KÖŞƏ

Sevinc Azadi

Anti-Azərbaycan kampaniyasının iflası

23 yanvar 2019 11:25
2269

Azərbaycanda insan hüquqlarına hörmət və onların müdafiəsi ən ali vəzifədir

Bu gün sürətli inkişafı ilə Cənubi Qafqazın lideri səviyyəsinə yüksəlmiş Azərbaycana qarşı çirkin kampaniyalar fərqli məzmun və intensivliklə davam etməkdədir. Həmin əlamətlər Avropa Parlamentinin (AP) fəaliyyətində, xüsusilə qurumun Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamədə bir daha özünü göstərmiş oldu. Qətnamənin müzakirələrində ilk çıxış edən AP üzvü, eyni zamanda, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, Avropa Parlamentində keçirilən təcili dinləmələr ilə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan Xarici İşlər Nazirliyinə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə hər hansı müraciət daxil olmadığı bildirilir. Bu baxımdan, sifarişlə hazırlanmış bu “qətnamə” Mehman Hüseynov amilindən istifadə edərək və qəsdən məsələni şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir.

Görünür, Avropa İttifaqı əməlli-başlı kimlərinsə əlində təzyiq aləti halına gəlib. Bu qüvvələr siyasətləri maraqlarına uyğun gəlməyən ölkələrin ünvanına elə hədyanlar yağdırırlar ki, təşkilatın Avropanı deyil, Afrikanın cəngəlliklərindəki tayfaları təmsil etdiyi təsəvvürü yaranır. Bundan başqa, Azərbaycanda və onun sərhədlərindən kənarda yaşayan elə vətəndaşlar tapılır ki, qərəzli dairələrin əlində siyasi təbliğat oyuncağına çevrilib öz dövləti, milləti, xalqı və cəmiyyəti əleyhinə işləyirlər. Avropada yaşayan bəzi Azərbaycan vətəndaşları öz dövlətlərinin əleyhinə elə sözlər işlədirlər ki, sağlam düşüncə onları heç qəbul etməz. Onlar ayrı-ayrı xarici siyasi və iqtisadi antiazərbaycan mərkəzlərindən aldıqları ianələr və qrantların əvəzi olaraq xəyanət missiyasını boyunlarına götürüblər. Bu cür xainlər daha uzağa gedərək mənsub olduqları millətin mədəniyyətini, dinini və dövlətin kimliyini şübhə altına almaqdan belə çəkinmirlər. İnsan haqları adı altında bütövlükdə xalqa böhtan atırlar. Özü də bunları erməni diasporu nümayəndələrinin qarşısında ərz edirlər.

Kimlərinsə, yaxud hansısa dairələrin siyasi müxalifət olmaq istəyini başa düşmək olar. Lakin siyasi bacarıqsızlığı, ümumiyyətlə, millətin və dövlətin qüsuru kimi təqdim etmək başadüşülən deyil. Azərbaycanda qalıb sivil siyasi mübarizə aparmaq əvəzinə, gedib hardasa 3-5 qəpiyə hər şeyi satmağın adı nədir, çətindir demək. Bunlara “beşinci kolon” da deyirlər. Nə adlansa da, mahiyyət aydındır: öz milli kimliyinə qarşı çıxan manqurtluq!

O ki qaldı Mehman Hüseynovun məsələsinə, qeyd etmək lazımdır ki, onun barəsindəki cinayət işinin icraatına artıq xitam verilib. Belə ki, bir müddət öncə bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib. Ölkə başçısı İlham Əliyev hər zaman olduğu kimi, ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Baş prokuroruna tövsiyə edib. Xatırladaq ki, Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılmışdı.

Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, Azərbaycan Baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib. İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib. Göründüyü kimi, ölkə başçısı hər zaman bu cür müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutur, bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb edir. Həmin siyasətin təzahürü kimi onlarla amnistiya aktlarını, əfv haqqında sərəncamları göstərmək olar. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı cənab Prezidentin son təşəbbüsləri minlərlə məhkumun azadlığa çıxmasına zəmin yaradıb. Bütün bunlar ölkədə insan hüquqlarının etibarlı təminatının xüsusilə diqqət mərkəzində saxlandığını göstərir. Heç şübhəsiz, bu cür ali və yüksək dəyərlərin həyata keçirilməsini hədəfləyən və bu yolda ortaya konkret nəticələr qoyan bir ölkədə insan hüquqları dövlət siyasətinin, toplum əxlaqının prioritet və qırılmaz hissəsi kimi mövqelərini bundan sonra da qoruyub saxlayacaqdır. Ancaq bu gün düşmənlə bir sırada durub, ölkəsinə, millətinə qarşı qarayaxma kampaniyası aparanların hansı əxlaqa sahib olduqları bir daha aydın oldu. Onların gələcək nəsillərin üzünə necə baxacaqları qaranlıqdır. Bu barədə də düşünmək gərəkdir. Siyasi mübarizə Vətəni, milləti və dövləti aşağılamaqla bir araya sığmır. Bu yolla gedən heç bir kəs hələ şərəf qazana bilməyib. Onların hamısının aqibəti eynidir: oyuncağa çevrilmək!