Sevinc Azadi |
Azərbaycan Ordusunun güclənməsi işğalçı tərəfin ürəyinə getdikcə daha böyük qorxu salır. Hətta erməni mediası yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan ordu ilə bağlı şoular düzəltməkdənsə ordu quruculuğu sahəsində Azərbaycan Prezidenti İlham Əliyevdən nümunə götürsə daha yaxşı olar. Belə ki, işğalçı ölkədə əsgərlər arasında ölüm faktlarının da sayı durmadan artmaqdadır. Təkcə sentyabrda hərbi hissələrdə 11 belə hadisə olub. Sonuncu insident zamanı “N” saylı hərbi hissədə baş leytenant Karen Ovanisyan intihar edib. Partlayış, qəza və döyülmə nəticəsində isə 17 hərbçi yaralanıb. Bununla yanaşı, korrupsiya ilə əlaqədar iki, fərariliklə əlaqədar üç, oğurluq halları ilə bağlı 13 fakt aşkarlanıb.
Bütün bu hallar cəmiyyətdə narazılıqları daha da artırır. Hərbi hissələrdə baş verən ölüm faktları düzgün araşdırılmır. Məsələn, hələ səkkiz il əvvəl qətlə yetirilən əsgər Artur Qazaryanın ölüm işi yenidən araşdırılacaq. Hərbçinin anası İrina Qazaryan bildirir ki, Nikol Paşinyan ilə görüşdə oğlunun ölüm faktının yenidən araşdırılacağına verilən vəd icra olunmaqdadır. Ancaq o, istintaq sisteminin eynilə qaldığına görə cinayət işinin tam araşdırılacağına və günahkarların aşkarlanacağına hər hansı ümid bəsləmədiyini qeyd edib. O, müstəntiqlərlə görüşərkən işin araşdırılması ilə məşğul olanların vaxtilə cinayət işinin gizlədilməsi üçün çalışan eyni şəxslərdən ibarət olduğunu deyib. Buna görə də işin ədalətli araşdırılması məqsədilə vəsatət verəcəyini bildirib.
İşğal altında olan Dağlıq Qarabağın Xocavənd şəhərində qanunsuz dislokasiya olunan hərbi hissələrdən birində intihar etdiyi deyilən erməni əsgəri Qevork Haroyanın dayısı Armen Beklaryan KİV-lərə müraciət edib. Onun sözlərinə görə, bacısı oglunun xidmət etdiyi hərbi hissəyə gedib və özbaşınalığın şahidi olub.
“Heç kim hadisə barədə heç nə bilmir. Zabitlər öz vəzifə borclarını icra etmir, çavuşların heç nədən xəbəri yoxdur. Hərbi hissədə istənilən şəxs aralarındakı münasibətləri silah yolu ilə həll edə bilər. Müdafiə Nazirliyi jurnalistləri toplayaraq, hərbi hissələrə aparır, guya hər şeyin yaxşı olduğunu nümayiş etdirir. Lakin əslində belə deyil, əsgərlər siçan, siçovullarla bir yerdə xidmət edir. Natəmizlik baş alıb gedir”, - deyə o, Ermənistan ordusunda olan eybəcərliklərə etiraz edib. O, Ermənistan istintaq komitəsinin Lukaş ləqəbli, adı keçən zabitin kim olduğunu çox yaxşı bildiyini, lakin bir tədbir görülmədiyini qeyd edib: “Özbaşınalıq olan hərbi hissənin komandiri hansı xidmətlərinə görə yuxarı vəzifəyə göndərilir. Baş nazir deyir ki, əsgərlərə geyim və qida aparmaq lazım deyil, lakin onun ordudan xəbəri yoxdur. Bizim ordu mono ordudur. Talış, ləzgi, avar yoxdur, hamısı ermənidir, lakin öldürənlər də ermənilərdir. Bütün problemləri bilirik, hərbi hissədə baş verənləri gözəl bilirik. Hamı deyir, həqiqəti demək istəyir. Ancaq heç kim deyə bilmir. Həqiqəti bilmək istədiklərini qeyd edir. İstənilən zabitə 100 dollar verdikdə, əsgərə yaxşı baxırlar”.
Ölən əsgərin dayısı, Ermənistan ordusunda ayrı-seçkiliyə son qoyulmasını tələb etməklə yanaşı, Paşinyana müraciət edərək xalqı aldatmamağı məsləhət görüb: “Paşinyan axı sən məhz Gümrüdən yürüşə başlamışdın. Bir Manvel Qriqoryanı tapıb həbs etdiniz, vəssalam. O da harada necə saxlanılır, bilmirik. Hər gün bir əsgər ölür, amma heç bir tədbir yoxdur. Xalq sizə dəstək oldu, siz indi xalqı aldadırsınız, bizim uşaqlar orduda siçovullarla yatır, zabitlər əsgərləri sıxışdırır. Ordunu düzəltmək lazımdır. Əsgərin gözünün altı göyərib, amma hərbi hissədə heç kim diqqət yetirməyib. Bu necə nəzarətdir?! Bu nə deməkdir?!”, - deyə Beklaryan bildirib.
“Jamanak” qəzeti bu məsələ ilə bağlı bildirir ki, Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi hələ də siyasi şou olaraq qəbul edilir. Ermənistan mətbuatında Paşinyanın oğlu Aşot Paşinyanın Dağlıq Qarabağda hərbi xidmət keçməsi barədə hər keçən gün maraqlı məlumatlar yayılır. Son xəbərlərdən isə belə aydın olur ki, baş nazirin oğlu heç də bəyan edildiyi kimi sadə ermənilərlə birlikdə Füzuli-Cəbrayıl istiqamətində döyüş postlarında xidmət etmir, vaxtını Xankəndidə keçirir. Nikol Paşinyanın oğlunun hərbi hissədən kənarda yaşaması üçün Xankəndidə villa tutduğu da bəllidir. “Lragir” portalı yazır ki, Nikol Paşinyan oğlunun Qarabağda təhlükəsiz və komfortlu şəraitdə xidmət keçməsini təmin etdikdən sonra Aşot Paşinyan burada vaxtını boş keçirmir: “Artıq məlumdur ki, o, hərbi xidmətdən başqa hər şeylə məşğuldur. Hətta qudurmuşluğun dərəcəsinə baxın ki, evinin mühafizəsi üçün hərbi bölük ayrılıb. Burada onun özünə münasib bildiyi yoldaşları ilə bərabər gecə əyləncələrindən tutmuş qumar oyunlarına kimi hər şey təşkil olunur. Hətta bu yaxınlarda məlumat yayıldı ki, Aşot Paşinyan üçün Yerevandan böyük miqdarda pul göndərilib. Əsgərlikdə bu miqdarda pulun onun nəyinə lazım olması barədə isə heç bir izahat verilmir. Görünən budur ki, hərbi xidmət baş nazirin oğlu üçün pis keçmir. Necə ki, atası bütün qanunsuzluqlara gedərək baş nazir postunda vaxtını boş keçirmir, kreslosunda yerini daha da möhkəmləndirməyə çalışır”.