Sevinc Azadi |
Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermə ərəfəsində siyasi partiyalar əllərində olan bütün imkanlardan yararlanaraq sərfəli nəticə əldə etməyə çalışırlar. Bunun üçün isə bir-birilərinə qarşı ən sərt ittihamlar səsləndirməkdən belə çəkinmirlər. Burada əsas diqqət çəkən məqam isə hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın komandası ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejim arasındakı qarşıdurmadır. Erməni mediasının yaydığı məlumata görə, seçki təbliğatının gedişində Dağlıq Qarabağla bağlı gözlənilməz situasiya meydana gəlib. Belə ki, Ermənistanla Dağlıq Qarabağdakı separatçı rejim arasında söz atışması başlayıb. Baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan seçki kampaniyası çərçivəsində keçirdiyi görüşdə Dağlıq Qarabağdakı saxta rejimin rəhbərliyini kəskin tənqid edib. “Qarabağ klanı”nı açıq şəkildə hədələyən Paşinyanın sözlərindən belə aydın olub ki, onu qəzəbləndirən Dağlıq Qarabağdakı separatçı rejim təmsilçilərinin vaxtaşırı Ermənistandakı proseslərə münasibət bildirmələridir. Xüsusilə də Dağlıq Qarabağdakı rejimin başçısının “mətbuat katibi” David Babayanın N.Paşinyan haqqında dedikləri erməni baş naziri hövsələdən çıxarıb. Babayan deyib ki, Paşinyanın öz oğlunu Dağlıq Qarabağa xidmətə yolladığını deməsi spekulyasiyadır. Belə bir mövqe isə N.Paşinyanı qəzəbləndirib. O, çıxışında özünü “yuyulmamış qaşıq” kimi aparan Babayana tərs şapalaq ilişdirib. Paşinyan açıq şəkildə Qarabağ separatçılarını Ermənistanın daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.
N.Paşinyan ilk dəfə olaraq Qarabağ separatçılarının başçısına açıq şəkildə kəskin çağırış edib və faktiki olaraq separatçıları hədələyib. “Cənab Bako Saakyan, sizi nazirlər kabinetinizin nümayəndələrini özlərini abırlı aparmağa dəvət etməyə və onları işə göndərməyə çağırıram. Nəyə görə Qarabağın “prezidentinin” mətbuat katibi mənim açıqlamalarımı şərh etməlidir? Mənim mətbuat katibim Qarabağdakı məlum olan və olmayan hadisələri şərh etsə nə olacaq? Bunun nəticələrini təsəvvür edirsiniz? Özünüzə gəlin və öz işinizlə məşğul olun”, - deyə Paşinyan xəbərdarlıq edib.
Bəzi erməni KİV-lərində yayılan məlumata görə, Ermənistanda seçki qərarı veriləndən sonra Dağlıq Qarabağdakı rejim də “parlament seçkisi tədarükü”nə başlayıb. Lakin Paşinyan gözlənilmədən növbədənkənar seçkilərin 2019-cu ilin yazında deyil, 9 dekabrda keçiriləcəyini bəyan edəndən sonra B.Saakyan da hərəkətə keçib. İddia edilir ki, Dağlıq Qarabağdakı rejim də “seçki” keçirməyə hazırlaşır və ola bilsin bu, yanvar-fevral aylarına təyin olunsun. Seçkilərin vacibliyini və hakimiyyətin möhkəmləndirilməsi zərurətini isə ola bilsin ki, Bako Saakyan 10 dekabrda özü elan edəcək. Ancaq bu “seçki”lərin müstəqil olacağı, yoxsa 1995-ci ildən bəri olduğu kimi, Ermənistanın nəzarətində olacağı sualına da cavab axtarılıb.
Görünən budur ki, Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları arasında uçurum dərinləşməkdədir. Bako Saakyan Paşinyana güc göstərir. Belə ki, Saakyanın yerinə hətta namizəd tapan Paşinyanın planlarını pozmaq üçün baş separatçı “oyun” qurub. Çünki işğal zonasında “at oynadan” Saakyan “əcəlinin çatdığını” yaxşı anlayır. Hər halda Ermənistanda maraqlı proseslərə start verilib. Bu proseslərin nə ilə nəticələnəcəyini isə çox yaxın zaman göstərəcək.