Sevinc Azadi |
İqtisadi problemlərlə yanaşı, diplomatik sahədə üzləşilən uğursuzluq rəsmi İrəvan üçün sözün həqiqi mənasında ciddi problemlərə yol açıb. Bütün bunların üzərinə orduda yeni-yeni problemlərin meydana gəlməsini də əlavə etsək baş Nazir Nikol Paşinyanın çox ciddi sınaq qarşısında qaldığını deyə bilərik. Məsələ ondadır ki, son vaxtlar Ermənistan ordusunda ölüm hallarının sayında ciddi şəkildə artım müşahidə edilir. 2016-cı ilin aprelindən sonra Qarabağ cəbhəsində heç bir genişmiqyaslı hərbi əməliyyatın, qoşunların qarşıdurması hadisəsinin baş verməsinə baxmayaraq, işğalçı ölkədə əsgər ölümlərinin sayında artım qeydə alınıb. Bu fakt isə öz-özlüyündə əsgər analarının Paşinyan hakimiyyətinə qarşı etirazları artırıb. Düzdür, rəsmi rəqəmlərdə Ermənistandakı əsgər ölümlərinin sayı mümkün qədər az göstərilməyə çalışılsa da, ölüm halları ört-basdır edilməyə cəhd göstərilsə də, bir sıra beynəlxalq təşkilatların apardıqları araşdırmalar bunun əksini söyləyir. İşğalçı ölkədəki əsgər ölümləri ilə bağlı açıqlanan statistik göstəricilər də deyilənləri təsdiqləyir. Belə ki, 2018-ci ildə Ermənistan ordusunun 63 hərbçisi müxtəlif şəraitlərdə ölüb. Onların 27-si əsgər, 23-ü müqavilə əsasında xidmət edən hərbçi, 2-si gizir, 11-i isə zabitdir. Ölüm hallarının 38-i xidmət zamanı, 25-i isə xidmətdənkənar baş verib. 11 əsgər isə ağır mənəvi-psixoloji təzyiqlərə dözməyərək intihar edib.
Bu səbəbdən də Ermənistan ordusunda dinc dövrdə ölən hərbçilərin anaları ötən gün təkrarən Ermənistan hökuməti binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb ediblər. Yaxın gələcəkdə dinc dövrdə orduda ölən erməni hərbçilərlə bağlı 5 qalmaqallı cinayət işlərinə yenidən baxılacağına dair hökumətin açıqlama verməsinə baxmayaraq, ölən hərbi qulluqçuların anaları hesab edirlər ki, uzun illər keçən cinayət işlərinin istintaqı müstəntiqlər tərəfindən ədalətli həll edilə bilməyəcək.
Dinc dövrdə ölən hərbi qulluqçu Valerik Muradyanın anası Nana Muradyana İstintaq komitəsində müstəntiq bildirib ki, 9 il sonra sübutlar məhv edildiyindən cinayət işinin üstünün açılması çətindir. “9 il keçib. İlkin izlər itirilib, əşya sübutlar məhv edilib, iş qarışıq hala düşüb. 9 il sonra mən bu işi necə araşdırım?”, - deyə o, müstəntiqin sözlərini xatırladaraq etiraz edib. Nana Muradyan təkid edir ki, cinayət işini araşdıran birinci müstəntiq Apresyan cinayəti gizlətməsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir.
Qeyd edək ki, Ermənistanda əsgər anaları indiyədək dəfələrlə etiraz aksiyaları keçiriblər. Hərbçilərin ailə üzvləri bildirirlər ki, heç kim onların sosial durumu, ehtiyacları barədə maraqlanmır. Hökumət nümayəndələri həlak olmuş əsgərlərin valideynlərinin, ailə üzvlərinin taleyinə biganədir.
Xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycan və Ermənistan arasında 1994-cü il mayın 12-də Bişkekdə qoşunların təmas xətti üzrə atəşkəs barədə imzalanmış ikitərəfli razılaşmaya baxmayaraq, erməni tərəfi anlaşmanı pozur və əsgərlər yenə də həlak olurlar. Əgər Azərbaycanın Müdafiə Nazirliyi öz itkilərini söyləyirsə, Ermənistanda həlak olanların sayı əsaslı surətdə aşağı salınır. Son 20 il ərzində özgə torpağı üçün ölmək istəməyən erməni gənc əsgərlər fəal şəkildə Ermənistan-Azərbaycan cəbhəsinin xəttini keçirlər. Erməni əsgərləri bu hərəkətlərini nizam-intizamın olmaması, öz ordularında hökm sürən aclıq və baxımsızlıqla izah edirlər. Bu vəziyyətdən çıxış yolunu onlar özlərini tam təhlükəsizliyin gözlədiyi Azərbaycana qaçışda görürlər. Azərbaycandan Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə erməni əsgərləri öz istəkləri ilə Avropaya və ya ABŞ-a keçirlər. Nə qədər ki, Ermənistan Azərbaycana qarşı işğalçı siyasətini davam etdirir, Azərbaycan və erməni qoşunlarının təmas xəttində gərginlik azalmayacaq. Erməni tərəfi daim atəşkəs rejimini pozaraq, müxtəlif təxribatlar törədərək, bu hadisələrə görə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmağa çalışır. Atəşkəs rejiminin gündəlik pozulması və itkilərin olması status-kvonun qəbuledilməzliyinin göstəricisidir ki, bu da əbədi davam edə bilməz, baxmayaraq ki, Ermənistanın rəhbərliyi əsaslı surətdə status-kvonun qalmasına çalışır. 2016-cı ilin dörd günlük aprel döyüşləri bütün erməni təxribatlarına layiqli cavab oldu və ermənilər arasında “məğlubedilməz erməni ordusu” mifini puça çıxardı ki, bu da bir daha erməni analarını öz oğullarını “özgə torpaqları uğrunda vuruşmağa göndərməyə dəyərmi?!” deyə düşünməyə vadar edir.