KÖŞƏ

Sevinc Azadi

Yeni inkişaf ritorikası baş naziri xilas edəcəkmi?

13 fevral 2019 11:11
2045

İşğalçılıq siyasəti nəticəsində təcrid olunmuş Ermənistan bütün variantlardan istifadə edərək iqtisadi vəziyyətini düzəltməyə çalışsa da, faydalı nəticələr əldə edə bilmir. Görülən kosmetik tədbirlərə baxmayaraq, Ermənistanda əhalinin 50 faizi yoxsulluqdan da aşağı səviyyədə yaşayır. İndi  Ermənistan əhalisi bu durumun dəyişəcəyinə ümid bəsləmir, ona görə də yeganə çıxış yolunu ölkədən köçməkdə görür. Əhalinin bir hissəsi köçsə də, yerdə qalanlar üçün iş yeri tapılmır. Bu isə sosial gərginliyi daha da artırır. Təsadüfi deyildir ki, Ermənistanın əhalisi daha 7 min nəfər azalıb.

Bu günlərdə erməni parlamentinin fövqəladə iclasında Paşinyan hökuməti ölkənin gələcək iqtisadi inkişafı ilə bağlı beşillik proqramı təsdiq etdirib. Maraqlıdır ki, səsvermədən əvvəl öz populist çıxışları ilə erməni xalqını hələ də tərəddüddə saxlayan erməni baş nazir bu proqramın ölkədə xarüqələr yaradacağını bildirib. “Düşünürəm ki, artıq düzgün quruluş və prinsiplərə əsaslanan yaxşı bir proqrama malikik. Proqrama aid vasitələr və rəqəmsal göstəricilər hökumət proqramının təsdiqindən sonra işə başlayacağı sektoral proqramlarda da əks olunacaq”. Bunu isə Paşinyanın müavini Mqer Qriqoryan bildirib.

Göründüyü kimi, Ermənistanın yeni baş naziri Nikol Paşinyan növbəti dəfə siyasi səviyyəsinin primitiv olduğunu nümayiş etdirir. O, hakimiyyətə yiyələnmək üçün küçələrdə hansı ritorikadan istifadə edirdisə, baş nazir kimi də eyni ritorikadan faydalanmağa çalışır. Küçə populizmi və bəsit siyasi “biclikləri” sevir. N.Paşinyan meydanlarda yüksək bəlağətlə vədlər verirdi, onun təqdimatında Ermənistan qısa müddətdə “böyük uğurlar” əldə etməyə qadir dövlət kimi göstərilirdi. Ancaq artıq aylardır ki, Paşinyan hakimiyyətdədir, Ermənistan nəinki bir addım irəli atıb, hətta daha qeyri-müəyyən vəziyyətdədir, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir. Xatırladaq ki, sözügedən proqramda Ermənistanda illik ÜDM-in ən azı 5 faiz artımının təmin ediləcəyi göstərilir. Hələ Karen Karapetyanın baş nazirliyi dövründə, yəni 2017-ci ildə bu göstərici 7 faiz göstərilirdisə, sual olunur, belə olan halda xalqın Paşinyana qoşulub inqilab etməsinə nə hacət vardı? Axı, Paşinyan və onun komandasının “inqilabı” ölkədə nəyi dəyişə bilib? - Heç nəyi. Buna əyani sübut: Hazırda Ermənistanda kritik durum hökm sürür. Müəllimlər, hərbçilər, dövlət işçiləri, taksi sürücüləri, küçə ticarəti ilə məşğul olanlar hökumət binası qarşısında toplaşaraq sosial problemlərinin həllini tələb edirlər. Aksiya iştirakçıları dolanmaqda çətinlik çəkdiklərini deyirlər. Verilən vədlər yerinə yetirilmir.  Etirazçılar Nikol Paşinyanı, vəzifəyə seçilməzdən əvvəl verdiyi vədləri yerinə yetirməməkdə günahlandırırlar. “Baş nazirin özü söz vermişdi ki, hamı üçün bərabər imkanlar olacaq. Niyə səs toplamaqdan ötrü insanları eyforiya vəziyyətinə saldı? Belə çıxır inqilab boş yerə idi”. Küçə ticarəti ilə məşğul olan bir qrup qadın isə İrəvan meri və polisdən şikayətçidir. Etirazçılardan Anna Simonyan bildirir ki, polislər onları alçaldır, ünvanlarına nalayiq ifadələr işlədirlər. Hətta  küçədə  göyərti satan qadını döyməkdən də çəkinməyiblər. Bizim bir tələbimiz də var. Xaricə qaçan o generalları tapıb gətirsinlər. Onlar neçə illərdir ki, bu xalqı talan ediblər. Qoy indi gəlib cavab versinlər.

Ermənistanın tanınmış kinorejissoru və prodüseri Ovanes Qalstyan parlamentin bağında aclıq aksiyahısını davam etdirir. O, ötən ilin dekabrında da belə addım atıb. Həmin aksiyanın 10-cu günü mədəniyyət naziri onunla görüşərək söz verib ki, problemləri həllini tapacaq. Bu söz vəd olaraq qalıb. O, Ermənistan kinosunun hazırda ağır vəziyyətdə olduğunu bildirib. Son 10 ildə büdcədən mədəniyyət nazirliyinə təqribən 1 milyard dram yəni 4,2 milyon dollar vəsait ayrılıb. “Gedin şəhərdə araşdırmalar aparın kino həvəskarlarından soruşun, gənclərdən müsahibə alın görün son 10 ildə hansısa bir yeni film izləyiblər ya yox. Ya İrəvan şəhərindəki kino-teatrlarda hansısa bir yeni çəkilmiş filmə baxıblar. Mən bir kino mütəxəssisi kimi deyə bilərəm ki, yox. Görün büdcənin pullarını necə talan ediblər”, - deyə Qalstyan əlavə edib.  Rejissor  tələbləri yerinə yetirməyənə qədər səhər saat 10-dan axşam 8-dək hökumət binası qarşısındakı bağda, gecə vaxtı isə şəhərin digər yerlərində aclıq aksiyasını davam etdirəcəyini deyib.