi elə də bir sirr deyildi. Ermənistan sakinləri də Paşinyanın tezliklə ölkəni Avropaya aparacağını düşünürdülər. Çünki onlar Paşinyana, onun xalqa verdiyi vədlərə inanırdılar. Axı Ermənistanın Rusiyanın himayəsində olan Avrasiya İqtisadi Birliyi, KTMT kimi təşkilatlara qəbulunu ölkəsi üçün yanlış yol kimi dəyərləndirən məhz indiki baş nazir Nikol Paşinyan deyildimi? Bəs belə olan halda Paşinyanı Strasburqda İrəvanın xarici siyasətinin dəyişməyəcəyini bəyan etməsinə vadar edən nədir?
Əslində, “hiyləgərliyi olduqca murdar, riyakarlıqları isə dözülməz” (fransız səyyah de-Şolye) olan bu millət nümayəndəsinin verdiyi bəyanatın arxasında nələr gizləndiyni sezmək o qədər də çətin deyil. Belə ki, son günlər müharibə mövzusunun gündəmdə yer aldığını və əgər bu baş verərsə, cılız bir ölkənin hansı aqibətlə üzləşəcəyini gözə alan ermənilər indidən “hazırlıqlarını” görməyə başlayıblar.