01 mart 2019 10:19
1378

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət üçün hər zaman prioritet olub - İKİSAHİL TV

İqtisadçı alim Vüqar Bayramov İkisahil.TV-nin “Siyasi baxış” verilişində əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı  sualları cavablandırdı

- Vüqar müəllim, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamının əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- 2019-cu ilin ilk iki  ayını qiymətləndirsək sosial təminatın gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən kifayət qədər çoxlu sərəncamların imzalandığı və bu istiqamətdə dövlət büdcəsindən artıq martın 1-dən etibarən hiss edilən məbləğdə vəsaitin ayrılacağını müşahidə edirik. Nəzərə alaq ki, hər bir Sərəncamın əhatə dairəsi 570 min nəfəri təşkil edir. Bundan əvvəl də minimum əmək haqqının artırılması ilə bağlı Sərəncam qəbul edildi. Minumum əmək haqqının artırılması ilə bağlı Sərəncam  600 minə yaxın vətəndaşımızı əhatə etdi. Eləcə də minimum pensiyanın artırılması ilə bağlı ölkə başçısı tərəfindən digər təşəbbüs oldu. Praktik olaraq biz son həftələrə baxsaq, sosial müdafiənin gücləndirilməsi ilə bağlı kifayət qədər ciddi addımların atılmasını görərik. Sosial müavinətlərin məbləğinin  birinci qrup əlilliyə görə 150, ikinci qrup əlilliyə görə 130, üçüncü qrup əlilliyə görə 110 manata çatdırılacağı nəzərdə tutulur. Sərəncama əsasən, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar ayda 150, ailə başçısını itirməyinə görə ailə üzvlərinin hər biri 80 manat alacaqlar. Müavinətlərin artırılması eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına da aiddir. Beşdən çox uşağı olan qadınların hər uşağa görə, uşağın anadan olmasına görə, habelə dəfn üçün ödənilən sosial müavinətlərin də artırılacağı nəzərdə tutulur.

- Pensiya və müavinətlərin son artımında məbləğdə olan böyük fərqlər diqqəti cəlb edir...

- Elədir. Bütün istiqamətlərdə nəzərəçarpacaq dəyişikliklər özünü göstərir. Praktik olaraq fiziki imkanları məhdud olan uşaqlara ayrılan vəsaitlərin həcmi 300 manata çatdırılıb. Son Sərəncamda ayrılan vəsaitlərin həcminə diqqət yetirsək orta hesabla 70-80 faiz artım qeydə alınıb. Bu da dövlət büdcəsindən  bu istiqamətə 400 milyon manata yaxın vəsaitin ayrılması deməkdir. Əmək pensiyası haqqında qanuna əsasən artıq konkret olaraq müəyyənləşib ki, hansı fiziki imkanları məhdud olan vətəndaşlarımızın məhz bu pensiyalardan istifadə imkanları var. Söhbət təbii ki, xüsusən yığım və müəyyən iş stajına, təxminən 5 il iş stajına malik olan fiziki imkanları məhdud olan vətəndaşlarımızdan gedir. Əmək pensiyası almaq hüququ olmayan digər fiziki imkanları məhdud olan vətəndaşlar artıq sosial müavinətdən istifadə edirlər ki, onlara da  dövlət tərəfindən birbaşa ödəniş həyata keçirilir. O baxımdan sosial müavinətlərin məbləği ölkə Prezidenti tərəfindən birbaşa və konkret olaraq müəyyənləşib. Sərəncama diqqət yetirsək konkret olaraq 9 əsas istiqamətə ayrılan vəsaitin üzərində konkret məbləğlər var. Hər bir vətəndaş həmin məbləğlərə baxmaqla alacağı sosial müavinətin məbləğini müəyyən edə bilər. Eyni zamanda, pensiyaların pensiya məbləği indeksiasiyası həyata keçirilir. Bu, bütünlükdə bütün pensiya məbləğlərinə şamil edilir. Burada iki mühüm məqamı qeyd etmək istərdim: Birinci məqam ondan ibarətdir ki, yeni qanunvericiliyə əsasən pensiyanın baza hissəsi ləğv olunur. Bu da pensiyaların sığorta və yığım hissəsidir. Yeni sistemə əsasən bütün məbləğ indeksləşdirilir. Burada məqsəd ondan ibarətdir ki, pensiyaların məbləğindəki mövcud reallığı qoruyub saxlamaq mümkün olsun. Amma sözsüz, indeksləşdirilmədən  sonrakı artımlar birbaşa pensiya məbləğlərinin daha çox artırılmasına xidmət edir. Minimum pensiyanın məbləğinin məhz 160 manata çatdırılması nəticəsində bəzi pensiyaçılarımızda 93 faizə yaxın artım qeydə alındı. Nəticə etibarılə məhz nisbətən az pensiya alan pensiyaçıların aldıqları pensiya məbləğində daha ciddi rəqəmlər ifadə olundu. Təbii ki, son addımlar sosial təminatın gücləndirilməsi üçün daha ciddi bir baza formalaşdırıb. Bu, ondan xəbər verir ki, 2019-cu ildə artıq həm iqtisadi, həm də sosial sferada yeni addımları müşahidə edəcəyik.

