19 aprel 2025 00:43
134

Günümüzün əsas çağırışı: Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir

Dövlət başçısı İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında bir daha vurğuladı ki, biz Türk Dövlətləri Təşkilatını daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik

Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır.

Dünya illərdir Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin fonunda türk dünyasının birliyinə şahidlik edir. Bu həmrəylik regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. İki qardaş ölkənin münasibətləri 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmünaqişə dövründə bütün parametrləri ilə dünyanın diqqətində oldu. Tarixə qısa baxış əsasında dövlət başçısı İlham Əliyev bu reallığı qeyd edir ki, bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik.

Xatırlasaq, 2018-ci ildə Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxdılar. Bunun təkrarı 2020-ci 10 dekabr tarixində Zəfər paradında yaşandı. Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu. Bütün dünya bir daha gördü ki, Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Mustafa Kamal Atatürkün fikirlərinə istinad etsək sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid olur ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi, sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirərək, böyük uğurlar qazanacaq, tarix yazacaqlar. 2021-ci il 15 İyun - Milli Qurtuluş Günündə Şuşada Azərbaycan-Türkiyə müttəfiqliyini təsdiqləyən sənədin imzalanması mərasimi keçirildi. Dünyaya Şuşa Bəyannaməsi kimi səs salan bu sənəd iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafını özündə ehtiva edir. Hər zaman Azərbaycanın, Prezident İlham Əliyevin yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ildə Qarabağın, 2022-ci ildə isə Şərqi Zəngəzurun dünyaya açılan hava qapılarının açılmasında iştirak etdi. Füzuli və Zəgilan Beynəlxalq Hava limanları istifadəyə verildi.

Bu mühüm məqam hər zaman xüsusi qeyd edilir ki, Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən, həmçinin ilk xarici uçuşu həyata keçirən dövlət başçısıdır. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-qurculuq işləri başlanan zaman dost ölkələrin bu işlərə cəlb ediləcəyini bildirmişdi. Qardaş Türkiyə bərpa-quruculuq işlərinin uğurla həyata keçirilməsində ölkəmizə hər bir dəstəyi göstərməyə hazır olduğunu bildirdi və bunu atdığı addımları ilə təsdiqləyir. Dugər türk dövlətlərinin də bərpa-quruculuq işlərinə hədiyyələri məlumdur. Hazırfa dünya bərpa-quruculuq işlərinin fonunda türk dünyasının birliyinə şahidlik edir. Rəcəb Tayyib Ərdoğanın 10 dekabr 2020-ci ildə Bakıda keçirilən Zəfər paradında səsləndirdiyi «Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!» fikirləri də postmünaqişə dövründə iki müttəfiq, qardaş ölkənin görəcəyi işlərin anonsu kimi dəyərləndirildi. «Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində» söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti təzahürü olan “TEKNOFEST Azərbaycan» Aerokosmik və Texnologiya Festivalındakı çıxışında bu məqamı xüsusi qeyd etmişdir ki, bu, bizim birliyimizin növbəti nümayişidir, təzahürüdür: «Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.»

İki qardaş ölkənin birliyindən bəhs edərkən dünyanın ikili standartlara əsaslanan siyasətinə qarşı birgə mübarizəsini xüsusi qeyd etməliyik. Reallıq budur ki, Azərbaycan və Türkiyə hər zaman dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalıblar. Bu fakt dünya ictimaiyyətinə də çox yaxşı bəllidir ki, Azərbaycana qarşı əsassız torpaq iddiası irəli sürən ermənilər qardaş Türkiyəyə qarşı qondarma «erməni soyqırımı» məsələsini qabardır, yalanları, ən əsası himayədarlarının dəstəyi ilə həqiqətləri ört-basdır etməyə səy göstərirlər. Təəssüf doğuran hal budur ki, bəzi dünya gücləri tarixi faktları bir kənara qoyub, ədaləti maraqlarının arxasında əritməklə «erməni soyqırımı»nı nəinki tanıyıb, hətta bunu digər dövlətlərdən də tələb edirlər. Qondarma «erməni soyqırımı» məsələsindən Türkiyənin Avropa İttifaqına üzv qəbul olunmasında bir təzyiq vasitəsi kimi bəhrələnir, qardaş ölkənin quruma üzv qəbul olunması üçün bu əsassız iddianı qəbul edəcəyinə hələ də ümidlər edilir. Amma reallıq göz önündədir. Rəsmi Ankara belə bir addımın mümkünsüzlüyünü hər zaman bəyan edir və dəyişməz mövqeyi göz önündədir. Azərbaycan dövləti Avropa İttifaqının Türkiyə kimi güclü, qüdrətli dövlətə ehtiyacı olduğunu əsaslı şəkildə bəyan edir. İki qardaş ölkənin bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələri dünyanın diqqətindən kənarda qalmır. Azərbaycan və Türkiyənin bir-birlərinə qardaş dəstəyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.

Dövlət o zaman güclü, qüdrətli olur ki, onun sabahını, gələcəyini düşünən, xalqını daim irəli aparan lideri vardır. «TEXNOFEST Azərbaycan» festivalında dövlət başçısı İlham Əliyevin «Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır» fikirləri də deyilənlərin təsdiqidir.

Hər bir beynəlxalq səviyyəli tədbirdə, hər bir çıxışında Azərbaycanın tarixi Zəfərindən böyük sevinclə, qürurla bəhs edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu da əlavə edir ki, təxminən 30 il sürən işğal, qətliam və soyqırımı siyasəti qarşısında təəssüf ki, beynəlxalq ictimaiyyət qanunlara uyğun heç bir təsirli addım atmadı. Azərbaycanlı qardaşlarımız həm işğalın, həm də itkilərin acısı ilə yaşamaq məcburiyyətində qalmışdı. Bu ədalətsizliyə son qoymaq Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu. Qırx dörd gündə dastan yaradan mübarizə ilə şükürlər olsun ki, Qarabağ yenidən azadlığına qovuşdu, 30 illik işğal sona çatdı.

