KÖŞƏ

Sevinc Azadi

Xəyanət və satqınlıq yolunun yolçusu

01 mart 2019 10:40
2544

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin zaman-zaman “hakimiyyətlə iş birliyi” barədə səslənən fikirlər ətrafında müxtəlif siyasi mülahizələr səslənsə də onların bəziləri təsdiqini tapıb, bəziləri isə hələ də gizli olaraq qalmaqdadır. Göründüyü kimi, AXCP sədrinin xisləti siyasi dələduzluq üzərində qurulub və o, zaman-zaman öz çirkin məqsədlərinə nail olmaqdan ötrü, hətta müxalifətdə ona mane ola biləcək insanların qarşısını almaq üçün xəyanət, satqınçılıq yolunu seçib. O da əbəs yerə deyil ki, bu ənənə onda SSRİ dönəmlərindən mövcuddur. Məsələn, özünə “lider” hesab etdiyi mərhum Əbülfəz Elçibəyi müxtəlif iyrənc yollarla kənarlaşdıran, hətta onun həyatına sui-qəsd etməsi də iddia olunan Ə.Kərimli məhz öz “lideri” tərəfindən “komsomolçu” ayaması ilə “mükafatlandırılmışdı”. Bu, elə-belə ayama deyildi və əsaslara söykənirdi. Çünki bu gün bir çoxları da var ki, Ə.Kərimlini tələbə vaxtlarından tanıyırlar və həmin ərəfələrdə onun anti-sovet çıxışları edənlər haqqında “KQB”yə çuğulluq etməsindən məlumatlıdırlar. Sonralar isə “KQB” onu digər bəlli məqsədləri üçün istifadə edib.

Xatırladaq ki, hələ “Yurd” İctimai Birliyini təsis etdiyi vaxtdan və AXC yaranandan, yəni 1989-cu ildən siyasi səhnədə uğur qazana bilməyən Əli Kərimlinin Əbülfəz Elçibəy vəfat etdikdən sonra AXCP-ni ələ keçirməsi təsadüfi deyildi. Elə o zaman da, yəni 89-90-cı illərdə də adi bir qəzet yazarı statusundan sıçrayışla irəliləmək, özü də o zaman ki, meydanda yüzlərlə gənc vardı və əksəriyyəti də ondan potensiallı və cəsur idi, AXC-nin strukturlarına yerləşmək o dövrün görünməz əllərinin xidməti idi. Nəhayət, müxtəlif zamanlarda həmin gizli əllər Xalq Cəbhəsini Əli Kərimlinin nəzarətində saxlamaq üçün bütün səylərini işə saldılar. Sonda da Əli Kərimlinin rəhbərliyindəki AXCP keçən 15 il ərzində də heç bir uğura nail ola bilmədi. Bütün seçkilərdə məğlub olan və “Yurd” sədri eyni zamanda AXCP-nin sahib olduğu elektoratın və partiyanın tanınmış simalarının sözügedən təşkilatdan uzaqlaşdırılmasına çalışdı. Opponentlərini, partiyada dəyişiklik tələb edən şəxsləri, müxalifətin real olaraq birləşməsini və bu hakimiyyətin dəyişməsinə doğru addım atanların hər birini müxtəlif üsullarla şantaj edərək partiyadan uzaqlaşdırdı. Gah qaragüruh olmaqda, gah da hakimiyyətə işləməkdə ittiham edərək, AXCP-nin qapılarını onların üzünə bağlaya bildi. Elçibəyin sağlığında bunu açıq şəkildə edə bilməsə də son 15 ildə bütün üsullarla bu missiyanı yerinə yetirdi və istəyinə nail oldu. Əvəzində Fuad Qəhrəmanlı, Gözəl Bayramlı kimi şəxsləri qabağa çəkdi. Həmçinin AXCP-yə aidiyyəti olmayan şəxsləri (Nurəddin Məmmədli, Natiq Ədliov və s.) ətrafına topladı. Partiyanın demokratikləşməsinə çalışanları, AXCP-nin əvvəlki nüfuzunu qaytarmasını istəyənləri isə şantaj edərək özünə əlavə maliyyə qaynaqları hazırlayırdı. Buradan belə bəlli olur ki, bu gün Ə.Kərimlinin simasızlığı, partiyadaşlarına, düşərgədəki ideyadaşlarına xəyanəti uzun illərdir mövcvuddur.

Buraya Ə.Kərimlinin bir neçə milyonluq bank maxinasiyalarını da əlavə etsək, onun sıravi AXCP üzvləri üzərindən siyasi biznes qurduğunu növbəti dəfə sübuta yetirə bilərik. Ə.Kərimli özü yaxşı bilir ki, həqiqətləri etiraf edərsə, olan-qalan elektoratı ən yaxşı halda onun üzünə tüpürüb, laxlayan qapılarını üzünə çırpacaq.