KÖŞƏ

Sevinc Azadi

Anti-Azərbaycan şəbəkənin uğursuz missionerləri

15 fevral 2019 10:30
2358

Sosial şəbəkələr artıq cəmiyyət həyatının bir hissəsinə çevrilib. Bu virtual məkandan ünsiyyət qurmaq məqsədilə istifadə edənlər də var, hansısa informasiya əldə etmək istəyənlər də. Son dövrlər isə sosial şəbəkələr siyasi təbliğat məkanı olaraq da istifadə olunur. Əslində dünya təcrübəsində siyasətdə sosial texnologiyalardan istifadə normal haldır və adətən, bu texnologiyalardan aktiv istifadə edən siyasilər daha çox xal qazanmış olurlar.

Lakin sosial şəbəkələrin azad olması heç kimə burada təhqirə yol verməyə, yaxud dezinformativ addımlar atmağa haqq qazandırmır. Azərbaycanın siyasi mühitində isə “bu haqqı özlərinə qazandıranlar” müxalifətin radikal kəsimidir ki, bu düşərgə virtual məkandan daha çox özlərinin təbliği və bir-birinə qarşı təhqir dolu ittihamları üçün istifadə edir.

Aydındır ki, radikal müxalifətin kurasiyasında kiçik, barmaqla sayılacaq qədər elektorat, bir neçə qəzet və internet saytından başqa heç nə yoxdur. Ən əsası isə xalq kütlələrinin dəstəyindən məhrum olan bu düşərgə üçün sosial şəbəkələr təbliğat vasitəsi kimi “göydəndüşmə”dir. Digər maraqlı məqam isə, bu qüvvələrin Azərbaycanda internetin azad olmaması ilə bağlı yanlış, bir az da qərəzli ittihamlarına rəğmən azad internetdən gen-bol istifadə etməsidir. Gülməli olan isə onların ölkənin internet məkanında “oturub” internetin azad olmamasını demələridir. Təbii ki, bu formada ittihamlar ilk növbədə özlərinin təbliğ olunmasına istiqamətlənib.

Son dövrlər hay-küy salmaqdan başqa əlindən bir iş gəlməyən, sosial bazasının zəifləməsini gizlətməyə çalışan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) uzun illərdir dəyişməz qalan rəhbəri Əli Kərimlini göstərmək olar. Əli Kərimlinin sosial şəbəkələrdəki “şou”larından, yalanlarından çox danışmaq, böhtan və iftiralarına dair yüzlərlə misallar göstərmək olar. Amma müxalifətdəkilərin ən mənfi tərəfi odur ki, onlar təkcə radikal düşüncə tərzləri ilə seçilmirlər, həm də səhvlərini, yanlış yolda olduqlarını göstərəndə, bunu qəbul etmirlər. Bu adamların qrant davaları, intriqaları haqqında da dəfələrlə yazmışıq. Hətta özləri öz dilləri ilə bu biabırçı durumu göstəriblər də...özləri bir iş görə bilmədikləri halda, indiki hakimiyyətin gördüyü işlərə böyük qısqanclıqla yanaşan müxalifət nümayəndələri, xüsusən də Əli Kərimli və ona dəstək verən yalan maşınları - “Azadlıq”, Sevinc Osmanqızı və başqaları da gözəl anlayırlar ki, xalq onların iyrənc statuslarına fikir vermir. Əslində, bu kimi əxlaqsız mübarizə metodunun müxalif düşərgə üçün heç də yad olmadıgını hər kəs gözəl bilir. Qənimət Zahid, Azər Əhmədov, Natiq Ədilov, Xədicə İsmayıl, Türkel Kərimlinin vaxtilə yayılmış videoları və fotoşəkilləri hələ də “Google”un arxivlərində qalmaqdadır. Bu şəxslərin təmsil olunduğu düşərgənin öz aşkar tərbiyəsizliklərini “siyasi mübarizə” görüntüsü altında daşıması ola bilsin ki, onlar üçün normal haldır. Yəni bu gün Orduxan Teymurxan birdən-birə durub AXCP sədri Əli Kərimlini söyüş atəşinə tutarsa, sabahı günü onlar yenidən eyni cinahdan çıxış edərlərsə, bu hər ikisi üçün öyrəncəli bir haldır. Yəni dünənə qədər bir-birlərinə olmazın söyüşlər söyməkləri vurulur, necə deyərlər, boyunlarının ardına!

Hec kəsə sirr deyil ki, bu gün radikalların ən böyük ümidlərindən biri sosial şəbəkələrin daimi “sakinləri” olan gəncləri öz tərəflərinə çəkməkdir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın güclənməsini, inkişafını həzm edə bilməyən qüvvələr tərəfindən idarə olunanların sadəcə sosial statuslardan uzağa getməyən fəaliyyəti ölkə gəncliyini cəlb etmir. Azərbaycan gəncliyi təxribatlar yaratmağa çalışan, ortaya real, güclü bir platforma qoya bilməyən bu qüvvələrin arxasınca getmir və onları qəbul etmir. Çünki Əli Kərimli və onun kimilər uzun illərdir ki, bir qrup gənci bilərəkdən meydanlara atıb, onlara radikal çağırış, şüar və plakatları verib, polislə məcburi toqquşmaya sürükləyənlərdir... Müxtəlif səbəblərdən həbsə düşən gəncləri sonradan itirib-axtarmayan da elə həmin adamlardır.