19 aprel 2025 01:25
173

Qayıdış tarixi missiya, strateji hədəfdir - Qərbi Azərbaycan

Azərbaycan 2020-ci ildə qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfər ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdikdən sonra xalqımızda belə bir qəti inam yarandı ki, erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınan Qərbi Azərbaycandan olan soydaşlarımız ölkəmizin başçısının milli maraqlara söykənən, qətiyyətli, prinsipial siyasəti sayəsində tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar.

Prezident İlham Əliyev 2024 cü il sentyabrın 30-da Aşıq Ələsgərin Bakıda abidəsinin açılış mərasimindəki çıxışında XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışarkən bildirib: “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”.

1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində və tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaradılmasından sonra orada yaşayan soydaşlarımız zaman-zaman yurd-yuvalarından torpaqlarından deportasiya olunublar. Azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki türk-müsəlman abidələri, tarixi-memarlıq inciləri erməni vandalizminin qurbanına çevrilib.

1987-ci ildə Ulu Öndər Heydər Əliyevin Moskvada öz vəzifəsindən istefa verməsindən sonra ermənilər fəallaşaraq SSRİ dövlətinin himayəsi altında Qərbi Azərbaycandan azərbaycanlıların kütləvi deportasiyasını təşkil etdilər.1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edildikdən sonra tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Məhz bundan sonra Ermənistan qanunverici orqanının qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirilib, tarixi, maddi-mədəni irs tamamilə silinib və erməniləşdirilib. Ümumiyyətlə, İndiki Ermənistan ərazisində xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılıb, tamamilə yox edilib.

Bu gün erməni məkrinin, vandalizminin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun. 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşü zamanı tarixi çıxışında bildirib: “Artıq tarixi ədalət bərpa olunub, otuz il işğal altında olan torpaqlarımız azad edilib. Bu 30 ildə haqsız yerə çoxlu məhrumiyyətlərə məruz qalmış məcburi köçkünlər artıq öz doğma yurdlarına geri qayıtmaq imkanı qazanıblar. Lakin məsələ bununla bitmir, bizim 300 min nəfərə yaxın Qərbi Azərbaycandan qovulmuş qaçqın soydaşlarımız hələ də öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar və onlar mütləq öz evlərinə geri qayıtmalıdırlar”.

Bu gün ölkəmiizn başçısının milli maraqlara və beynəlxalq hüquqa söykənən siyasi kursu nəticəsində Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna işlər görülür.  Qərbi Azərbaycan İcması istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda fəal lobbiçilik fəaliyyəti həyata keçirir, həqiqətləri olduğu kimi təqdim edir.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm”.

Azərbaycan xalqı əmindir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, uzaqgörən strategiyası, Zəfər diplomatiyası, uğurlu xarici və daxili siyasəti sayəsində soydaşlarımız tezliklə öz doğma torpaqlarına qayıda­caqlar. Öz tarixi torpaqlarına qayıtmaq Qərbi azərbaycanlıların tarixi-mənəvi və insani haqqıdır.

Zahid Rza, “İki sahil”