Prezident Rəcəb Tayyib Ərdoğan çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, Azərbaycanla birlikdə sıx məsləhətləşmə əsasında ciddi addımlar atıldı. Erməni radikal dairələrinin təxribatlarına baxmayaraq, sülh istiqamətində mühüm yol getdik. Ermənistanın prosesləri düzgün dəyərləndirərək Türkiyə və Azərbaycanın səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizdə qısa zamanda sabitliyin yaranacağına inanıram. Bu fikir Türkiyə rəsmiləri tərəfindən bəyan edilir ki, dost da, düşmən də bilsin ki, Can Azərbaycan heç zaman yalnız deyil!

Təbii ki, bütün dövrlər üçün aktuallığını qoruyan əsas çağırış budur ki, ermənilərin və erməni diasporunun apardığı qərəzli təbliğatlara qarşı fəal mübarizəmizi davam etdirək, birliyimizi, həmrəyliyimizi atdığımız addımlarla təsdiqləyək. O da məlumdur ki, iki müttəfiq ölkənin mətbuatının birgə fəaliyyətinin təşkili imzalanan Memorandumda, Ortaq Media Platformasının yaradılmasında öz təsdiqini tapdı. Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu bütün sahələrdə özünü nümayiş etdirir. Əvvəldə qeyd etdiyimiz kimi, bu birlik regionda sabitliyin, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilir. Hər iki ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələrinin coğrafiyasının genişlənməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması dövlətlər, xalqlar arasında birliyi, həmrəyliyi, dostluq körpüsünü daha da möhkəmləndirir. Hər zaman adları birgə çəkilən Azərbaycan və Türkiyə sözlərinin imzaları qədər əhəmiyyətli olduğunu, hər bir məsələdə ədalətə və beynəlxalq hüquqa önəm verdiklərini atdıqları addımları ilə dünyaya nümayiş etdirirlər. Ədalətin, beynəlxalq hüququn qorunduğu məkanda etimad mühiti də yüksək səviyyədə olacaq. Bunun üçün «Gücümüz birliyimizdədir» bəyan edən dövlət başçısı İlham Əliyevin bütün türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Türk Şurasına sədrliyi dövründə ölkəmizin bu birliyə verdiyi töhfələr təqdirəlayiqdir. Dövlət başçısı İlham Əliyev 2021-ci ildə «Türk Dünyasının Ali Ordeni»nə layiq görülmüşdür. Bu qərar Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasında qəbul olunmuşdur.

Qarşılıqlı səfərlər münasibətlərdə yeni səhifənin açılmasında mühüm rol oynayır. Bu günlərdə dövlət başçısı İlham Əliyev qardaş Türkiyədə işgüzar səfərdə oldu. Səfər çərçivəsində iki ölkənin prezidentlərinin təkbətək görüşü oldu. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Antalya şəhərində Antalya Diplomatiya Forumunun açılış mərasimində iştirak etdilər. Qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan Antalya Diplomatiya Forumunda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak etdi.

Səfərlərin dinamikası iki dost, qardaş ölkənin prezidentlərinin dostluq münasibətlərinin nə qədər möhkəm, qarşılıqlı etimada söykəndiyini nümayiş etdirir. Prezident Rəcəb Tayyib Ərdoğanın «TEXNOFEST Azərbaycan» festivalında çıxışı zamanı səsləndirdiyi bu fikirlər münasibətlərimizin aydın mənzərəsini yaradır: «Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?»

Əvvəldə də qeyd etdiyimiz kimi, iki dost, qardaş, müttəfiq dövlət arasında əlaqələrin möhkəmliyi ümumilikdə türk dünyasının birliyinə, həmrəyliyinə öz müsbət təsirini göstərir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Bu günlərdə ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda da dövlət başçısı İlham Əliyev diqqəti bu məsələyə yönəltdi. “Siz Türk Dövlətləri Təşkilatına çox böyük önəm verirsiniz və bu il Azərbaycan qarşıdan gələn Zirvə toplantısına ev sahibliyi edəcək. Növbəti ayda qeyri-formal Zirvə görüşü Budapeştdə keçiriləcək. Zati-aliləri, Türk Dövlətləri Təşkilatını necə dəyərləndirirsiniz” sualına cavab olaraq dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir. Biz ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq. Çünki həmkarlarıma dedim ki, ildə bir dəfə toplaşmaq kifayət deyil. Gəlin ildə iki sessiya keçirək. Beləliklə, həmin təşəbbüs dəstəkləndi və artıq ənənə mövcuddur. Ola bilsin, gələn ay görüş olsun. Tarixlər hələ müəyyən edilməyib: “Lakin, çox güman ki, gələn ay ikinci qeyri-rəsmi Zirvə görüşümüz olacaq və sonra isə Azərbaycanda rəsmi Zirvə toplantısı keçiriləcək. Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir. Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Mən üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur. Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var.”

Göründüyü kimi, yeni dünya nizamının formalaşdırıldığı hazırkı dövrdə də türk dünyasının birliyinin möhkəmləndirilməsi öz aktuallığını qoruyur. Azərbaycan daim irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə bu birliyə töhfələr verir. Türk Dövlətləri Təşkilatının ildə ən azı iki dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi aktual məsələlər ətrafında birgə müzakirələr aparmağa və ortaq mövqe nümayiş etdirməyə geniş imkanlar yaradacaq ki, bu da öz növbəsində təşkilatın beynəlxalq nüfuzuna öz müsbət təsirini göstərəcək.

Yeganə Əliyeva, “İki sahil”