02 yanvar 2026 13:52
149

"Azəriqaz": Yüklənən məbləğlər bərpa olunacaq

Yanvarın 1-dən smart-kart tipli qaz sayğaclarında balansın artırılması ilə bağlı müəyyən çətinliklər yaşanır.

İki sahil” xəbər verir ki, problem yaşayan sakinlərin sözlərinə görə, hazırda bütün ödəniş terminallarında karta vəsait yüklədikdə məbləğ balansda əksini tapmır.

Həmçinin terminalda "smart-kartın bərpası" funksiyası aktivləşdirildikdə ödənişin balansa köçürüldüyü barədə bildiriş verilsə də, həmin məbləği sayğaca yükləmək mümkün olmur.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda karta yüklənən məbləğlərin sistemə ötürülməsində problem yaşanır.

Onun sözlərinə görə, bu il yanvarın 1-dən smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problem elə həmin gün saat 20:00-da aradan qaldırılsa da, şəbəkə kütləvi əməliyyatlar aparılması zamanı təkrar xətalarla üzləşib: "Hazırda sistemdə müvəqqəti problem yaşanır. Köçürülən məbləğləri sayğaca yükləmək mümkün deyil. Problem qısa müddətdə həllini tapacaq və sistem düzəldikdə yüklənən məbləğlərin hər biri bərpa olunacaq. Yüklənən məbləğlərin itirilməsindən söhbət gedə bilməz".