24 yanvar 2019 11:13
1044

Azərbaycan Davos İqtisadi Forumu üçün vacib tərəfdaşlardan biridir İKİSAHİL TV

İkisahil.TV-nin “Siyasi baxış” verilişinin budəfəki qonağı iqtisadçı alim Vüqar Bayramovdur

- Vüqar müəllim, Davos İqtisadi Forumunun əhəmiyyəti nədən ibarətdir?

-  Davos İqtisadi Forumunun illik toplantısı hər il İsveçrənin Davos şəhərində keçirilir. Davos İqtisadi Forumu dünyada yeganə Forumdur ki, aparıcı ölkələrin həm dövlət, həm hökumət başçılarını, eləcə də aparıcı şirkətlərin rəhbərlərini, beyin mərkəzlərini, media qruplarını bir araya yığmaq imkanı olur. Davos İqtisadi Forumu bu aspektdən alternativi olmayan bir Forumdur. Eyni zamanda, Davos İqtisadi Forumu mütəmadi olaraq regional toplantılar da keçirir. Bildiyiniz kimi, 2013-cü ildə həmin toplantılardan biri Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutmuşdu. Nəticə etibarilə Davos İqtisadi Forumu hər il,  təqvim ilinin birinci ayında keçirilir. Qlobal iqtisadi-siyasi trendlərin müəyyənləşdirilməsinə təsir göstərməyə çalışır. Tövsiyə xarakterli qərarlar qəbul edir. Eyni zamanda, keçən ilin də iqtisadi və siyasi yekunlarının müzakirəsini aparır. Bu baxımdan Davos İqtisadi Forumu əvvəlki ilin nəticələrinin qiymətləndirilməsi baxımından çox vacibdir. Digər tərəfdən də Davos İqtisadi Forumu artıq yeni başlanan ildə trendlərin müəyyənləşdirilməsində müzakirə edilməsi baxımından əhəmiyyətli hesab olunur.

- Davos İqtisadi Forumunun digər özəlliyi ondan ibarətdir ki, burada fərqli fikirlər bir araya gələ bilir...

- Əlbəttə, rəsmilər, dövlət və hökumət başçıları, beyin mərkəzləri, media, vətəndaş cəmiyyətləri, çox fərqli fikirlərin nümayəndələri və rəhbərləri biraradadır. Bu da təbii ki, müzakirələrin səmərəliliyi, gündəmə çıxarılan və təqdim olunan məsələlərin müzakirəsi baxımından da çox vacibdir.

- Demək istəyirsiniz ki, zəngin aspektli bir tədbirdir?

- Bəli, həm mövzu, həm iştirakçılıq, həm də steykholderlərin fərqliliyi baxımından çox zəngindir.

- Vüqar müəllim, qeyd etdiniz ki, qlobal iqtisadi trendlərin müəyyənləşdirilməsindən də söhbət gedəcək.  Hansı qlobal iqtisadi trendlər müzakirə olunacaq?

- Davos İqtisadi Forumu bildiyiniz kimi, hər il illik toplantısında bir mövzu müəyyənləşdirir. 2019-cu ilin Davos İqtisadi Forumu qloballaşma və 4-cü sənaye inqilabı adlı bir mövzu seçib. Davos İqtisadi Forumu burada əsas iki istiqamətə fokuslanıb. Bunlardan birincisi ondan ibarətdir ki, Davos İqtisadi Forumu qloballaşmanı və qloballaşmanın mənəvi tərəflərini müzakirə edir. Bildiyiniz kimi, adətən qloballaşmanın iqtisadi, sosial və siyasi tərəfləri  müzakirə olunur.

