Sevinc Azadi |
Erməni inqilabının lideri sərsəm açıqlamaları ilə öz sonunu yaxınlaşdırır
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan işğal altında olan Dağlıq Qarabağa yenidən səfər edərək buradakı separatçılarla görüşüb. Paşinyan görüş zamanı yenə sərsəm bəyanatlar səsləndirib: “Biz sülh danışıqlarına hazırıq. Amma biz müharibəyə də hazırıq. Bu çox vacibdir və bunu Ermənistanda və sərhədlərindən kənarda hər kəs dərk etməlidir”.
Paşinyan müharibəyə hazır olduqlarını deyir. Maraqlıdır, necə, hansı ordu ilə? Bu gün Ermənistanda bütün sahələrdə olduğu kimi, orduda da böhran hökm sürür. Ermənistan ordusundakı qanunsuzluqlar, özbaşınalıqlar hərbçilər arasında itkilərə səbəb olur. Bu itkilər əksər hallarda təmas xəttində deyil, qeyri-döyüş şəraitində baş verir. Nizamnamədən kənar münasibətlər səbəbindən düşmən ordusunda ölüm halları, intiharlar daim artmaqdadır.
Gözlənildiyi kimi, Paşinyan yenə də öz uğursuzluqlarını ört-basdır etmək üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini siyasi manipulyasiya predmetinə çevirərək daha çox daxili auditoriyaya hesablanmış açıqlamalar verir. Qeyd edək ki, Paşinyan bir müddət öncə Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmayacağını və qondarma “Dağlıq Qarabağ Respublikası”nın danışıqlarda tərəf kimi iştirak etməli olduğunu bildirmişdi. Moskvaya yola düşməzdən əvvəl isə Paşinyan “Ermənistanın və bütün erməni xalqının” Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu demişdi. Göründüyü kimi, Ermənistanda hazırlanan “məxməri inqilab” ssenarisində baş rol alaraq hakimiyyətə gələn Paşinyan sələflərindən geri qalmır. O da sələfləri kimi danışıqlar prosesindən yayınmaq üçün hər yola əl atır, bir-birinə zidd və sərsəm bəyanatlar səsləndirir. Bu da onu göstərir ki, Paşinyan, hələ də siyasətin nə olduğunu anlamır. Bu gün bir şey deyir, sabah tamam başqa şey. Onun bu məsuliyyətsiz davranışı vəziyyəti daha da gərginləşdirir, ermənilər silahlı təxribata da əl atır, lakin hər zaman olduğu kimi, qüdrətli ordumuz onların layiqli cavabını verir. Bir neçə gün öncə Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı təxribat zamanı ordumuzun erməniləri geri oturtması buna bir nümunədir.
Azərbaycan Dağlıq Qarabağ problemini, ərazi bütövlüyünü müharibə yolu ilə həll etməyə qadir olsa da, beynəlxalq təşkilatların çağırışlarına, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara hörmətlə yanaşır. Rəsmi Bakı son dərəcə səbr və təmkin nümayiş etdirərək sülh danışıqlarının nəticə verəcəyinə ümid bəsləyir. Ancaq Ermənistan tərəfi ən müxtəlif təxribatlarla sülh danışıqlarını pozmağa, status-kvonun dəyişməz olaraq qalmasına cəhd edir. Paşinyanın nəinki Qarabağ məsələsində hansısa konstruktivlik nümayiş etdirmək niyyəti yoxdur, o ümumiyyətlə, danışıqlar aparmaqda maraqlı deyil. Müşahidələr onu deyir ki, rəsmi İrəvan növbəti parlament seçkilərinə qədər status-kvonu saxlamağa çalışır. Seçkilər isə gələn ilin yazında keçiriləcək. Paşinyan o vaxta qədər Qarabağla bağlı hansısa addım atmağı ağlının ucundan belə keçirmir.