25 yanvar 2019 10:50
2100

“ABAD”: vətəndaşlara alternativ dəstək mexanizmi EKSKLÜZİV

Hər bir turist səyahət etdiyi ölkədən özünə bir yadigar saxlamaq istəyir. Elə bir şey ki, kiçik də olsa, ona həmin yeri xatırlatsın. Azərbaycana gələn qonaqları da, təbii ki, əsasən yerli suvenirlər, xalçalar, papaqlar, həm də qida məhsulları maraqlandırır.

Azərbaycanda vətəndaşların həyatını asanlaşdırmağa yönəlmiş bir sıra layihələr həyata keçirilir. Belə layihələrdən biri də “ABAD” mərkəzlərinin yaradılmasıdır. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Fərmanına əsasən pilot layihə kimi 2016-cı il sentyabrın 23-də “Ailə Biznesinə Asan Dəstək” - ABAD “Asan xidmət”in nəzdində yaradılıb. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını təmin etməkdir. “ABAD” kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə təsis edilib. Yeni sosial innovasiya konsepsiyası olan “ABAD” Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində yaradılıb və qısa müddətdə böyük marağa səbəb olub.

Fəaliyyətə başlayanda iki istiqamətdə - qida məhsullarının istehsalı və dekorativ-tətbiqi xalq sənətkarlığı sahələrində ailələrə dəstək göstərən “ABAD” hazırda bütün ölkə ərazisini əhatə edən bir quruma çevrilib.

“ABAD”-ın Marketinq, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Turanə Qasımova “İki sahil” qəzetinə bildirdi ki, qurumun adından da bəlli olduğu kimi, burada asanlıqla, şəffaflıqla vətəndaşlara köməklik göstərilir: “ABAD” iki ildən artıqdır ki, fəaliyyət göstərir. “ABAD”çı ailələrin məhsullarının ilk satış mərhələsi 2017-ci ilin Novruz bayramı ərəfəsində İçərişəhərdə yerləşən “ABAD etno butik”ində start götürüb. Pilot lahiyə çərçivəsində “ABAD” 7 ailə ilə öz fəaliyyətinə başlayıb. “ABAD”çılarımız qida istehsalı sahəsində fəaliyyətə başlamışdılar. Hazırda qürurverici haldır ki, “ABAD” ətrafında 332 ailə birləşib və gündən-günə də belə ailələrin sayı artmaqdadır. Müraciət sayları da kifayət qədər çoxdur. Coğrafi zona olaraq “ABAD”çılarımız təkcə Bakı şəhəri deyil, ölkəmizin bir çox regionlarını əhatə edir. “ABAD”ın hazırda 5 regional mərkəzi fəaliyyət göstərir.”

AttachmentQeyd edək ki, ilk regional mərkəz Masallı “Asan həyat kompleksi”ndə yaradılıb. Sonralar Balakən, Quba, 2018-ci ilin sonlarına yaxın isə İmişli və Şəki regional mərkəzləri fəaliyyətə başlayıb. Bu mərkəzlərin fəaliyyətlərinin əsas istiqaməti ondan ibarətdir ki, həmin regionlarda yaşayan sakinlərə öz qapılarını açır. Potensial “ABAD”çı olmaq istəyən vətəndaşlar sayt vasitəsilə qeydiyyatdan keçə bilmədikdə və yaxud əlavə məlumat əldə etmək istədikdə regional mərkəzlərimizə müraciət edərək ətraflı məlumat əldə edə bilirlər. Həmçinin onlara göstərilən dəstəkdən yararlana bilərlər.

T.Qasımova məlumat verdi ki, “ABAD”ın yaradılması vətəndaşlara alternativ dəstək mexanizmidir: “Yəni regionlarda yaşayan sənətkarlara və kiçik ailə təsərrüfatları ilə məşğul olan vətəndaşlara köməklik göstərilməsidir. Gördüyünüz kimi, burada, yəni 3 saylı “Asan xidmət” mərkəzinin ərazisində “ABAD”ın “etno butik”i - satış mərkəzi də fəaliyyət göstərir. Təbii ki, “ABAD”ın satış mərkəzi bununla bitmir. Ümumilikdə respublika üzrə 10 “etno butik”, Bakı şəhərində isə 5 satış mərkəzi fəaliyyət göstərir.”

Pilot layihə çərçivəsində “ABAD”ın ilk satış mərkəzi “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğunda “Hacı Bani” hamamının ərazisində fəaliyyətə başlayıb. Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportunda da “ABAD”ın “etno butik”i fəaliyyət göstərir. Xarici qonaqlar Azərbaycanda olduqları müddətdə vaxt tapıb yaxınlarına, dostlarına ölkəmizlə bağlı hədiyyə ala bilməyiblərsə hava limanında yerləşən “ABAD”ın satış mərkəzindən istənilən hədiyyəni ala bilərlər. Həmçinin Şamaxının Dəmirçi kəndində və Qəbələdə də “ABAD”ın “etno butik”i fəaliyyət göstərir.