Davos İqtisadi Forumu işə başlamamışdan öncə Forumun prezidentinin  mətbuat konfransı oldu. Həmin konfransda qeyd etdi ki, biz qloballaşmanın həm də mənəvi tərəflərinə diqqət ayırmaq niyyətindəyik. Davos İqtisadi Forumunun bu məsələyə əslində yanaşması ondan ibarətdir  ki, qloballaşma deyəndə iki istiqamətə diqqət ayrılmasına ehtiyac var. Onlardan biri qloballaşmadır. Digəri isə qlobalizm. Əslində qloballaşma ilə qlobalizmi Davos İqtisadi Forumu biri-birindən ayırıb. Qloballaşma texnoloji yeniliklərin, bütövlükdə qlobal iqtisadi sistemin qloballaşması anlamına gəlir. Amma qlobalizm yerli maraqların üzərində qlobal sistemin qurulmasıdır. Qloballaşma nəticə etibarilə yalnız böyük ölkələrin deyil, həm də inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrin də maraqlarına xidmət etməlidir. Bu kontekstdən, təbii ki, Davos İqtisadi Forumunun qloballaşmaya fərqli yanaşması var . Digər istiqamət, 4-cü sənaye inqilabıdır. Bu da çox fərqli bir yanaşmadır. Bunun da özəlliyi ondan ibarətdir ki, əvvəlki dövrlərdə sənaye inqilabı baş verəndə o daha çox ənənəvi sənaye sahələrində texnoloji inqilab idi.  İnqilab anlamına ona görə gəlinir ki, sənayedə texnoloji yeniliklər baş verir. Artıq sənaye inqilabına baxış dəyişib. İndi 4-cü sənaye inqilabı texnoloji sahələrdə ənənəvi emaledici sənaye  sektorlarında deyil, virtual maliyyə xidmətində, virtual ödənişlərdə, virtual valyutanın dövriyyəyə buraxılmasında özünü göstərir.

- Artıq vaxtilə ötəri yanaşdığımız kriptovalyutalar zəruri olub...

- Bildiyiniz kimi, kriptovalyutaların dövriyyəyə buraxılması artıq 4-cü sənaye inqilabının əsası kimi qiymətləndirilir. Xüsusən də, ən çox müzakirə edilən bitkoinin dövriyyədə olması bir növ blokçeyn üzərindən virtual valyutaların dövriyyəyə buraxılmasına imkan verir. Blokçeyn üzərindən valyuta dövriyyəsi, əslində sənaye inqilabıdır.  Davos İqtisadi Forumu da bu məsələyə xüsusi diqqət ayırır. Blokçeyn texnologiyası imkan verir ki, bank hesabı olmadan fərqli ölkələrdə olan insanlar bir-birinə ödənişlər həyata keçirsinlər. Sadəcə kriptovalyuta üzərindən.

- Davos İqtisadi Forumunda həm də qlobal təhdidlər müəyyənləşdirilib. Bilmək istərdik həmin qlobal təhdidlərin fonunda 2019-cu il necə səciyyələndirilir?

- Davos İqtisadi Forumu hər il Forum keçirilməmişdən öncə qlobal təhdidləri müəyyən edir. Bu il üçün 3 əsas və digər  3 yardımçı qlobal təhdidlər müəyyənləşdirib. Zamanımız məhdud olduğu üçün əsas təhdidlərə diqqət ayırıram. Qlobal təhdidlərdən biri qlobal güclər arasında baş verən ticarət müharibələridir. Söhbət ABŞ və Çin arasındakı ticarət müharibəsindən gedir. Nəticə etibarilə bu, qlobal təhdiddir. Ona görə  qlobal təhdiddir ki, ticarət müharibəsi birbaşa qlobal iqtisadi artıma təsir göstərir. Xatırlayırsınızsa, Beynəlxalq Valyuta Fondu da daxil olmaqla beynəlxalq maliyyə qurumları 2019-cu il üçün qlobal iqtisadi artım tempini azaldıblar. Burada əsas səbəblərdən biri Çində iqtisadi artım tempinin faiz etibarilə azalması ilə bağlıdır. Çin dünyanın ikinci ən böyük qlobal gücüdür. Çində iqtisadi artım faizinin azalması qlobal iqtisadi artım faizinə təsir göstərir. Son illərdə ilk dəfə olaraq Hindistan  qlobal illik iqtisadi artım faizinə görə Çini üstələdi. Burada əsas səbəb də məhz ticarət müharibələri ilə bağlıdır.

- Əgər qlobal güclər beynəlxalq institutların qarşısında götürdükləri öhdəliklərə əməl etmirlərsə, o zaman kiçik və inkişaf etməkdə olan ölkələrdən nəticə gözləmək doğrudurmu?

