Sevinc Azadi |
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə tənqid olunub. Erməni KİV-nin yaydığı məlumata görə, bu dəfə Respublika partiyasının mətbuat katibi, keçmiş vitse-spiker Eduard Şarmazanov öz “Facebook” profilində baş naziri kəskin tənqid edib. O qeyd edib ki, 2019-cu ilə artan narahatlıq ilə daxil olduq: “Bunlar birinci dərəcəli məhsulların bahalaşması, 2018-ci ilin dövlət büdcəsinin icra olunmaması, real müxalifətin olmadığı yeni parlament, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı mövqeyinin zəifləməsi və Baş katib postunu itirməsi, Paşinyanın möhtəşəm erməni-rus münasibətlərindən danışdığı halda, rus qazının bahalaşmasıdır. Amma bir yaxşı xəbərimiz də var. Paşinyan bunu məğlubiyyət hesab etmir”.
Göründüyü kimi, Paşinyan erməni cəmiyyətinin ümidlərini doğrulda bilmir. Bu gün Ermənistandakı vəziyyət Sarkisyanın hakimiyyəti dövründəki vəziyyətdən heç nə ilə fərqlənmir. Əksinə vəziyyət daha da ağırlaşmaqdadır. Məsələn, Paşinyanın davranışlarına əsasən demək olar ki, onun əsas məqsədi hakimiyyətdəki mövqelərini möhkəmləndirməkdən ibarətdir, Qarabağ, əslində onu o qədər də maraqlandırmır. Onun xarici siyasətinin hələ də qeyri-müəyyən olması işğalçı ölkəni beynəlxalq aləmdən uzaqlaşdırır. “Meydan lideri”nin qeyri-ciddiliyi, bir-birini təkzib edən bəyanatları onun haqqında artıq dəqiq rəy formalaşdırıb: bu adam diplomatiyadan tam uzaq, məhdud siyasi baxışları olan, dövlət idarəçiliyində “meydan adamı”dır. Paşinyanın baş nazir olandan sonra xarici ölkələrə səfərləri, bu zaman etdiyi çıxışlar, verdiyi bəyanatlar onun daxili aləmini bir daha ortaya qoydu.
Paşinyan isə həm Ermənistanda, həm də beynəlxalq təşkilatlarda özünü rüsvay etməklə, ölkəsinin iç üzünü açmaqla məşğuldur. Təbii ki, özündən ixtiyarsız. Bu fakt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana Sammitində də özünü büruzə verdi. Ermənistan rəhbərliyi Yerevan küçələri ilə dövlət başçıları səviyyəsində keçirilən zirvə toplantılarını qarışıq saldığını nümayiş etdirməklə siyasətdə piyada olduğunu yenidən göstərdi. Təbii ki, buna qədər də “diplomatik savadını” və dövlət idarəçiliyindəki qeyri-peşəkarlığını bir neçə dəfə nümayiş etdirmişdi. Əslində, Ermənistan nümayəndəsinin KTMT-dən vaxtından əvvəl uzaqlaşdırılması Paşinyan hökumətinə ciddi xəbərdarlıq mesajı idi. Eyni zamanda, həmin qərar bu təşkilatın Ermənistana cəza tətbiq etmək istiqamətində başlanğıc addımı kimi dəyərləndirilməlidir. Hadisələrin gedişi göstərir ki, artıq beynəlxalq təşkilatlar işğalçı ölkənin nazı ilə oynamaqdan təngə gəlib. Görünür baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın “ərköyünlüyü” bu ölkə ilə bağlı hələ çox siyasi qərarlar qəbul edilməsinə rəvac verəcək və gələcəkdə daha ciddi addımların atılacağına gətirib çıxaracaq.
Hazırda isə Ermənistanda ciddi hakimiyyət böhranı hökm sürür. Artıq parlament, demək olar ki, fəaliyyət göstərmir. Qarşıdurmalar, toqquşmalar durmadan artır. Ölkə Prezidenti isə baş verən hadisələri kənardan seyr etməklə məşğuldur. Bu günlərdə Ermənistanda müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın yenidən həbsini tələb edən etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Erməni KİV-nin yaydığı məlumata görə, hazırda aksiyanı davam etdirənlər Qriqoryanın girov qarşılığında zaminə buraxılmasına etiraz olaraq hava limanına gedən yolu bağlayıblar. Qeyd edək ki, qanunsuz silah və hərbi sursat saxlamaqda, həmçinin külli miqdarda dövlət vəsaiti mənimsəməkdə ittiham edilərək həbs olunan Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryan 25 milyon dram (təqribən 52 min ABŞ dolları) müqabilində 21 dekabrda zaminə buraxılıb. Həmin gündən etibarən generalın yenidən həbsini tələb edənlərin etirazı səngimir. Ermənistan Baş Prokurorluğu da onun sərbəst buraxılması ilə bağlı qərardan Apellyasiya Məhkəməsinə şikayət verib.