“Bacardığımız qədər çalışırıq ki, “ABAD”ın satış mərkəzləri strateji coğrafi ərazilərdə və turistlərin daha çox üstünlük verdikləri ərazilərdə fəaliyyət göstərsin” deyən “ABAD” rəsmisi diqqətə çatdırdı ki, bu gün “ABAD”çılarımızın əl işlərinin əksəriyyəti, yəni dekorativ tətbiqi xalq sənətkarlığı məhsullarının 90 faizindən çoxu xarici turistlər tərəfindən alınır. Milli mənəvi dəyərləri, Azərbaycanın keçmişini özündə əks etdirən suvenirlərin alıcıları arasında xarici qonaqlar daha çox üstünlük təşkil edir.

Qeyd edək ki, qida məhsulları üzrə də istehlakçıların sayı kifayət qədərdir. Çünki qida məhsulları tam təbii, ekoloji təmiz və keyfiyyətlidir. Ev şəraitində əl əməyi ilə ərsəyə gələn məhsullar tam zəmanətlidir və müasir standartlara uyğundur.

Müsahibimizin “ABAD”çılar arasında qadınlar, yoxsa kişilər üstünlik təşkil edir” sualımıza cavabı belə oldu: ““ABAD”çılarımızın sayı 332-dir. Onlardan 279-u dekorativ tətbiqi-xalq sənətkarlığı, digərləri isə qida məhsullarının istehsalı ilə məşğul olurlar. Dekorativ tətbiqi-xalq sənətkarlığı ilə məşğul olan “ABAD”çılarımızın əksəriyyəti qadınlardır. Yəni ümumilikdə, “ABAD”çıların 90 faizini qadınlar təşkil edir. Sevindirici hal odur ki, daxili bazara çıxa bilməyən və ailə şəraiti buna imkan verməyən qadınlarımız əl işlərini bizə təqdim etməklə, yəni “ABAD”çı olmaqla həm gəlir əldə edirlər, həm də özlərini inkişaf etdirmək, motivasiya olunmaq sahəsində digərlərinə nümumədirlər.”

Oxucularımıza məlumat verək ki, “ABAD”çı olmaq heç də çətin deyil. www.abad.gov.az saytına daxil olmaqla “ABAD”çı ol” düyməsini sıxaraq müvafiq məlumatı doldurduqdan sonra aidiyyəti komanda bu məlumatı yoxlayır. Əgər müraciət olunan şəxsin potensial bacarığı varsa, istehsal etdiyi məhsul rəqabətqabiliyyətli və keyfiyyətlidirsə növbəti müsahibə mərhələsinə dəvət olunur. Sonra məhsulla tanışlıq mərhələsi başlayır. Müsahibə mərhələsini uğurla başa vuran şəxs “ABAD”çı adını qazanır. İnternet istifadəçisi olmayan şəxslər üçün də imkanlar yaradılıb. Məhz bu səbəbdən regional “ABAD” mərkəzləri fəaliyyət göstərirlər. Onların vasitəsilə əhaliyə məlumat verilir.

Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan “ABAD”a bir milyon manat vəsait də ayrılmışdı. 2 ildən artıq müddətdə fəaliyyət göstərən “ABAD”çıların istehsal etdikləri məhsulların satış dövriyyəsi 1 milyon manatdan artıqdır.

Qeyd etmək yerinə düşər ki, 2018-ci il “ABAD” üçün uğurlu il oldu. Bir neçə “ABAD” mərkəzinin və satış mərkəzlərinin açılışı ilə yanaşı, ötən il həm Qubada “ABAD Faktory” istehsalat kompleksinin, həm də Şəki keramika və tətbiqi sənət mərkəzinin açılışı ilə yadda qaldı. Bu ilin yazında isə Şəki keramika və tətbiqi sənət mərkəzində beynəlxalq keramika simpoziumunun təşkili nəzərdə tutulur. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın mədəniyyəti, xalqımızın adət-ənənələri, keramika sənətinin neçə inkişaf etdirilməsi və “ABAD”ın fəaliyyəti ilə tanış olmaqdır. Növbəti prioritet isə Bakının Nardaran qəsəbəsində keramika və tətbiqi sənət mərkəzinin açılışı nəzərdə tutulur.

Orxan Vahidoğlu, Şəfiqə Dadaşova,
Vüsal Cahanov (foto), 
“İki sahil”