- Son müşavirədə diqqət çəkən məqamlardan biri də məcburi köçkünlərə dövlət tərəfindən  ayrılan müavinətlərin 50 faizə qədər artımı oldu. Bu barədə nə deyərdiniz?

- Fevralın 26-da məcburi köçkünlər, eyni zamanda, onlara bərabər tutulan şəxslərə ödənilən aylıq vahid məbləğin ödənilməsi ilə bağlı qərar qəbul edildi. Bu məbləğ 50 faiz artırıldı. Əvvəlcə bu məbləğ haqqında məlumat verim. Əvvəla, 2017-ci ilin yanvarın 1-dən etibarən məcburi köçkünlərə ödənilən vəsaitin həcmi, xüsusən kommunal xidmətlərin qarşılanması ilə bağlı mexanizm dəyişib. 2017-ci il yanvarın 1-dək məcburi köçkünlərin limitlər daxilində istifadə etdiyi kommunal xidmətlər dövlət tərəfindən birbaşa kommunal xidmətləri  təmin edən qurumlara ödənirdi. 2017-ci ildən artıq ödənişlərin vahidləşdirilməsi nəzərdə tutuldu. Ödənişlərin vahidləşdirilməsinin  məqsədi ondan ibarət oldu ki, vəsait məcburi köçkünlərin özünə ödənilsin. Məcburi köçkün istifadə etdiyi kommunal xidmətin haqqını özü birbaşa həyata keçirsin. Bunun da fərqli səbəbləri var. Burada əsas məqsəd şəffaflığın həyata keçirilməsi idi. O zaman məbləğ 36 manat müəyyənləşdirildi. 36 manat o şəxslər üçün nəzərdə tutuldu ki, həmin şəxslər fərdi sayğaclara malik idilər. Fərdi sayğacları olmayan vətəndaşlar üçün isə məbləğ 20 manat təşkil edirdi. 2018-ci ilin aprelində həmin məbləğ 36 manatdan 40 manata və digər ümumi sayğaclardan istifadə edən vətəndaşlar üçün isə 20 manatdan 22 manata qaldırıldı. Yeni Sərəncamla isə məbləğin 50 faiz artırılması ilə bağlı qərar qəbul edilib. Artıq həmin Sərəncama uyğun olaraq məcburi köçkünlər kommunal xidmətlərin ödənilməsi üçün ayda hər bir ailə üzvünə 60 manat vəsait  əldə edəcək. Fərdi sayğacı olmayan vətəndaşlar üçün isə bu məbləğ 33 manata çatdırılıb. Bu güzəştlər təxminən yarım milyona yaxın vətəndaşa şamil olunacaq. Nəzərə alsaq ki, kommunal xərclər ailə üçün hesablanır, əgər ailədə 4 nəfər üzv varsa bu, o deməkdir ki, kommunal xidmətlərin ödənilməsi üçün vahid sayğacdan istifadə edən ailələrə 240 manat vəsait ödənəcək. Onlar tam olaraq kommunal xidhmətlərini ödəyə biləcəklər. Heç bir defisit yaranmayacaq. Bu da nəticə etibarilə onların sosial müdafiəsinin həllində atılan çox müsbət addımlardan biridir. Təbii ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi dövlət üçün hər zaman prioritet məsələlərdən biri olub.

- Vüqar müəllim, problemli krediti olan insanlar üçün hansı güzəştlər nəzərdə tutulub?

- Nəhayət, xarici valyutada olan kreditlərə güzəşt tətbiq olundu. Azərbaycan Prezidenti tərəfindən problemli kreditlərin həlli ilə bağlı Fərman imzalandı. Fərmanda nələr nəzərdə tutulur və kimlər güzəştdən istifadə edə biləcək?

Qeyd edək ki, devalvasiya nəticəsində yaranan fərqə güzəştin verilməsi formulası İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təklif etdiyi mexanizmdir. Əvvəla, güzəştdən fiziki şəxs olan vətəndaşlarımız faydalanacaqlar. Bu zaman birinci devalvasiyadək olan dövr və birinci və ikinci devalvasiya arasındakı müddət əsas götürüləcək. 2012-ci il yanvarın 1-dək 2015-ci il dekabrın 21-dək, yəni birinci devalvasiyayadək olan dövr üçün hər 1 dollara 0.25 qəpik güzəşt hesablanacaq. Bu, o deməkdir ki, birinci devalvasiyayadək 10 min dollar kredit götürmüş vətəndaşın manatla krediti 7800 manat idisə devalvasiyadan sonra bu rəqəm 10500 manatadək yüksəldi. Fərmanla birinci devalvasiyayadək 10 min dollar kredit götürən vətəndaş əsas məbləğə 2500 manat güzəşt əldə edə bilər. Bununla da onun əsas borcu 10500 manatdan 8000 manatadək azaldılır. Birinci devalvasiya və ikinci devalvasiya arası götürülən kreditlər üçünsə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq. Bu 10 min dollara 6 min manat güzəşt deməkdir. Fərmanla fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsiyə olunur. Bu, faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılması anlamına gəlir.

Nəzərə alsaq ki, problemli kreditlərin həcmi bir milyard 585 milyon manatdır, bu zaman problemli kreditlərin ümumi kredit portfelinin 12 faizini təşkil etdiyini görəcəyik.

Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova, 
“İki sahil”