-Nəticədə ticarət savaşları təkcə müharibənin subyekti olan ölkələrə deyil, beynəlxalq iqtisadiyyata da təsir göstərir. Çox mühüm qlobal təhdidlərdən biri beynəlxalq qurumların, o cümlədən Dünya Ticarət Təşkilatının müəyyənləşdirdiyi meyarlara və öhdəliklərə  xüsusən də inkişaf etmiş ölkələr tərəfindən əməl edilməməsidir.

- Davos İqtisadi Forumu Azərbaycana nələr qazandıracaq?

- Öncədən qeyd etdiyim kimi, Davos İqtisadi Forumu  tribuna, miqyas, zənginlik baxımından alternativsiz platformadır. Bu kontekstdən Davos İqtisadi Forumunun Azərbaycan üçün üstünlükləri var. Əvvəla, Davos İqtisadi Forumunda Azərbaycan Prezidentinin iştirak etməsi o anlama gəlir ki, Azərbaycan Davos İqtisadi Forumuna önəm verir. Mütəmadi olaraq 2007-ci ildən Azərbaycan Prezidenti hər il Davos İqtisadi Forumunda iştirak edir. Bu da təbii ki, ölkəmizin Davos İqtisadi Forumuna verdiyi önəmin bir göstəricisidir. Prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdi ki,  2019-cu ildə Azərbaycanın əsas məqsədlərindən biri ölkəmizə daha çox xarici investisiyanı cəlb etməklə qeyri-neft sektorunu daha da inkişaf etdirməkdir. Davos İqtisadi Forumu da Azərbaycana öz potensialını təqdim etmək imkanı yaradır. Potensialın təqdim edilməsi dedikdə qeyri-neft sektoruna sərmayələrin cəlbini nəzərdə tuturam. Cənab Prezident artıq Davos İqtisadi Forumunda yalnız rəsmilərlə deyil, eyni zamanda, aparıcı şirkətlərin rəhbərləri ilə də görüşür, onları Azərbaycana dəvət edir.  Bu yeni texnologiyanın ölkəyə cəlb edilməsi baxımından çox vacibdir.

Davos İqtisadi Forumu Azərbaycan üçün vacib tribunadır. Azərbaycan bu tribunadan istifadə etməklə daha çox xarici sərmayəni cəlb etmək niyyətindədir.

- Vüqar müəllim, bəs Davos İqtisadi Forumu üçün Azərbaycanın əhəmiyyəti nədir?

- Azərbaycan Davos İqtisadi Forumu üçün vacib tərəfdaşlardan biridir. Sadəcə, bir fakta diqqət yetirmək lazımdır ki, bu gün Cənubi Qafqazda yaranan ümumi daxili məhsulun təxminən 65 faizi Azərbaycanın payına düşür. Söhbət ondan gedir ki, Cənubi Qafqazda yaradılan ümumi daxili məhsulun həcmi təxminən 77 milyard dollardır. Onun da 45,15 milyard dolları Azərbaycanın payına düşür. Eyni zamanda, yalnız regiondakı mövqeyimiz deyil, həm də biz Avropa Birliyinin regionumuzla əməkdaşlığına diqqət yetirsək Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsi 15 milyard dollardır. Həmin ticarət dövriyyəsinin 11,2 milyard dolları Azərbaycanın payına düşür. Bütövlükdə ümumi ticarət dövriyyəsinin 2,6 milyard dolları Gürcüstanın, 1,1 milyard dolları isə Ermənistanın payına düşür. Yəni bu o deməkdir ki, Avropa Birliyinin Cənubi Qafqazla olan ticarət dövriyyəsinin 75 faizini Azərbaycan formalaşdırır. Təbii ki, bunlar da Davos İqtisadi Forumu və bu tip iqtisadi forumlar üçün Azərbaycanın əhəmiyyətini göstərən faktorlardır. Söz yox ki, Azərbaycan investisiya cəlb etməkdə maraqlıdır. Amma şirkətlər də bazarlar axtarırlar. Bu baxımdan Davos İqtisadi Forumu bizim üçün nə qədər əhəmiyyətlidirsə, ölkəmizlə əməkdaşlıq da Davos İqtisadi Forumu üçün o qədər mühümdür.

Şəmsiyyə Əliqızı, “İki sahil”